Tarix keyfiyyətli zamandır

tarix-keyfiyyetli-zamandir
Oxunma sayı: 956


Ona görə də həmin bəyanatla bağlı kimsəyə qarşı saldırqan üslub düşünmədim. Haradasa Yunusun təəssüfünü xatırlayaraq: Bilməyən nə bilsin bizi... Azərbaycan İslamı ilə deyil, Allahın İslamı ilə dərindən tanışlıqdan sonra həmin şəxslərin bu cür önyarğılı mövqelərində dəyişiklik olacağına əminliyim böyükdür.

Azərbaycanda insanların çoxluğunun monoteist inanclardan uzaq olduğu, falın, bütlərin, pirlərin tüğyan etdiyi gerçəyini hər halda nəzərə almamış deyiləm. Anti-İslam yanaşma üslubu isə bizə uzun illərdir ki, tanışdır: Axundovla başlayan və üslub xatasından dolayı topluma faydası dəyməyən bir yolun bu gün də ziyalılar içində təkrar izlənməsindən gedir söhbət. Mənim anladığım Axundovun izlədiyi yolun başında dərin bilgili və imansız aydın obrazı dayanıb. Bu böyük yazarın Sultanova yazdığı məktublarında izlədiyi xətt daha məntiqli və sistemlidir. Təziyədarlıq, mərasimçilik İslamın mahiyyətinə yad təzahürlərdir və İslamda imtiyazlı ruhani elitasının mövcud olmadığı, İslamın mahiyyətinə zidd olan qaraguruhçu adətlərin Deyləmi və Səfəvi padşahlarından gəlməsi barədə görüşləri də təqdirəlayiqdir. Təhrif olunmuş İslam adı ilə cəmiyyətin gerilikçi zehniyyətə tabe olması düşüncəsini də hamımız paylaşırıq. Ancaq “Kəmalüddövlə məktubları”nda Axundovun birbaşa İslam dininin əsaslarına hücuma keçməsi, “bütün dinləri puç və əfsanə hesab etməklə” Azərbaycan insanının ən böyük mənəvi dəyərinə saldırması, Türklərin monoteist inanclarına uyğun gəldiyi üçün içdən qəbul etdikləri Allahın dinini Ərəbin dini deyə aşağılaması qəbuledilməzdir. Bu əslində mövhumatla mübarizə aparmaq istəyən bir aydının ateist mövhumatçılığın əsasını qoymasına səbəb olmuş, sonradan sağlam din modelimizin formalaşmasına da öz mənfi təsirini göstərmişdir. Axundovun Əla-Zikrihissəlam obrazında nəzərdə tutduğu Həsən Sabbahın Protestantlığa yaxın bir cizgisini qabartmasını da anlayışla qarşılamaq olmur, çünki İmam Cəfərin oğlu İsmayıla dayanan apostolik silsilənin tərəfdarı olan və terrorizmi məşrulaşdıran bir təlimin ardıcıllarının elmlə məşğul olması və ya ismaili xəlifəsinin üzüaçıq geyimdəki qadınıyla gəzintiyə çıxması dəlillərinin Martin Lüterin əsasını qoyduğu protestantlığa uyğunluğunu əsaslandıra bilməmişdir. Çünki bunlar tamamilə fərqli təlim və davranışlardır və fərqli dinlərin təməlində yatan zəif nöqtələrlə əlaqəlidir. İslam elə bir güclü vəhy təməlinə sahibdir ki, Xristian dinində olduğu kimi onun əsaslarına saldırmaq mümkün deyil. Onun əsaslarına dayanaraq ümumiləşdirilmiş adı Batiniyyə olan qarşıq təlimlər yaradılmasının onlarla nümunəsi var tarixdə. Ancaq bu da tarixi faktdır ki, İslama qarşı bütün marjinal, anti-sistem nəzəriyyələri qısa müddətdə arxaik qalıntıya çevrilmişlər. Yəni nə Quranın məzmununa xələl gəlmiş, nə yeni Peyğəmbər gəlmiş, nə Zərdüşt İranlıların gözlədiyi kimi 929-cu ildə dirilmiş, nə kimsə zühur etmiş, nə Bab dirilmiş və üstəlik də addım-addım bu din dünyada yaygınlaşmağa davam etmişdir.

