“Susmaq məqamıdır...”- Müsahibə

susmaq-meqamidir-musahibe-
Oxunma sayı: 693

2011-ci ilin son aylarında proseslər məhz onun ətrafında baş verdi, yaratdığı kafedradan çıxarılsa da təmkinini pozmadı, bir müddət sükuta dalandan sonra isə səsinə aqressiya-filan qatmadan, hər kəsə sayğısını izhar edə-edə mövqeyində haqq olduğunu anlatmağa çalışdı.
Hər işdə bir xeyir var deyiblər. Xalqın böyük bir kəsimi uzun müddət tanımadığı ziyalısını məhz bu proseslərdə tanıdı. Onu da bildi ki, artıq azərbaycanlı böyük alim Nobel mükafatının bir addımlığındadır.
Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevdir həmsöhbətimiz. Deyir ki, “İlin adamı” nominasiyasının qalibi olacağını gözləmirmiş:

- Adətən jurnalistlərlə danışanda 2-3 faiz səmimiyyəti kənara qoyurlar. Ancaq inanın ki, mən yüzdə-yüz səmimi danışıram. Mən bu mükafatı gözləmirdim. Məni düz başa düşün, axı nə etmişəm ki, bir ödül almağı da fikirləşim?! Belə düşünürəm ki, bu, normal insan yaşayışıdır da...

- Amma fikirlərdə inqilab etmək də sadə məsələ deyil.

- Əstəğfürullah. Mən elə düşünmürəm axı. Nə etmişəm ki?!

- Ən azı siz də sakit dayana, bir çox ziyalılar kimi kənarda öz işinizlə məşğul olub rahat yaşaya bilərdiniz. Hesab eləmirsiniz ki, bu da bir nümunədir?

- Ola bilsin ki, nümunədir. Amma məncə, bu, adi bir həyat tərzidir. Mən son vaxtlar Mövlanədən bir rəvayəti çox danışıram. İki dost olur, biri çox dövlətli, digəri kasıb uşağı imiş. Bunlar bir gün meşəyə gedir. Nahar vaxtı hərə öz çantasından yeməyini çıxarır. Dövlətli qızarmış ət, ədviyyatlar çıxarır. Kasıb da şor-pendirini, çörəyini ortaya qoyur, amma gözü qızardılmış ətdə qalır. Varlı uşağı kasıba baxır və “ətdən yemək istəyirsənmi” soruşur. Kasıb da başı ilə “hə” deyir. Dövlətli deyir ki, onda xoruz kimi banla, bundan sənə də verim. Kasıb da bunu edir və bir tikə alıb yeyir. Amma yenə gözü onun süfrəsində qalır. Bu dəfə varlı ona deyir ki, it kimi hür, yenə ət verim. Kasıb bu dəfə də hürür və ət alır. Kənarda bir ixtiyar qoca durub baxırmış, gözlərindən yaş gəlir, bulaq kimi. Elə bir dənə söz deyir - “nəfs”. Allaha qurban olum, onu mənə verməyib. Mən heç vaxt qızardılmış ət arxasınca getməmişəm. Bu da Allahın, bir də valideynlərimin verdiyidir. Mənim sağ dizimdə indiyədək dəmir pul boyda, gömgöy bir nişanə var. Uşaq vaxtı biz kəndimizdəki evimizdə baramaqurdu saxlayardıq, barama edərdik. Sonra onu dövlətə təhvil verər, puluna kitab-dəftər alardıq. Baxmayaraq ki, atam həmişə idarə müdiri olub, ancaq 90 manatdan başqa ayrı şey görməmişdik. Barama saxlayanda tut ağacına çıxardım, budaqları qırıb aşağı atardım. Aşağıda da anam və “bibi” dediyim əmim arvadı budaqları şələləyirdilər. Birdən dəhrə sağ dizimin ortasından tutdu, qan məni apardı. Birtəhər aşağı düşdüm. Bibim də siqaret çəkən idi, elə anam da siqaret çəkərdi. Götürdü cunanı yandırdı, basdı dizimin yarasına. Bu, təxminən 1953-54-cü illərdə olub. O vaxtdan dizimdə qalan nişanə mənimçün həyatda bir mayakdır. İnsan ancaq öz əməyinə, öz əqidəsinə görə harasa qalxmalı, getməlidir. Bu da Allahın verdiyidir, mən heç nə etməmişəm. Ən sadə bir həyat tərzidir.

- Maraqlıdır, özünüz münsif olsaydınız, 2011-in adamı olaraq kimin qiymətləndirilməsini istərdiniz?

- Ramiz Rövşəni, ya da Cəmil Həsənlini.

- Ziyalılar Forumundan kənarda kimisə görmürsünüz?

