Sünnətdən qaçan qadınlar

sunnetden-qacan-qadinlar-
Oxunma sayı: 811

Son dövrlər qadınlarımız haqqında müxtəlif sözlər gəzir. Bəziləri deyir ki, Birləşmiş Ərəb Əmirliyinin həbsxanalarında 6000-ə qədər azərbaycanlı məhkum qadın vardır. Hətta iddia edilir ki, BƏƏ-də azərbaycanlı qadınların xüsusi qəbiristanlığı belə mövcuddur. Digərləri isə Türkiyəyə “asan qazanc” üçün gedənlərin sayının minlərlə olduğunu söyləyirlər. Bu iddiaların həqiqətə nə qədər uyğun olub-olmadığını tam deyə bilməsəm də, bildirmək istərdim ki, acı da olsa, belə faktlar yox deyildir.

Lakin Azərbaycan mətbuatının “güzgüsü” hesab edilən köşə yazarları belə bir mühüm mövzunu nədənsə ya görmürlər və yaxud yazılarında mövzunu əsas hədəfdən sapdırırlar. Barmaqla sayılacaq qədər olan bu məqalələrdə ya ərəb “şeyx”ləri günahlandırılır, ya sosial şəraitin ağır olması əsas gətirilir, ya da ən asanı olan İslam dininə dil uzadılır. Ancaq heç kim bu əxlaqsızlığın kökündə imanın zəif və yaxud yoxluğundan söz açmır.

Hansısa məqamda mətbuatımızda köşə yazarlarığı edənləri başa düşmək olar. Bu insanların yazdıqları məqalələrə baxdıqda onların öz həyat tərzlərinin qələmə alınmış şəklini görürük. Qısacası, həyat tərzində olmayan bir şeyin məqalədə olması qeyri-mümkündür. Yəni, həyatda iman yoxdursa, qələmdə də iman olmayacaqdır.

Bu məqalədə imanın nə olduğu haqqında yazmaq niyyətində deyiləm. Sadəcə İslama sataşmağı mədəniyyət sayan mədənilərin nəzərinə dünyaya qeyri- şərtsiz hakim olan demokratik ölkələrdən qadın alveri ilə bağlı bir neçə nümunə gətirib fahişəliyin nə ərəb “şeyx”ləri, nə sosial şəraitin ağır olması, nə de İslam dini ilə bağlı olduğunu göstərəcəyəm.

Köşə yazarlarımızın ən çox iddia etdiyi səbəb sosial şəraitin ağır olmasıdır. Düzdür, Azərbaycanda sosial vəziyyət dözülməz həddədir. Ağız dolusu tələffüz etdiyimiz Azərbaycan müəllimi 160-200 manat maaşa baxır. Qatar bələdçisi isə ondan təxminən 25-30 manat az məvacib alır. Bununla yanaşı, inkişaf etmiş dövlətlərdə fahişəliyi törədən səbəblərə baxdıqda bu səbəblərin heç de sosial şəraitin ağır olduğundan doğmadığını görürük.

İsveç milli gəlir, sosial sığorta və iş yerlərinin sayına görə dünyada ön sıralardadır. İsveç həmçinin, Nobel mükafatı alan qaliblərin sayına görə Qrenlandiyadan sonra dünyada ikinci yeri tutur. Lakin Stokholm Sosioloji Araşdırma İnstitutunun 1972-ci ildə çap etdiyi sorğunun nəticələrinə görə İsveçdə fahişəlik edən qadınların böyük əksəriyyəti maddi baxımdan təmin olunmuş qadınlardır və onların fahişəliyə aludə olma səbəbi isə sadəcə onların "şirin" həyat arzusunda olmalarıdır. Deməli, iddia edildiyi kimi yoxsulluq əsas səbəb ola bilməz. Əgər yoxsulluq, səfalət fahişəliyə səbəb olsa idi, 70 %-dən çox kişinin şəhid olduğu və səfalətin hökm sürdüyü Çeçenistan indi fahişə yuvasına çevrilərdi. Lakin qəti surətdə söyləmək mümkündür ki, bu azadlıq sevər insanların torpaqlarında nə bir fahişəxana var, nə açıqdan-açığa fahişəlik edən qadın.