Öz fəlsəfi mülahizələri olan, dini bilgisı olsa da İslam dininə qarşı sərt inkarçı mövqe sərgiləyən Ağalar Məmmədovun bu mübahisələrdə tərəf kimi yer almasını tam anlayışla qarşılayıram. Digər dostlarımız və dost olmayan kəslər inciməsinlər, nə bəlli bir elm sferasına mənsubluqlarını təsdiqləmişlər (burada söhbət hansısa diplomdan getmir), nə təməl dini bilgilərə sahibdirlər, mübahisə meydanına elə səs-küylə girirlər ki, özlərini də çətin duruma salırlar. Bu elə bir mövzudur ki, Qurandan bir neçə ayə tapmaqla və ya Babək haqqında bir neçə mənbəni qeyd etməklə ciddi müzakirəyə qoşulmaq olmaz.

“Fətva” adlı yazımızda biz bilərəkdən elmi tədqiqat və ya araşdırma yazısı üslubunu seçmədik. Sadəcə güncəl olaylara baxışlarımızı paylaşmaq istədik oxucularla. Elmi tədqiqat əsəri kimi biz üç kitabımızda bu məsələ ilə bağlı görüşlərimizi ətraflı biçimdə açıqlamışıq və əgər qəzetlər və ya internet saytlar maraqlı olsalar mövzuya aid hissələri oradan çapa təqdim edə bilərik. (Bax: “Azərbaycan Türkünün İman davası” (Ankara 1997), “Türk kimliği ve Azerbaycan Vatanı” (Ankara 1998), “Azərbaycan Türklərinin dini-fəlsəfi dünyagörüşü” (İstanbul 2005) və bir sıra məqalələr) Ancaq mənbələri düzgün şərh etməyərək bizə qarşı əsəbi münasibətini ifadə etməklə dostlarımız ciddi yanlışlara yol verirlər.

Hörmətli Elçin Mirzəbəyli bildirir ki, Babək bədəvi işğalını niyə haqq sayırıq, ona qarşı vuruşan Babəki sapıq. Əslində milli təəssübkeşlik baxımından bizi nə bədəvilərin işğalı, nə də ona müqavimət göstərənlər elə də maraqlandırmamalıdır. Biz sadəcə onların təbliğ etdiyi İslam dinini haqq dini sayırıq və bunu siz deyən kimi olsa belə işğalla etmişlərsə, yenə də “sağ olsunlar ki, bizə ən gözəl əxlaqı tamamlamaq üçün gəlmiş bir haqq dinini gətirmişlər” formulu ilə məsələyə yanaşırıq. Halbuki Xürrəmilər hadisəsinin bu işğalla yaxından-uzaqdan əlaqəsi olmamış və bu hərəkat İran islamlaşandan (əsl həqiqətdə isə İslam İranlaşdı) 170 il sonra meydana gəlmişdi. Qeyd edim ki, təqdir olunası yanaşma nisbətən Anar Yusifoğluna aiddir ki, problemin araşdırma yoluna üstünlük vermiş, tərəf olaraq çıxış etmədən tarixi mənbələr üzərində gəzişmə etmişdir. Və gəldiyi nəticə bu olur ki, Babəkin dünyagörüşünün fərqli olduğunu göstərən başqa mənbələr ortada yoxdur. Olması da mümkün deyil. Çünki Xürrəmilik Cavidanın lideri olduğu dini cərəyandır və ardınca Babəkin liderliyi ilə Babəkilik adı da qazanmışdır. Bu dinin öz nəzəriyyəsi, simgələri mövcud olmuşdur ki, bunu da ərəb mənbələrindən tutmuş Nizamül-Mülkə qədər, Əbu-Reyhan Birunidən başlamış Qərb-Rus müəlliflərinə qədər üst-üstə düşən məqamları vurğulamışlar.