- Gərək bir az düşünəm. Bir az qırağa çıxanda... Əqidəsi mənə bəlli deyil, ona görə... Ola bilər ki, elmi, yaxşı əsərləri var, amma əqidəsindən məlumatlı deyiləm. Hətta görürsünüz, Ziyalılar Forumunun içində eləsi oldu ki, adını çəkmədim. Odur ki, elə bu ikisinin adını çəkə bilərəm.

- Türkiyəyə səfəriniz yalnız elmi fəaliyyətlə bağlı idimi?

- Orta Doğu Universitetində mənim doktorantlarım, kafedram var, kompüter mühəndisliyi kafedrası. Lakin kənarda olduğum üçün işçi rəhbər deyiləm, ildə bir-iki dəfə gedirəm. O kafedranın fəxri rəhbəriyəm. Son vaxtlarda o kafedrada xeyli kiprli, türkiyəli tələbələrim müdafiə edib. Dərslər də təşkil olunur. Bu səfərimdə həm Kiprdə, həm də Türkiyədə oldum. Kiprdə də tələbələrlə görüşdüm, çox aydın fikirli, qafası açıq, yaxşı tələbələr var.

- Yəqin ki, burda sizinlə bağlı baş verənlərdən xəbərdar olanı da varmış. Nələrsə soruşdularmı?

- İstanbul hava limanında üç-dörd azərbaycanlı yaxınlaşdı, təəssüf ki, onları tanıya bilmədim. Dedilər ki, biz burda professorlarıq, dərs deyirik və bütün bu olayların hamısını izləyirik. Tələbələr də eyni şeyləri deyirdilər. Özü də tək orda yox. Mən Amerikadan, Kanadadan, Fransadan nə qədər məktublar almışam, hamı baş verənləri diqqətlə izləyir. Almaniyada tək bir universitetdə 37 tələbəmiz var. Bir dəfə universitetin rəhbəri soruşdu ki, “mənə nə qulluq”. Dedim qulluğum var, Azərbaycandan 50 tələbə aparın. Onun 37-sini aparıblar. Ağ Dəniz Universitetində də bu gün 500-ə yaxın tələbəmiz var. Onun xeyli hissəsini zəmanət məktubu ilə göndərmişik.

- Türkiyə səfəri zamanı birdəfəlik qardaş ölkəyə köçmək, burda işləmək təklifi almadınız ki?

- (gülür) Düz hədəfə düşdünüz. Bu olayları eşidən kimi mənə telefon açdılar ki, burda sizin yeriniz hazırdır - Türkiyədə, Orta Doğuda da, Almaniyada da. Bu dəfə də gedəndə təkidlə “siz Allah, qayıtmayın, onsuz da gəlib-gedirsiniz, qalın burda” deyirdilər. Dedim yox, mən ancaq Azərbaycanda çalışa bilərəm. Kiprdə də çox təkid etdilər. Orada ki mənim kafedram var, istəyirlər ki, birdəfəlik ora köçüm. Universitetin qurucu rektoru var - Suat bəy. Çox məşhur adamdır, “Forbes”də də adı var, israrla qalmağımı istəyir. Mənsə bunu abrıma sığışdıra bilmirəm. Belə çıxır ki, mən Azərbaycanda bəyənilmədim, başqa yerə köçməli oldum.

- Bu günlərdə növbəti dəfə rəsmi mətbuatdan Ziyalılar Forumu üzvlərinə qarşı hücum taktikası müşahidə olundu. Sizcə, bu ocağı körükləyən kimlərdir?

- Bu, ağır sualdır. Elə düşünməyin ki, sualdan qaçıram. Amma ünvanı dəqiq bilmirəm. Düşünürəm ki, bu, hakimiyyət qollarında bir qrupdur. Yəqin ideologiyaya, sosial məsələlərə baxan qrupdur. Amma ünvanı dəqiq bilmirəm.

- Bəs onu bilirsinizmi ki, onlar niyə belə qəzəblidir? Dediyiniz kimi, sizin siyasi iddianız yoxdursa, sadəcə cəmiyyətin ağrısı funksiyasını yerinə yetirirsinizsə, məntiqlə sizə minnətdar olmalıdırlar.