İslama sataşmağı mədəniyyət sayan mədənilərin fahişəliyin yayılmasında ərəb şeyxlərini hədəf göstərməsi də gülüncdür. Hər hansı bir şeyx qadını fahişəliyə sövq etməz. Bu mümkün de deyildir. Etsə-etsə, onu özünə həyat yoldaşı edəcəkdir. İslam dinində zina və zinaya vasitəçilik edən haqqında o qədər açıq-aydın yazılıb ki, nəinki dini savadı olan şeyx, ürəyində zərrə miqdarı imanı olan sıravi bir müsəlman belə bu iyrənc işdən uzaq durar.

Köşə yazarlarının 3-cü iddiasına qarşı yəni, islama dinin fahişəliyə səbəb olması iddiasının doğru olub-olmadığına baxmaq üçün Quran və sünnəni nəzərdən keçirmək yetərlidir ki, bu iddianın nə qədər cəfəng olduğunu görək. Burada Quran və sünnəyə müraciət etməyəcəm. Əksinə, yuxarıda söz verdiyim kimi, demokratik ölkələrdə olan qadın haqlarını qiymətləndirəcək və həmin ölkələrdə qadın alveri və qul xidməti mövzusu təhlil etməyə çalışacağam.

İlk öncə qeyd olunmalıdır ki, qadın alveri, sadəcə, fahişəlik etmək kimi başa düşülməməlidir. Qadın alveri termini, "qadının cinsi əlaqədə istismarı üçün zorla alınıb-satılması və qaçaq yollarla bir vilayətdən digər vilayətə, bir ölkədən başqa ölkəyə daşınması"nı nəzərdə tutur. Siddhart Kara (Siddharth Kara) 2009-cu ildə Nyu-Yorkda nəşr etdiyi "Qadın alveri, müasir quldarlığın içindən" (Sex Trafficking Inside the Business of Modern Slavery) kitabında (səh.17) yazır: "Mənim hesablamalarıma görə, dünyada hər il 1.5-1.8 milyon insan quldarlıq məqsədi ilə istismar olunmaq üçün bir ölkədən başqa ölkəyə, bir əyalətdən digər əyalətə daşınır. Bunlardan təxminən 500-600 min arasında olanı qadınlardır ki, cinsi əlaqədə istismar olunmaq üçün alınıb-satılır. Yerdə qalanları isə kənd təsərrüfatı, ev xidmətçiliyi, tikinti sahəsi, dilənçilik etmək üçün və ayrı-ayrı bədən üzvlərinin satılması məqsədi ilə alınıb-satılır".

Siddhart Karanın hesablamaları müxtəlif beynəlxalq təşkilatların illik hesabatları ilə üst-üstə düşür. Belə ki, 1998-ci ilin əvvəllərindən başlayaraq BMT-nin bir sıra təşkilatları Uşaq Fondu (UNICEF), Regionlararası Cinayət və Ədalət Araşdırmalar İnstitutu (UNICRI), Qadınların İnkişaf Fondu (UNIFEM) və Narkomaniya və Cinayət Ofisi (UNODC) çap etdikləri illik hesabatlarında hər il təxminən 600-800 min arasında qadın cinsi istismar edilmək üçün bir ölkədən başqa ölkəyə daşındığı göstərilir.

Beynəlxalq Əmək Təşkilatının 2005-ci il Cenevrədə nəşr etdiyi "Qlobal Müttəfiqlər Məcburi Əməyə qarşı" (A Global Alliance against Forced Labour) adlı hesabatında cinsi əlaqədə istismar olunan qadın qulların gətirdiyi illik gəliri 31.7 milyard ABŞ dolları həcmində olduğu göstərilmişdir.

Həmçinin, Ron Soodalter və Kevin Balesin 2009-cu ildə Los-Angelsdə çap etdikləri "Qonşu qapıda olan qul: insan qaçaqçılığı və quldarlıq bu gün Amerikada" (The Slave Next Door: Human Trafficking and Slavery in America Today) kitabında yazırlar ki, 2007-ci ildə sadəcə, qadınların fahişəxana sahiblərinə və oğraşlara (fərdi şəkildə qadın satan kişi) satılmasından 1 milyard ABŞ dolları həcmindən gəlir əldə edilmişdir. Bu rəqəm Exxon Mobil şirkətinin həmin il üçün əldə etdiyi gəlirdən 10.8% çoxdur".