Tarixi faktlara müraciət edək: Tarixi Azərbaycan ərazisinin bütünündə islamlaşma təqribən 690-ci ildə başa çatıb. Babəkin doğulduğu iddia edilən Bilalabad şəhəri Həmədan yaxınlığında olub. 639-da Nihavənd yaxınlığında Ömərin qoşunları İran ordusunu məğlub edib, 642-də Həmədan İslamlaşıb. Babək hərəkatı isə 816-cı ildə başlayıb. O zaman isə Abbasılər sülaləsi hakimiyyətdə idi və əsas etibarilə ruhani hakimiyyət ərəblərdə, bürokratiya farslarda, ordu isə Fərqanə və Zərəfşandan gəlmiş Türklərdə idi. (Afşin, Buğra vs.) Deməli bu faktı unutmaq olmaz ki, bəzilərinin söylədiyi şəkildə Babəkə qarşı bədəvi ərəblər deyil, artıq Abbasilərdən başlayaraq xilafət ordusunun özəyini təşkil edən təmiz türk komutanlar və türk əsgərlər döyüşürdü. Bir sual verin görək axı bu türklərin nəyinə gərək idi ki, ərəbin dini üçün ölüm-dirim savaşına girsinlər. Həm də təkcə Babəklə deyil, sonrakı dövrlərdə Səlcukluların timsalında Ələmut qalasındakı İsmaililərlər və digər Batiniyyə təriqətləri ilə. Fikrimizcə, xürrəmilərin uzun illər apardığı müharibə yalnız ərəblərə qarşı deyil, islam inancına qarşı çevrilən bir mübarizə olmuş və öz dinlərini qorumaq məqsədi daşımışdır. Akademik Ziya Bünyadov Babəkin son ifadələrində açıqca ortaya qoyulan cümlələrə diqqət çəkirdi: “Mən ərəblər üzərində zəfər qazandıqdan sonra bütün ərəblər və xəlifə mənim dinimi qəbul edəcəklər və mənim göstərəcəyim yolda gedəcəklər. Belə ki, o zaman mən onları xristianlığa dəvət edəcəyəm və onlar xristian olacaqlar”. Burada Babəkin “mənim dinim” deyə nəzərdə tutduğu din əsl həqiqətdə Xürrəmilik və ya Babəkilik olmuş və bunun qəti olaraq xristianlıqdan fərqləndiyini göstərən dəlillər kifayət qədər mövcuddur. Gürcü tədqiqatçısı Nutsubidze də haqlı olaraq bildirir ki, “Babək üsyanı zamanı Məzdək kommunizmi ənənəsi dirçəlməyə başladı”.

Mənbələrdəkilərin özəti: Xürrəmi icmaları üçün ümumi istiqamət Əbu Müslümə pərəstiş olmuşdur. Onların qəti inanclarına görə, imamət Əbu Müslüm nəslinə aiddir. Bütün xürrəmi cəmiyyətləri ruhların geri dönüşünə (reenkarnasyon) etiqad edir, inanclarına görə yalnız adlar və cəsədlər dəyişir, ruhlar isə əbədi və dəyişməz qalırdı. Ruhların bir bədəndən digərinə keçməsi mövzusunda Xürrəmi təlimi qədim hindlilərin oxşar təlimində olduğu kimi idi. Xürrəmilərə görə, vəhyin arası heç bir zaman kəsilmir, bütün peyğəmbərlərə nazil olmuş kitablar və dini sistemlər müxtəlifliyinə baxmayaraq, göndərilmiş elçilərə bir müqəddəs ruh tərəfindən təlqin edilmişdir. İşığın zülmətə, xeyrin şərə qarşı mübarizəsinin vacibliyi və nəhayət “işığın zülmət, xeyrin şər üzərində böyük zəfərinin da labüd olduğu” təbliğatını aparan Babəkilik həm islam, həm də xristian dininə qarşı olmuşdu. Babək ərəblərə və onların dininə nifrət bəsləmiş, bütün ömrü boyu xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan öncə mövcud olan qanunları bərpa etməyə çalışmışdır. Birincisi, o özünün müsəlman olmayan Babək adını bərpa etmişdir. İkincisi, Allahın insan surətində olması barədə (hülul) nəzəriyyəni elan etmişdir. Üçüncüsü, ruhun bir cisimdən başqa bir cismə keçdiyinə (tənasüx) inanmışdir. Dördüncüsü isə, imamın qeyb olan ruhunun çox sonralar dönəcəyini (ricət) etiqada çevirmişdir. Hülul və tənasüx əlamətlərinin İran mühitində yaranan İslam sektalarında da geniş yayıldığını nəzərə alarsaq, o zaman bu kimi əlamətlərin xürrəmiliyin köklərinin İran mühitinin yaratdığı dini-fəlsəfi təlimlərə dayandığını və bu təlimlərin stimullaşdırdığı bir hərəkat olduğunu iddia etmək olar.

