Tanınmış vəkili soydular

taninmis-vekili-soydular
Oxunma sayı: 823

Cəmiyyətdə öz prinsipiallığı və mövqeyi ilə seçilən tanınmış vəkil Osman Kazımovun günün günorta çağı avtomobili soyulub. Hadisə avqustun 18-də “2 aprel” dustaqlarının məhkəmə prosesinin gedişatı zamanı baş verib. Nəsimi rayon Məhkəməsinin önündə saxlanılan 90 DL 992 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobilin sağdan arxa pəncərəsi sındırılaraq oturacağın üzərində olan çanta oğurlanıb.

Osman Kazımovdan aldığımız məlumata görə, çantada əsasən cinayət işləri ilə bağlı materialların ksero-surətləri, digər vacib sənədlər, 256 manat və 100 dollar məbləğində pul olub. Vəkil bildirib ki, məhkəmənin gedişatı zamanı soyğunçuluq hadisəsinin baş verdiyi ərazi üzük qaşı kimi polis işçiləri ilə əhatələnib. O, təxminən 3 post-patrul maşınının və çoxlu sayda polisin olduğu Nəsimi Məhkəməsinin önündə saxladığı avtomobilindən bu şəkildə soyğunçuluğun necə baş verdiyini və bunun polislərin gözündən necə yayındığını anlamadığını ifadə edib.

Osman Kazımov hadisə ilə bağlı artıq 20-ci Polis Bölməsinə müraciət etdiyini və bununla bağlı təhqiqatın başlandığını da bildirdi. Baş verənlərə münasibətə gəlincə, o, hələ qəti açıqlama vermək istəmədiyini dedi. “Hələlik qəti bir fikir söyləmək istəmirəm. Güman ki, bu hadisə mənə sataşmaq üçün törədilib. Maşını saxladığım yerdə 3 post-patrul maşını da vardı”, - deyə O.Kazımov vurğulayıb.

Azadlıq