- Səbəb birdir: dəyişmək çətindir. Gərək insanda adaptasiya xüsusiyyəti olsun. Bütün varlıqlarda, canlıqlarda bu xüsusiyyət var. Allah onları belə yaradıb. Mənim bir yazım vardı: “Əgər biz dəyişməsək, dəyişən dünya bizi qəbul etməyəcək”. Bunlar da dəyişmək, özgə fikir eşitmək istəmir. Səbəb budur. Kimsə cəmiyyəti idarə etmək istəyirsə, gərək cəmiyyətin ovqatını ölçə bilsin və ona uyğun da adaptasiya olunsun. Əgər adaptasiya getmirsə, orda idarəetmə yoxdur. İdarəetmə nəzəriyyəsinin kökünü qoyan Viner var. Kibernetikanın atası olan Viner kitabında yazır ki, təbabətdə ataksiya xəstəliyi var. Bu nədir? Bir adama bir stəkan su verirsən ki, içsin. Amma o adam stəkanı ağzına apara bilmir. Çünki ağzı ilə əli arasındakı məsafə itib. Əks rabitə yoxdur deyə bunu edə bilmir. Bu cür əsəb xəstəlikləri var. Görürsünüz, sistemdə bir dənə pozulma oldusa, adaptasiya getmir, ölçü, əks rabitə olmursa, sistem işləmir. Məncə, sosioloji vericilər cəmiyyətin əhval-ruhiyyəsini belə olur ölçə bilmirlər. Bu, çox vacibdir.

- Ötən müddətdə qəzetlərdəki müsahibələrinizi oxuduq. Bəs televiziyalardan necə, müraciət edən oldumu?

- Televiziyalar mənim üzümə bağlıdır. Amma o olaylar başlayanda ANS bir veriliş verdi. Mənim elmi fəaliyyətim, Lütfi Zadənin Nobel mükafatına namizəd olmağım barədə fikri olan bir veriliş verdi. Məndən sonra Rüstəm müəllim (İbrahimbəyov-red.) haqda veriliş oldu. Düzdür, Mirşahin məndən bir balaca incidi. Mənə zəng vurub dedi ki, Rafiq müəllim, bizə bir-iki söz deyin. O vaxt mən də susurdum, deyirdim müəyyən vaxtın keçməsi lazımdır. Dedim yox, hələ o vaxt çatmayıb. Dedi yaxşı, dost kimi deyə bilərsənmi. Dedim, vallah, jurnalistə dost kimi söz demirlər. Qayıtdı ki, axı biz dostuq. Dedim yox, susmaq məqamıdır, məqamı çatanda danışacağam. Ondan sonra zəng olmadı.

- İctimai Palatanın iclasında səsləndirilən təkliflərdən biri bu oldu ki, artıq İlham Əliyevin istefası məsələsini gündəmə gətirməlidir. Ziyalılar Forumu Müsavat başqanının bu təklifinə necə yanaşır?

- Ziyalılar Forumu siyasətə qarışmır. Ümumiyyətlə, ziyalı mövqeyi fikirlərin, yəni iqtidarla müxalifətin ortasında olmalıdır. Siyasi baxımdan isə ziyalı tərəfsiz olmalıdır. Ancaq ictimaiyyətdə olan bütün bu əyriliklərə, çatışmazlıqlara qarşı ömrü boyu müxalifətdə dayanmalıdır. Özünə ziyalı deyən varsa, fərqi yoxdur, hansı hakimiyyət, ya müxalifət olur-olsun, həmişə ictimaiyyətdə baş verən əyri proseslərə müxalifətdə olmalıdır. Ziyalılar Forumu institut-filan deyil, “Roma klubu” kimi bir şeydir. Yığışıb söhbətimizi edirik, ağrıyan yerimizdən danışırıq, deyirik ki, bax, bu çatışmazlıqlar var. Yəni bizim bir imkanımız yoxdur ki, nəsə bir tədbir görək. Ancaq ağrıyan yerləri göstərə bilərik. Bu baxımdan biz ortadayıq. Şəxsən mənim mövqeyim belədir. Fikrimcə, dostlarım da eyni mövqedədir. Amma çox əfsuslar olsun ki, bəzi iqtidar adamları bizi ortadan itələmək istəyirlər. Ancaq biz radikallığa getməyəcəyik. Çünki radikallıq təbiətimizdə yoxdur.

- Siz dəyişmək lazımdır deyirsiniz. Burda sistem dəyişikliyindən də söhbət gedir, yoxsa yalnız şüurlardakı dəyişikliyi nəzərdə tutursunuz?

- Təbii ki, söhbət islahatlardan gedir. Ancaq biz təkamül yolu ilə dəyişikliyin tərəfdarıyıq. Səhv etmirəmsə, müxalifətin siyasi platformasında da belədir ki, islahatlara getmək lazımdır. Ərəb modeli ilə rus modelini müqayisə etsək, mən Rusiyada sivil modelin meydana gəldiyini gördüm. Yüz min adam meydana çıxdı, heç bir səs-küy olmadı. Ola bilər ki, fevralın 4-də də çıxacaqlar, yenə sivil yolla. Amma ərəb dünyası kimi olmadı ki...

- Rusiya patriarxı Kiril Kremli islahatlara çağırdı. Necə hesab edirsiniz, Azərbaycanda da Şeyxin hakimiyyətə eyni məzmunlu müraciətinin vaxtı çatıbmı?