Xürrəmilərin yaşadıqları ərazini işğaldan qorumaq üçün islama qarşı mübarizə aparması da yeganə dəlil kimi qəbul edilə bilməz. Çünki xürrəmilərin mənbələrdə göstərilən əxlaq doktrini, anarxist həyat tərzləri, peyğəmbərlik iddiaları, ruhun tənasüxü məsələləri də daxil olmaqla, heç bir cəhətləri islamın prinsiplərinə uyğun gəlmirdi. Anlaşıldığı kimi, bu barışmaz dini-fəlsəfi dünyagörüşlərin qarşılaşması idi və islam dini sabitliyi pozacaq heç bir dini hərəkata sərbəstlik verə bilməzdi. Ərəb ordularının İranı işğal edərkən Zərdüşt təlimi tərəfdarlarına tolerant münasibət göstərməsi də onun dövlət dini kimi sabitliyi və sistemi qoruma gücünə münasibətdən irəli gəlirdi. Eyni münasibətin 170 il sonra meydana çıxan Xürrəmiliyə göstərilməməsinin səbəbini də məhz bu dağıdıcılıq amilində axtarmaq məqsədəuyğun olardı.

Ərəblərlə düşmən olan farsların Əbu Müslümün öldürülməsi hadisəsini həzm etməyərək dəstək verməsi, eləcə də Bizanslıların, xristian gürcülərin və ermənilərin dəstəyi nəticəsində bu müqavimətin geniş miqyas alması mümkün olmuşdur. Bu səbəbdən də Babəki-Xürrəmilər hərəkatının Azərbaycanda baş verməsinə baxmayaraq yalnız İran milli ruhu üçün uyğun gəldiyini iddia etmək əsassız sayılmamalıdır.

Müasir Azərbaycan tarixçilərinin bir qismi mənbələrin bu mövzuda açıqladığı görüşləri, ərəblər və ya onların təsirində qalan qərəzli müəlliflərin görüşləri olaraq qiymətləndirməkdədirlər. Ancaq burada hər görüşün qərəzli olduğunu ehtimal etsək də, xürrəmiliyin ruhlarla, əxlaq qaydaları və sosial tələblərlə bağlı görüşlərində islam və xristian dəyərlərindən fərqli məzmunda olduğunu inkar etmək mümkünsüzdür. Tarixi mənbələr və məntiq meyarları ilə qiymətləndirməyə cəhd edilərsə, Xürrəmiliyi təbliğ edən mənbələrdən bu təlimin gerçək mahiyyətini öyrənmək mümkün olmadığına görə, başqa mənbələrdəki üst-üstə düşən iddia və ya təsbitləri qəbul etmək daha məqsədəuyğun sayılmalıdır.Azərbaycan türklərinin Xürrəmi dininə bağlılığı barədə iddialar isə tamamilə əsassız və Sovet dönəmindən miras qalan Türk sistemi ilə əlaqəsi təhrif olunan Azərbaycançılıq təliminin yanlış məhsulu olaraq qəbul edilməlidir.

Azərbaycançılıq təliminə görə tarixi Azərbaycan coğrafiyasında hansı dövlət qurulmuşsa, çağdaş azərbaycanlılar da bu dövlətlərin və topluluqların varisləridirlər. Çox zaman da bu təlim coğrafi adlara əsaslanaraq mexaniki şəkildə hər termində müasir dilimizdə olan bir bənzərlik taparaq dili, dini, mədəniyyəti, ən başlıcası isə dini-fəlsəfi düşüncə sistemi türklərə tamamilə yad olan ünsürlərə və hadisələrə sahib çıxmaq məcburiyyətini aşılamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan tarixçilərinin çoxu Xürrəmiliyi fərqli bir din olaraq cəmiyyətə təqdim etmir, sadəcə ideoloji məqsədlərlə Babəkin şəxsiyyətində simvollaşan bir qəhrəmanlıq dastanı yaratmağa çalışırlar. Ancaq bu cəhdlərində də Babəkin milli kimliyi, gerçək dini düşüncəsilə bağlı inandırıcı məlumatlar verə bilmirlər.

