Sumqayıtda müxalifətçi naməlum şəxslər tərəfindən oğurlanıb

sumqayitda-muxalifetci-namelum-sexsler-terefinden-ogurlanib
Oxunma sayı: 673

2010-cu il parlament seçkilərində 42 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd olmuş, gənc fəal Seyid İbrahim Əhmədzadə bu gün saat 11 radələrində, Sumqayıtda 2 azyaşlı uşağı ilə birlikdə 2-ci sinifə gedən qızı üçün dərs ləvazimatları almaqdan qayıdarkən polis tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə “Qafqazinfo”ya Klassik Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, saxlanılarkən ərazidə nəzarətsiz qalmış azyaşlı uşaqlarının evə aparılmasını təmin etmək məqsədilə Seyid İbrahim həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb. Hadisə yerinə gələn həyat yoldaşı onun, artıq orada olmadığını və naməlum istiqamətdə aparıldığının şahidi olub.

KXCP analoji insidentin dəfələrlə təkrarlandığını nəzərə alaraq hakimiyyətə qarşı müxalif mövqeyinə görə dəfələrlə həbs olunmuş və repressiyalara məruz qalmış Seyid İbrahimin polis tərəfindən azyaşlı uşaqlarının gözü qarşısında saxlanmasına və həbsinə etirazını bildirir: “Azərbaycan hakimiyyətini alternativ fikirli insanlara qarşı repressiv addımlardan çəkinməyə, insan və vətəndaş hüquq və azadlıqlarına, yerli və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa, ictimaiyyəti isə hakimiyyətin bu özbaşınılığına biganə qalmamağa çağırırıq”.