Sumqayıtın murdarlanmış dənizindən - Reportaj

sumqayitin-murdarlanmis-denizinden-reportaj
Oxunma sayı: 679

Bakıdan sonra Xəzər dənizi sahillərində yerləşən ən böyük şəhər... Bir zamanlar ona “Gənclik şəhəri” deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də onun ilk sakinləri, gənclər idilər. Sonralar bu şəhər yeni adlar qazandı: - sənaye şəhəri, sülh şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri və s. İndi isə bu şəhərə şəhər demək belə adamı yandırır. Çünki bura şəhərdən çox köyə oxşayır, şəhər boyda köyə... “Qafqazinfo”nun Sumqayıtda yaşayan əməkdaşı bu şəhərdən reportaj hazırlayıb. Həmin reportajı sizə təqdim edirik.

Sumqayıt dənizində çimmək üçün adamda cürət olmalıdır

Desələr ki, get, Sumqayıtın gözəl, görməli yerlərindən yaz, inanıram ki, adam gedib ucqar, inkişafdan qalan bir rayondan yazmağa razı olar, amma Sumqayıtdan yox. Səbəb isə bəllidir: 1949-cu ildən şəhər statusu alan Sumqayıt hələ də görünüşcə inkişaf edə bilmir. Bir vaxtlar öz sülh simvolları sayılan “Göyərçin”lə qürur hissi duyan sumqayıtlılar indi bu hissdən də məhrum olublar. Çünki sülh simvolu da öz gözəlliyini itirib. Prezident tərəfindən şəhərə ayrılan pullar ya onun görünüşünü dəyişdirməyə çatmır, ya da ki, “şəhər başçıları” dəyişikliyə can atmırlar. Sumqayıtın yeni icra başçısı Eldar Əzizov görünüşə görə, hələ ki, şəhərin mərkəzində - İcra Hakimiyyətinin ətrafında və parklarda bərpa-tikinti işləri aparır.
Yayın bu qızmar günlərində heç olmasa dənizdə çimərək canlarına sərinlik gətirmək istəyən şəhər sakinləri bu imkandan da faydalana bilmirlər. Sumqayıt dənizində çimmək üçün adamda cürət olmalıdır. Çünki suyun ortasında qarşına hər şey çıxa bilər...

Mən də Sumqayıt dənizinə getdim. Məqsədim çimmək deyildi. Burada görmək istəmədiyim mənzərəni çəkəcəkdim. Həqiqətən də gördüklərimə çox təəssüfləndim. Xəzərin Sumqayıt hissəsinə “qara dəniz” desək daha yaxşı olar. Ancaq bu türkün bayrağına baxıb çırpınan Qara dəniz yox, rəngi, taleyi qara olan dənizdir. Mavilikdən əsər-əlamət qalmayan “qara” dəniz, onun ətrafında yaranmış böyük gölməçə, “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua” və s. kimi içki qablarının tullantıları, nə vaxtsa unudulub qalmış stul, ətrafını və içərisini su basmış soyunub-geyinmə yerləri, illərdir paslanıb qalmış turbalar buranı dəniz kənarından çox böyük bir zibilliyə bənzədir.


Böyüklər dənizdə, uşaqlar gölməçədə çimirlər


Dənizdə ilk diqqətimi cəlb edən səma ilə dənizin təzad yaratması idi. Səma mavi rəngdə olduğu halda dəniz sanki qaralmışdı. Bu da yəqin ki, dənizə buraxılan sənaye tullantıları ilə bağlıdır...

Bundan əlavə, dənizin ətrafında yaranan böyük gölməçəni görməmək mümkün deyil. Gölməçənin də içində nəyə desən rast gəlmək olar. Valideynləri ilə çimməyə gələn körpələr dənizdə çimməkdən qorxduqlarına görə buranı özləri üçün “kiçik dəniz” sayaraq çimirlər. Bu da Sumqayıt şəhərinin uşaqlar üçün yaratdığı “üstünlüklər”dən biridir. Həm böyüklər, həm də kiçiklər üçün dəniz avantajı...

Murdarlanmış su ilə maşın yuyurlar

Havalar bir neçə gündür ki, sərin keçdiyindən dənizdə qağayılardan savayı ancaq 5-6 adama rast gəlmək mümkün idi. Bu adamlardan biri dənizin murdarlanmış suyu ilə maşınını yuyur, digəri sevgilisi ilə mavi səma ilə qara dənizin təzadından yaranmış mənzərəni seyr edir, digərləri isə dəniz sahilində gəzirdilər.
Dənizi cüt və ya tək şəkildə seyr etmək və ya sahildə gəzmək normal olsa da maşını murdarlanmış su ilə yumaq adama qəribə gəlir.
Hər halda bu qənaətə gəldim ki, “romantika məkanı” sayılan dəniz Sumqayıtda öz mənasını çoxdan itirib. Dəniz kənarında nəfəs almaq sözün həqiqi mənasında asan, rahat və həzz verəndir. Lakin bura gəlib ancaq qara düşüncələrə dalmaq olar.
İcra Hakimiyyətindən bura gəlib baş çəksələr yaxşı olardı.

Mənim sözümü buradan o yana fotoşəkillər deyəcək. Daha doğrusu, göstərəcək.

Aynur Baxşalıyeva