- Hamının müraciət etməsinin vaxtı çatıb. Amma Şeyx edəcək, etməyəcək, onu deyə bilmərəm. Mən azdan-çoxdan elmlə məşğul olan adamam. Ancaq o obyekti öyrənməmişəm. Bilmirəm ki, onun buna gücü çatacaq, ya yox. Kiril müraciət edib dedi ki, xalqın səsini eşidin. Xalqın səsi nədir? Bayaq danışdığımız həmin sosioloji vericilər, cəmiyyətin ovqatı. Patriarx dedi ki, bu sosioloji vericilərə baxmaq lazımdır, oradan nə informasiya gəlir. Xüsusən qərar qəbul edən, idarəçi insan gərək ilk növbədə istədiyini yox, olanı eşitsin. “Xalqı eşitmək” sözü “islahat” sözündən də vacibdir.

- Rusiyadakı proseslər barədə proqnozunuz nədir, Putin qayıdacaqmı?

- Bunu heç kim deyə bilməz. Hətta Amerikanın konfliktologiya institutları da. Amma mən bir şeyi dəqiq bilirəm ki, martdan sonrakı Rusiya dekabrdakı Rusiya olmayacaq. Martdan sonra hakimiyyətdəki adamlar hətta həmin adamlar olsa da dekabrdakı ovqatla davam etməyəcəklər.

- Adətən şimal küləyi Azərbaycana tez təsir edir. Rusiyadakı dəyişikliklər bizim ölkə üçün nə vəd edir?

- Həm dünyada gedən proseslərə, həmçinin həyati faktlara söykənərək düşünürəm ki, hətta Rusiyada bu proseslər getməsə də, zəif getsə də yenə də Azərbaycanda islahatlar getməlidir və gedəcək. Səbəbini deməyə çətinlik çəkirəm. Amma nə isə məndə belə bir əminlik var ki, olmalıdır.

- Martda Müsavatın qurultayı gözlənilir. İsa Qəmbər də partiya başqanlığından getməyə qərarlıdır. Sizin bu qərara münasibətiniz necədir?

- Burda bir qızıl orta var. Bir tərəfdən, İsa bəyin xarizmasına görə bu gedişi partiya üçün o qədər də əlverişli saymıram. Amma digər tərəfdən, o, nizamnaməyə əməl etməklə demokratik nümunə göstərir. Burdakı qızıl ortanı isə yəqin ki, İsa bəyin özü daha yaxşı bilir. Ancaq ola bilər ki, başqanlıqda qalmış olsa, daha böyük xeyir verərdi. Ziyalılar isə bu məsələyə qarışmaq niyyətində deyil.

- Bəziləri hesab edir ki, başqan dəyişikliyi 100 illik bir partiyanın dağılmasına səbəb ola bilər...

- Mən belə düşünmürəm. Çünki o, köklü bir partiyadır. Məhəmməd Əminin qəbri nurla dolsun, partiyanın təməlini elə qoyub ki, bu partiyanın dağılması mümkün deyil. Həm də İsa bəyin xarizması var, o partiyadan birdəfəlik getmir ki...

- Dəfələrlə siyasətə qarışmaq niyyətində olmadığınızı desəniz də, yenə bir çoxları hesab edir ki, 2013-cü il prezident seçkilərində müxalifətin bir araya gəlməsi baxımından Rafiq Əliyevdən uğurlu vahid namizəd yoxdur...

- Mən bir dəfə bu suala cavab vermişdim. Həzrəti Əlinin bir kəlamı var: “Allaha ümid et, dəvəni bağlamağı unutma”. Əgər mən o məlum hədəfə çata bilsəm (Nobel mükafatını nəzərdə tutur - E.P.), bu millət üçün ən böyük töhfəm o olar.

- Bəs ziyalı kəsim vahid namizədin razılaşdırılması istiqamətində çalışmalara başlamaq niyyətindədirmi?

- Öyüd-nəsihət verməyə haqqım çatmır. Ancaq ölkədə mənəm-mənəmliyi, iddianı yerə qoymaq lazımdır. Əgər bu iddia yerə qoyulmasa, heç nə alınmayacaq. Ancaq hiss edirəm ki, bu sahədə vəziyyət Krılovun təmsilindəki vəziyyətə oxşayır. İddialar çoxdur. Bu ərəfədə konsensus çox vacibdir. Necə ki, həkimlər konsiliumdan sonra oturub xəstənin vəziyyətini müzakirə edir, yekunda xəstəliklə bağlı konsensusa gəlirlər. Bu gün partiya rəhbəri olan “həkimlər” konsensusa gəlməlidir. Kiminsə qapısını döymək məsələsinə gəldikdə isə xahiş edirəm düz qəbul edin, ziyalı tez küsən, inciyən olur. Ona görə də hesab edirik ki, hələ qapı döymək vaxtı deyil. Birdən sərt cavablar alarıq...

musavat.com