“Taksi sürücüsü ilə söhbət” - Məqam

taksi-surucusu-ile-sohbet-meqam-
Oxunma sayı: 838


“Taksi sürücüsü ilə söhbət”

– Yazıçılar Birliyini tanıyırsız?
– Tanıyıram.
– Gedək.
– Gedək.
– Niyə soruşduz ki?
– Keçən dəfə Axundov kitabxanasını soruşdum, sürücü tanımadı.
– Hamı eyni cür olmur ki, xanım. Siz yazıçısız?
– Mən yazaram.
– Yazıçıyla yazarın fərqi var, xanım?
– Nə bilim... Mənə elə gəlir yazıçının qalaq-qalaq kitabları, çoxlu titulları olmalıdır.Mənim iki balaca kitabım çıxıb. Daha çox da esselər yazıram. Bir də qəzetdə publisistik yazılar.
– Onda siz həm də jurnalistikayla məşğulsuz.
– Bəli.
– Jurnalistika niyə bu vəziyyətdədir xanım? Sizdən uzaq, jurnalistlər yaman sırtılıblar.
– Siz qəzet oxuyursuz?
– Oxuyuram. Daha çox “Musavat”ı oxuyuram.
– “525”i də oxuyun.
– O bizim köşkdə az olur. Siz orda yazırsız? Gələn dəfə oxuyaram. Sərnişin maraqlı olanda bizə də xoş olur.
–Maraqsız sərnişin çox olur?
– Eee, nə qədər desəz. Biz yaman korlanmışıq, xanım. Türkiyəlilər bizdən mədənidir. Almaniyaya gedib-gəlirəm. Türkiyəlilər orda çoxdur. Onlar avropasayağıdırlar.
– Avropanın bir addımlığındadırlar, bəlkə, ona görə?
–Yox məncə. Almaniyanın özündə 6000 Azərbaycanlı var. Sual verə bilərsiz ki, bu qədər azərbaycanlı orda nə işlə məşğuldur?
– Nə işlə məşğuldur?
– Ancaq oğurluq, avaraçılıq ona-buna atmaqla.
– Biz oğruyuq?
– Yox, amma tərbiyəsizliklər edirik.
– Tərbiyyəsizik?
– Yox, tərbiyyəsiz də deyilik. Sadəcə, pis işlərə meyilliyik. Elə bil ki, genimizdə bu var.
– Nə?
– Hamımız aldatmaq istəyirik. Bax indi özümüzü götürək. Siz jurnalistsiz, mən də sadə, savadsız bir taksi sürücüsü. Mən fikirləşirəm ki, necə edim sizdən çox pul alım, siz də fikirləşirsiz ki, necə edib az pul verəsiz. Siz də məni bağışlayın. Bunu məsəlçün deyirəm. Fikrimi çatdırmaq üçün. Biz pula çox meyilliyik. Bütün pis işləri də pula görə edirik. Pul bizim üçün hər şeydir.
– Hansı xalq pula meyilli deyil?
– Biz çox meyilliyik. Pul haqqında o qədər fikirləşirik ki, başqa işlərimizə fikir vermirik. Məsəlçün dilimizə. Əlifbamız görün nə qədər dəyişib. Gah ərəb əlifbası, gah kiril, gah latın. İndi bizim əlifbamız əslində hansı olub?
– Latın.
– Necə olur ki, Gürcünün öz əlifbası olur, bizim yox?
– Biz bu əlifbayla ingilis dilini asanlıqla mənimsəyirik, ancaq gürcü o dili öyrənmək üçün yeni bir əlifbadan başlamalı olur. Bizim dünyəvi əlifbamız var, onların yox. Deməli, biz əskilərdən belə daha çox dünya xalqı olmuşuq.
– Axı biz onun üstündə qalmamışıq. Xalq nə qədər soyunu, dinini, əlifbasını dəyişər? Gah atəşpərəst olmuşuq, gah müsəlman, gah ateist.
– Bunun günahı bizdədir sizcə?
– Əlbəttə. Özümüzdə, bizim başbilənlərdə. Məsəlçün bir yazıçımız var, bu yaxınlarda yol yoldaşım oldu. Yolda mən ondan elə hərəkətlər gördüm, heç ən axırıncı adam onu eləməz. İki-üç dənə də pulnan çıxardığı qadını götürüb özüylə. Mən gördüyümü gördüm. Küçə Adamı, ya o, eyni şeydi.
– Sizcə ziyalı necə olmalıdır?
– Ziyalı? Bütün cəmiyyətə nümənəvi bir insan. Hər sahədə – mədəniyyət, siyasət.
– Həmin hərəkətləri başqa bir adam etsəydi, sizinçün eyni cür olmazdı?
–Yox. Küçə-bazar adamı başqa şeydir, mədəniyyət adamı başqa. Yazıçıya vəhy gəlir yazır. Deməli, onda nəsə ilahidən bir şey var. Onun küçədəki Həsəndən fərqi olmalıdır, ya yox. Biz ona görə bu gündəyik.
– Nə gündəyik?
– Bir əsər var, “Milyonçunun dilənçi oğlu”. Biz də milyonçu ölkənin dilənçi balalarıyıq. Kasıb yox a, xanım, dilənçi. Gürcüstanın prezidentinə xarici jurnalist sual vermişdi təzə gələndə. Təxminəm beləydi ki, nədən başlayacaqsız? Saakaşvili də dedi ki, rüşvəti yığışdıracam və çalışacam ki, xalq öz qazancı ilə dolana bilsin.
– Xalqın nəyi olmalıdır ki?
– Həm maddi, həm mənəvi azadlığı olmalıdır, xanım.
– Siz vətəndaş kimi bizim dövlətimizdən nə istəyərdiz?
– Xanım, siz də məni bağışlayın, iki oğlum var. Balalarımı saxlamaqda çətinlik çəkirəm. Mənə qalsa taksimi sürüb ailəmi dolandıraram. Ancaq hər addımbaşı pul, rüşvət verməli olursan. 10 manat uşaqpulu kəsiblər, onu da almaq olmur. Həkimə pul ver, JEK-ə pul ver. Bir işimizi pulsuz görəmmirik. Bizim elə nazirlərimiz var ki, Azərbaycanı çapıb-talayırlar. Nolar nazir olanda? Sən də bu ölkənin, bu xalqın balasısan da. Adicə universitet rektorları mühafizə xidmətiylə gəzir. Bilirsiz niyə?
– Niyə?
– Pulları çoxdur, canlarından qorxurlar. Soruşan lazımdır ki, sən universitet rektorusan da, niyə oxranayla gəzirsən? Gəl işinə, get evinə. Nə ədəbazlanırsan?! Görməmişik biz, xanım.
– Demədiz dövlətdən nə istəyərdiz?
– Qoymasın bu məmurları xalqın cibinə girməyə. Çatdıq.
– Çox sağ olun. Borcum nə qədərdir?
– Nə verərsiz verərsiz.
– Buyurun. Adınız nədir?
– Teymur.
– Sağ olun Teymur, Tanrı hamımıza kömək olsun.
– Sağ olun, xanım. Gələn həftə sizin qəzeti oxuyacam.


Aysel ƏLİZADƏ