Müxtəsərliyi əldən verməmək üçün bu misalların sayını uzatmağa lüzum görmürəm. Qoca Avropanın iki ölkəsində baş verənləri də oxucuların diqqətinə çatdırıb iddia etdiklərini İslama sataşmağı mədəniyyət sayan mədənilərin vicdanlarına buraxıram. Böyük Britaniyanın keçmiş daxili işlər naziri xanım Jaqui Smit 2007-ci il 3 oktyabr tarixində BBC telekanalına verdiyi müsahibəsində ölkədə təxminən 4 min qul qadının cinsi istismar olunduğunu söyləmişdir. O, həmçinin həmin qul qadınların fahişəxanalara 5.00- 8.000 funt sterlinq arası satıldığını da ictimaiyyətə açıqladı. Ən qəribəsi isə, xanım Smitin 200 il bundan əvvəl parlamentdə quldarlıq qadağan olunduğu halda, hələ də ölkədə quldarlığın olduğundan şok olduğunu deməsi idi.

Cinsi istismar edilən qul qadınların vəziyyəti Avropanın digər ölkələrində daha acınacaqlıdır. Siddhart Kara eyni adlı kitabında (səh.87) yazır: "İtaliya coğrafi mövqeyinə görə, şərqi Avropanın kasıb dövlətləri ilə Qərbi Avropanın zəngin dövlətləri arasında yerləşir. Həmçinin İtaliyanın dəniz vasitəsilə Afrika ölkələrinə çıxışı da bu ölkəni quldarlıqla məşğul olanlar keçid dövlətin çevrilmişdilər. Qərbi Avropaya qul daşıyanlar İtaliyanın su, quru və hava yollarından geniş istifadə edirlər".

İtaliyada Britaniyadan fərqli olaraq qul qadınların sayını təxmin edə bilməsələr də, qul qadınların satış qiyməti və onların göstərdiyi "xidmət"in qiyməti məlumdur. Siddhart Kara İtaliyada ən bahalı qul qadının Braziliyadan olduğunu söyləyir. Belə ki, Siddhart Karanın araşdırmalarına görə, İtaliyada bir braziliyalı qulun satış qiyməti 5.000 avro, onun birdəfəlik cinsi xidməti isə 40 avrodur. Sonrakı yerləri Çin, Rusiya və Moldovadan olan qulları bölüşdürürlər. Moldovadan olan qul qadınlar isə əsasən Qaqauz türkləridirlər.

Digər bir məqamı da vurğulamaq lazımdır ki, həmin qul qadınların "xidmətindən" yalnız sadə vətəndaşlar istifadə etmirlər. Həmin qadınların "xidmətindən" siyasətçilərin də istifadə etməsi haqqında mətbuatda vaxtaşırı məlumatlar gedir. Dediyimizin sübutu üçün bu yaxınlarda İtaliyanın 64 yaşlı baş naziri Silvio Berliskoni bir gecə xidmətindən istifadə etdiyi Patrizia D”Addarioya Avropa Parlamentində millət vəkilliyi təklif etməsi hadisəsini xatırlatmaq bəs edər.

Hər şey açıq-aydın ortadadır. Böyük əksəriyyətin yalan danışması, yalanın həqiqət olması anlamına gəlməz. Atəş insanın köməkçisidir. Ondan məişət işlərində istifadə edər. Fəqət, əlini yemək bişirdiyi atəşin içinə soxarsa, atəşdən zərər görər. Beləcə, həyatı üçün ən mühüm olan atəş, onu düşməninə çevrilər. İnsanın bədən üzvləri olan əli, qolu, dili və cinsiyyət üzvləri də atəş kimidir. Həm insanın köməkçisi, həm də insanın düşmənidir. Əgər insan dili və cinsiyyət üzvü arasında fərq qoymursa, həm bədəni, həm də mənəviyyatı zərər görər. Bunu heç unutmamaq lazımdır.

Sonda, İslama sataşmağı mədəniyyət sayan mədənilər, pornoqrafik səhnələr təsvir edənlər və digərləri oxucuları bu qədərmi köksüz və əxlaqsız hesab edirlər?