Tanrı yardımçımız olsun!

tanri-yardimcimiz-olsun
Oxunma sayı: 697

“Əziz bacılar və qardaşlar!

Sizi Türk Dünyasının və Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 93-cü ildönümü və bu cümhüriyyətin bərpasının 20 illiyi münasibəti ilə təbrik edirik.

1918-ci ilin May ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə parçalanmış Azərbaycanın quzeyində Xalq Cümhuriyyəti yarandığını elan etdi. AXC türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlətin nümunəsi idi. Müstəqil və Demokratik Azərbaycan Cümhuriyyəti qısa vaxtda böyük uğurlara imza ataraq, ilk dəfə qadınlara seçim hüququ tanıyan, dinindən, millətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın hüquq bərabərliyini təmin edən cümhuriyyət kimi çox dövlətlərə örnək oldu. Bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik təsisatları 93 il bundan əvvəl Demokratik Azərbaycan Cümhuriyyəti təmin etdi. Təəssüf ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşeviklər tərəfindən devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Buna baxmayaraq, istiqlal ideyası yenilmədi və Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" deyimində öz əksini tapdı. Nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən bərpa olundu.

Bu tarixi gündə böyük yaradandan Şəhidlərimizə rəhmət diləyir, Vətəninmizin azadlığı uğrunda fədakarlıq edən bütün qazilərimizi təbrik edirəm. Bütün istiqlal fədailərini, Milli Azadlıq Hərəkatının iştirakçılarını, istiqlalçı millət vəkillərini, Cəbhəçiləri, siyasi düşüncəsindən asılı olmayaraq, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mücadilə aparanları, demokratiya uğrunda çarpışanları, bizim hər birmizin haqlarını qoruyan hüquq-müdafiə təşkilatlarını, mətbuat nümayəndələrini, siyasi məcburiyyətdən ölkədən uzaq düşmüş və Vətənimizi şərəflə təmsil edən azadlıq carçılarını, Vətənimizin keşiyində duran əsgərlərimizi və onların valideynlərini bir daha təbrik edir, onlara firavanlıq və səadət arzulayıram. 28 may dünya siyasətində Azad, Demokratik Azərbaycan dövlətinin yaranma günüdür. Bu həm də Bütöv Azərbaycan dövlətinin qurulmasına gedən yolun başlanğıcıdır! Bu yolda Tanrı yardımçımız olsun!”.

Sayqılarla,
Sabir Rüstəmxanlı və VHP Siyasi Şurası