“Tağı Əhmədov “dükan mənimdir, özüm bilərəm” iddiası ilə çıxış edir”

tagi-ehmedov-dukan-menimdir-ozum-bilerem-iddiasi-ile-cixis-edir
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, neçə gündür metropoliten stansiyalarının ərazisində Qurani-Kərim, hicab, təsbeh, möhür, namaz cədvəli, üzərində dini yazılar olan müxtəlif əşyaların satışına icazə verilmir.

Bu qadağalara münasibət bildirən AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli deyib ki, metropliten ərazisində dini ədəbiyyat və dini əşyaların satışına qadağa qoymaq bunu edənlərin düşüncəsinin qüsurlu olduğunu göstərir: “Əgər metro stansiyalarında ticarət obyektləri fəaliyyət göstərirsə, artıq o dükanda kimin nəyi satması hər kəsin öz haqqıdır. Tağı Əhmədov bir zaman "dükan mənimdir, özüm bilərəm" iddiası ilə çıxış edib. İndi metropoliten rəisi hər kəsin öz dükanında nəyi satması haqqını da tanımalıdır”.

Rəsul Mirhəşimli hesab edir ki, əgər Qurani-Kərimin, namaz cədvəlinin və s. bu kimi dini ədəbiyyat, təsbeh, hicab, möhür və başqa dini əşyaların satışına qadağa qoyulursa, bu, insanların vicdan azadlığını kobud şəkildə pozmaqdır.

“Biri Qurani-Kərimi "zərərli" dini ədəbiyyat sayırsa, onun düşüncələri qüsurludur. Bu adamlar insanların hüquqlarını pozmaqdan da irəli gedib, artıq Allaha da savaş açıblar. Quranın "Fil" surəsinin şərhini bilənlər gözəl anlayır ki, müqəddəs Kitabımızın Rəbbi qarşısında hələ dayana biləcək zalım qalmayıb yer üzündə”, -deyə AXCP funksioneri bildirib.

Rəsul Mirhəşimli metrostansiyalarında insanları narahat edən problemlərin dini ədəbiyyat və əşyaların satışı olmadığını deyib: “Məncə, Tağı Əhmədov bu cür işlərlə məşğul olmaqdansa, 20 Yanvar stansiyasının keçidlərini kerosinlə silməyi qadağan eləsin, saat 22-dən sonra bəzi stansiyalarda eskalatorun dayandırılmasının səbəblərini öyrənsin, bunu aradan qaldırsın. Döşəməni kerosinlə silmək təkcə onu sürüşkən etmir, həm də kəskin qoxu səhhətində problem olan bəzi adamların beyninə pis təsir edir”.