Başqa bir ittihamında hörmətli Elçin bəyin Nisa surəsinin 34-cü ayəsindən sitat gətirməsi və bizə qarşı ittiham yönəltməsi qəribə səslənir və yenə də məsələyə səthi yanaşma kimi dəyərləndirilməlidir. Hörmətli Elçin bəy yazır ki, dediklərimi sübuta yetirmək üçün hörmətli Fazil bəyin diqqətinə Nisa surəsinin 34-cü ayəsindən kiçik bir iqtibası çatdırmağı özümə borc bilirəm: "...Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün!" və ardınca qeyd edir ki, “Şübhəsiz, mən də istənilən özbaşınalığın, qeyri-etik davranışın əleyhinəyəm. Buna rəğmən, bütün problemlərin sivil, mədəni varlığa xas olan bir yolla həllinin tərəfdarıyam və təbii ki, Nisa surəsindən gətirdiyim iqtibasdan sonra ortalığa bir sual çıxır: Fazil Mustafa siyasi partiya sədri, millət vəkili və hüquqşünas kimi hüquqi, dünyəvi dövlətin, qanunun aliliyinin təmin olunmasının tərəfdarıdır, yoxsa.... münaqişələrin, mübahisələrin zorakı üsullarla həll edilməsinin? Əgər Fazil bəy bu məsələlərin həllində Quran ayələrini, sünnə, yaxud şəriət qaydalarını əsas götürürsə deməli, o teokratik idarəçiliyin tərəfdarıdır və belə olduğu təqdirdə onun dünyəvi Azərbaycan Respublikasının Milli Məclisində nə işi var?”
Əvvəla hörmətli Elçin bəyin həmin ayənin digər tərcümələri ilə tanış olmadan cavab yazması bizə yönəlik yanlış və əsassız ittihamlar irəli sürməyə həvəsləndirmişdir. Onlardan yalnız birini -Mustafa İslamoğlunun Quran təfsirində yer alan dəqiq tərcüməni diqqətə çatdırıram: “...Dürüst və ərdəmli qadınlar həm (Allaha) itaət edən, həm də Allahın qoruduğu (iffəti ərlərinin) yoxluğunda da qoruyan qadınlardır. Sədaqətsizlik etmələrindən çəkindiyiniz qadınlara gəlincə: onlara öyüd verin, sonra yataqlarında yalnız buraxın, nəhayət (keçici bir sürə) ayırın. Daha sonra itaət edərlərsə, aşırı gedərək onlar əleyhinə bir yol mənimsəməyin...” “Döyün” kəliməsi əksər tərcümələrdə yer almadığına görə bunu mütləq sübut kimi irəli sürə bilməzsiniz. Üstəlik də burada “sədaqətli və ərdəmli qadınlara” sayğını qeyd etmədən ikincilərdən bəhs etmək ardıcıllığı pozmuş olur. Allahın kəlamına bu qədər məna vermədən yanaşmaq da təəccüb doğurur. Üstəlik məni millət vəkili olaraq Quranın doğru mesajına yanaşmamı teokratiya tərəfdarı kimi alqılayaraq nəyi söyləmək istəyirsiniz? Sizcə orada yazılmalıydı ki, “Sədaqətsizlik etmələrindən çəkindiyiniz qadınları birbaşa mükafatlandırın?” Hansı dünyəvi sənəddə bu cür qadınlara bir-birini tamamlayan üç cür ədalətli davranış tələbi yer alır. Və sonda “itaət edərlərsə dayanın” tələbi qoyulur. Bununla da iş bitmir. Qadının hər hansı zorakılıqdan şikayət etmə hüququ tanınır. Üstəlik də Peyğəmbərimizin həyatında bir dəfə də olsun qadının döyülməsi faktı yoxdur və bunu edənləri də qınadığı hədislərlə tanış olsanız daha doğru nəticə çıxararsınız.

