Taksimdə Hocalı soykırımı – 20 yıl təşkilatçılarına irad

taksimde-hocali-soykirimi-20-yil-teskilatcilarina-irad
Oxunma sayı: 676

Şafak 26 fevralda, Türkiyədə keçiriləcək mitinqdə “hamımız erməniyik” deyənlərə, Taksimdə – hamımız türkük! – deyərək, müraciət etdi. İnanaq ki, Türkiyədə on minlərlə insan yaxın 20 ildə, bəşəriyyətin gözü önündə dinc əhaliyə qarşı törədilmiş kütləvi qətliamın ahını yerdə qoymayaraq meydanda toplaşacaq, biz qardaşlarının səsini bəşəriyyətə çatdıracaqlar və dolayısıyla, ermənilərin yüz il əvvələ qayıdıb “erməni soyqırımı” adı ilə dünyaya sırıdıqları uydurmalara cavab vərəcəklər. Bu, həm də Türkiyədəki insanlarımızın Azərbaycan və onunla bağlı məsələlərdə biganə qaldıqlarını söyləyənlərə bir dərs, sübut olacaqdır.

Keçək məni əsas narahat edən bir məsələyə. İstanbulda, fevralın 18-dən bu yana, Xocalı soyqırımına hazırlıqla bağlı broşurlar paylanır. Broşurda yazılıb, “Bir daha Hocalı, Srebrenitsa, Hama və Humus yaşanmasın diyorsanız, 26 şubat, pazar, saat 14: 00da Taksimde olalım”. Çox gözəl. Amma bir məsələ var. Bir halda ki, dünya baş verən prosesi izləyəcəkdir, bütün yazılanlara, deyilən sözlərə, ümumilikdə, hər addımımıza diqqət yetirmək lazımdır. Ən azından, ona görə ki, Xocalı bir millətin öz daxilində baş verən çəkişmə nəticəsində törədilmiş qətliam deyil.

Srebrenitsa haqqında məlumatı olmayanlara demək istəyirəm ki, II Cahan Müharibəsindən sonra, Avropada törədilmiş ən böyük kütləvi qırğın hesab olunur və 1995-ci ildə Yuqoslaviyada vətəndaş müharibəsi zamanı Bosniya-Serb ordusunun Srebrenitsa şəhərindəki 8 mindən çox müsəlmanı qətlə yetirməsidir. Bu qırğını Xocalıdakı genosidə bərabər vermək olar.

Gələk, Hama və Humus qətliamı məsələsinə; 30 il öncə, 1982-ci ildə Bəşər Əsədin atası Hafiz Əsəd onun rejiminə qarşı üsyan qaldıran Hama şəhərinə general Rifat Əsədin başçılığı ilə ordu yeridir və 30 mindən çox insanı öldürtdürür. Yəni öz insanlarını qətlə yetirirlər. Əsla, bu qətliamı kiçiltmək, azaltmaq fikrim yoxdur, amma onu Xocalı soyqırımına bərabər tutmaq, bizə qarşı törədilən soyqırımın anlamını dəyişər. Axı Xocalı qətliamı dünyada bir millətin başqa millətə qarşı törədə biləcəyi ən dəhşətli faciədir, soyqırımdır. Xocalı soyqırımı 1994-cü ildə Ruandada Fransanın dəstəyilə hutu ekstremistləri tərəfindən həyata keçirilən və 800 min insanın vəhşicəsinə öldürüldüyü soyqırıma bərabər tutulsa, daha məntiqli olardı. Fikrimi bir az daha konkret ifadə etmək istəyirəm. Soyqırım – etnik, irqi, milli və ya dini zəmində, düşünülmüş və ya sistematik şəkildə həyata keçirilən qətliamdır. Yəqin ki, yuxarıda söyləmək istədiyim aydın oldu.

Beləliklə, təşkilatçılardan gələn dəfəki hazırlıqlarda bu məsələyə diqqət yetirilməsini xahiş edirəm. Bu incə, sadə görsənən məsələ, əslində, əhəmiyyətlidir. Çünki bizlər həm də dünyaya səsimizi çatdırmaq istəyirik. Orada toplaşacaq hər kəsə və təşkilatçılara buradan təşəkkür edirəm.