Tanrını əsarətdən xilas eləyəcək din...

tanrini-esaretden-xilas-eleyecek-din-
Oxunma sayı: 673


Bir azdan diqqətimi çəkən o parçanı çatdıracam, ama bundan əvvəl mövzuyla bir başa bağlılığı olmayan monoteizm - təkkallahlılıq və onun formaları haqda bəzi məsələləri sizinlə bölüşmək istəyirəm.

Atondan Allaha qədər

Monoteizmin tarixi hələ İbrahimi dinlərdən (iudaizm, xristianlıq, islam) çox-çox əvvələ gedib çıxır və ilk dəfə daha korrekt, özündən əvvəlkilərlə müqayisədə daha aydın şəkildə Misir fironu Exnatonun zamanında (eramızdan əvvəl XIV əsr) üzə çıxır. (Tanrının adı: Aton. Aton kultu.) Bu vaxt Misirdə əsas dövlət dinindən başqa politeist (çoxallahlı) və henoteist və ya enoteist (bir tanrıya inanarkən başqalarının da varlığını qəbul etmək və o başqalarındaca elə baş tanrını təsəvvür etmək. Tək tanrının hələ tam və dəqiq formada təsəvvür edilmədiyi şərait), həmçinin monoteist yönümü olan kiçik kultlar mövcud idi. Exnaton bütün bunları birləşdirib təkallahlılığı dövlət dini kimi qəbul etdi, lakin onun ölümündən sonra yenidən politezimə dönüldü.

Bəzi nəzəriyyəçilər ehtimal edir ki, Musa peyğəmbərin təkkallahlılığı ilə Exnatonun dini islahatları arasında birbaşa əlaqə var.

Bütövlükdə isə tunc dövründən başlayaraq yaranmış bir neçə Yaxın Şərq dinində monoteizm və monoltariyanın (baş və tək lider olan tanrının tabeçiliyindəki çoxallahlı sistem) aspektləri özünü büruzə verir: Exnatonun Aton kultu, Babilistanda Marduka sitayiş və zərdüştçülükdə Ahura-Məzda.
Bəzi fikrlərə görə isə, hətta fetişizm (əşyalara sitayiş; qalıqlarına hətta islam kimi sərt dində də rast gəlinir – pirlər, Kəbə (qara daş) və s.) və ya şamanlıq kimi politeizmin primitiv formalrının əsasında belə, əsas gücə - Ali İradəyə inam yatır.

Beləcə, Exnatondan sonra iudaizmdə, ondan sonra xristianlıqda, sonunda isə islamda təkallahlılıq özünün ən güzəştsiz şəklini alır. Yəni təkallahlı sistemə dayanan dinlərin yaranması prosesi gedir. Lakin bu prosesin özündə də Allahın bəzi fərqləri üzə çıxır – onun kimə məxsus olması, daha doğrusu, onun kimin Allahı olması.

Allah bizim allahdı...

Tövrata görə, adının təxmini oxunuşu Yahva olan tək Allah yalnız yəhudilərin Allahıdı, o, təkcə yəhudiləri seçib və yerdə qalanlarının həmişə yəhudilərin itaətində qalacağını və əzab çəkəcəyini onlara bəyan edib. Ramiz Rövşən demişkən, Allah bizim allahdı...

Sonra xristianlıq gəlir, İsa Allahın təkcə yəhudilərin deyil, həm də romalıların allahı olmasını irəli sürür və Tövratın “yalançı peyğəmbərlərlə” bağlı ehkamına əsasən öldürülür. Lakin xristianlıq ölmür, Ərəbistan yarımadasından Avropaya çıxır, çiçəklənir, qələbə çalır, çox sonralar isə oradan bütün dünyaya sıçrayaraq tək (troitsa-üçlük) Allahı hamının elan edir. Tək və şəriksiz Allahın “ayaq basdığı” sonuncu ünvan Ərəbistan, sonuncu xalq ərəblər olur; islam nəinki Allahın təkliyini, eyni zamanda onun bütün bəşəriyyətə, bütün kainata aid olmasını sərt şəkildə irəli sürür və böyük yayılma prosesinə başlanılır. Dinlərin yaradılışı başa çatır. Sonuncu dinin yaradılışından hardasa 15 əsr sonra isə yeni “kabus”, yeni din dünyanın kandarına ayaq basmağa başlayır:

DEMOKRATİYA!

Və tək Allahın kimə məxsus olması fikrilə bağlı keçilən proses burada da olduğu kimi təkrarlanır. Eldar bəy ardıcıllığı belə xatırladır:
“Dünyada demokratiya dalğalarla gəlir. Hesablama aparsaq, görərik ki, ilk demokratik dalğa ABŞ və Avropa ölkələrində dəyişikliklərə imza
atıb. Bu dəyişikliklər ilk olaraq protestant ideologiyasının mövcud olduğu məkanda yarandı. Ona görə belə bir fikir hakim kəsildi ki, demokratiya yalnız protestant mədəniyyətinə xasdır. Nəinki müsəlman, hətta katoliklər, pravoslavlar da bu dəyərə qovuşa bilməz. Ancaq ondan sonra ikinci böyük dalğa katolik dünyasında baş verdi. Bu dəfə İspaniya və Portuqaliya demokratikləşməyə məruz qaldı. O zaman nəzəriyyə bir qədər dəyişdi. Bildirdilər ki, bu dəyər həm katoliklərə və protestantlara uyğundur. Serbiya, Gürcüstan və Ukraynada baş verən demokratik dəyişikliklər pravoslav dünyasını bu çevrəyə daxil etdi. Və nəhayət, müsəlman dünyasında hazırda cərəyan edənlər indi artıq o fikri möhkəmləndirir ki, demokratik sistem bütün xalqlara aiddir. İnsan haqları, şəffaf seçkilər, qanunun aliliyi artıq ümumbəşəri prinsip kimi qəbul olunmağa başlayır. Ona görə avtoritar rejimlərin dünyada gedən proseslərin əksinə çıxaraq, inkişafın qarşısını almaq cəhdləri uğursuz və boşdur. Gec və tez demokratiyaya keçid dünyanın hər yerində baş verəcək”.

Zənnimcə, analogiyada qüsur axtarmağa dəyməz. Demokratiyanın bütün dünyada yayılacağına şübhələrin də ciddi əsası yoxdu. Sadəcə, mənimçün xüsusilə maraqlı olan hər iki sonuncu “dinin” doğuluşunun başa çatdığı sonuncu coğrafi məkandı. Buradan artıq bütün dünyaya, eləcə də, İran adlanan ərazidən keçərək bizim Azərbaycana yol alacaq yayılma marşrutu başlayır. “Ərəb baharı”nın başladığı ilk çağlarda yazdığım “İki ərəb baharı” (“Azadlıq” qəzeti) (İslam və sonuncu hərəkat) bütün dünyada qələbəyə iddialıdı. Bahar həmişə acılardan, qışın sərt dirənişlərindən sonra gəlir və heç olmasa bir sürə insanlara rahatlıq gətirir. Birinci ərəb baharında Babək o yolu kəsmək istədi. Bu dəfə hər hansı Babəkin, həm də bu səfər artıq yalançı Babəkin 20 il bu yolu kəsəcəyi o qədər də inandırıcı deyil, olsa belə, zaman təkrarlanır – o, məğlub olmağa məhkumdu.

Gələn Demokratiyadı, qardaşlar. Tanrını belə bəşəriyyətin əsarətindən xilas eləyəcək din...