Başqa opponentlərimizdə ən ciddi qüsur da, cavab verərkən Axundovda olduğu kimi ya Qurandan misal gətirərək Peyğəmbərin öz oğulluğunun boşadığı qadınla evlənməsi və ya Nisa surəsinin 34-cü ayəsinin yolunu azmış qadının döyülməsinin yanlış olduğunu isbatlamağa çalışmaqdır. Bunun özü də səmimiyyətsizlikdir. Biz, Qurana Allah kəlamı kimi baxır və onun bütün müddəalarının haqq olduğunu qəbul edirik. Fikir müxtəlifliyi tətbiqat, fiqh və başqa məsələlərdədir. Sizlərin isə Allahın dinini Ərəbin dini, kitabın ayələrinin isə zərərli olduğunu iddia edirsinizsə, Axundovun, yaxud da A. Məmmədovun mövqeyində duraraq müzakirəyə qatılmanız daha anlaşılan olardı. Bəli İslam Peyğəmbərinin həyatı müsəlmanlar tərəfindən örnək olaraq götürülürsə, demək ki, ən kiçik detallara qədər bu həyat vəhylə tənzimlənmişdir. Zərdüştilikdə, Xürrəmilikdə olduğunun əksinə qan qohumları ilə evlənmənin yasaqlandığı İslamda peyğəmbər nümunəsində qan qohumu olmayan şəxslərin ailə düzəninin qurulması təqdir olunmuşdur. İslamda əxlaqsızlıq nikahdankənar münasibətlərə şamil edilirsə burada yanlışlığın nə olduğunu söyləyə biləcəyinizə həqiqətən şübhə edirəm.

Digər tərəfdən İslam bizə milli kimlik yox, həyatın prinsiplərini verməkdədir, İslam insanlığa Ərəb toplumu vasitıəsilə göndərilmiş dindir, Ərəbin dini deyil ki... O zaman ərəblərin dünya siyasətinə cüzi təsiri də olmadığı çağdaş durumda insanlar bu dini niyə tərk etmirlər? ABŞ-da bu gün ərəb orduları İslamı yayır? Böyük Türk düşünürü Əli Bəy Hüseynzadə: “Türklərin milli xarakteri İslam olmağa uyğundur” deyir. “İslamiyyət türklərin dini, dini-millisi olduğunu” söyləyən Əhməd Ağaoğlu bunu Türklərin zorla, məhkum və məğlub olaraq deyil, hakim, qalib olaraq qəbul etməsinə bağlayır. Bizim cizgimiz böyüklərimiz olan Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun cizgisidir, bəlkə onları da səhv düşündüklərinə görə topa tutasınız?

Bu mövzuda diletatncasına da olsa yazanları və irad bildirənləri anlayışla qarşılayıram. Söhbət hansı platformadan durub tarixi, günümüzü, olayları qiymətləndirmədən gedir. Açığı Azərbaycanda tarixşünaslıq elmi demək olar ki, inkişaf etməyib. Məktəb yoxdur. Mətnşünaslıqla məşğul olan tarixçi kimliyinə sahib bir neçə hazırlıqlı alim və mütəxəssis var. Təəssüf ki, tarixə ənənəvi yanaşmalar da ideoloji və anti-ideoloji mahiyyətdədir. Bütün əsaslandırmalar ərazidən başlayıb insana çıxış üzərində qurulur: Məqsəd birdir: Tarixi Azərbaycan ərazisi və burada mövcud olan hər şeyin -daşın, binanın, hökmdarın müasir Azərbaycan və azərbaycanlılarla əlaqələndirilməsi. Halbuki, ən köklü Türk tayfaları Xəzərlər Azərbaycanın müasir ərazisindən yuxarıda məskunlaşır və nədənsə onlar Kür-Araz düzəngahına əsrlər boyu enib yaşamaq istəmirlər. Sadəcə Ərəblərlə döyüş zamanlarında Azərbaycan ərazisi Xəzər türkləri üçün savaş meydanına çevrilir. Digər tərəfdən, bütün ciddi tarixçilər (məsələn Zəki Vəlidi Toğan) Oğuzların gəlişi ilə bölgədə Türk ünsürünün mütləq mənada çoxalması görüşünü müdafiə edirlər. Onlardan əvvəl də burada Türk tayfaları olmuş, ancaq söhbət çoxluqdan gedir. Ərazidə başqa xalqların da çoxluğundan söhbət getmir. Nədir onda bu qədər tarixi mürəkkəbləşdirmək və yalançı tarix və qəhrəman axtarışlarına çıxmaq? Tarix, fiziki proseslərin baş verdiyi kəmiyyət zamanı deyil, keyfiyyətli zaman deməkdir. Vahid insanlıq tarixi mövcud deyil, ancaq tarixə fərqli baxışlar, ehtimallar mövcuddur. Tarixdə təzahürlər arasında kazual əlaqədən daha da mühüm semantik-məna əlaqəsidir. Biz tarixlə indimiz arasında semantik əlaqəni hələ də qura bilmirik. Midiya, Manna Atropaten bir yana dursun, hələ daha yaxın zamanlara aid Rəvvadilərin, Şəddadilərin, Sacilərin kimliyi, dünyagörüşləri üzərində inandırıcı təhlillər aparılmadı. Bəlkə məhdud bir ərazidən başımızı qaldırıb özümüzü bildiyimiz dədə-babalarımız olan Səlcuq və Oğuz Türklərinə bağlamaq, daha inandırıcı və dəqiq tarixlə əlaqələndirmək faydamıza olardı?

Kiçiklik kompleksi olan xalqlar kiçik bir dəyəri belə itirməkdən qorxurlar. Xalqımızın kiçik bir hissəsi indi milli dövlət qursa da, hər an Rusiya təhlükəsi başının üstündə olan, İranın ideoloji-dini basqısından narahatçılıq keçirən, üstəlik də Qarabağı itirdiyinə görə öz ərazisinin tamında söz sahibi olmayan vətəndaşlar durumundayıq. Nəyisə yenidən itirməkdən qorxuruq və öz doğru mahiyyətimizə də dönüşə risq etmirik. Statik, durğun, diriliş ruhu olmayan, axirət duyğusu zəif, nağıllara hədsiz aludə bir toplumuq. Üstəlik monoteist inancdan uzaq, təbiəti ilə dualist xarakterə sahib bir cəmiyyətik. Dinçisində Məhəmmədlə Əli bərabər statusda götürülür, Azərbaycançısında Məhəmmədlə Babək eyni qəlbdə rahatlıqla yer tapa bilir. Kimsə Xürrəmiliyin cəfəng fəlsəfəsini öz həyatında tətbiq etmir, kimsə Səfəvilərin maddiləşmiş Allah obrazını anlayışla qarşılamır, hamı təhrif olunmuş şəkildə də olsa İslam dininə uyğun bir həyat düzənində yaşayır. Ancaq eyni zamanda Xürrəmiliyi də, Səfəviliyi də dəyərsizləşdirməkdən qorxur, buna müqavimət göstərir. Biz görüşlərimizi hər zaman cəmiyyətlə açıq müzakirəyə çıxarmağa hazırıq. Bəzilərinin məqsədli şəkildə sırımaq istədiyi terminlərin altında da yer almırıq. Yəni onların anlamayacağı nura sahib olsaq da nurçu deyilik və İslamda təriqətçiliyi, məzhəbçiliyi ümumiyyətlə təqdir etmirik. Mövcud iqtidarın da bu sahədə siyasətini kökündən yanlış hesab edirik, çünki bütün bu kimi tarixi şəxsiyyətlərin hamısının əlinə bir qılıc verib, altına bir at qoyub bütə çevirməyə çalışan da indiki iqtidardır. Yəni iqtidarçı da deyilik. Sora bilərsiniz: Bəs onda biz nə istəyirik?

Bunlar hamısı tarixi şəxsiyyətlərdir və heç də onların insanlarımızın şüurunda qalmasının səbəbkarı mənfur Sovet rejimi deyildir. Güney Azərbaycanda Babək qalasına yürüş edən qardaşlarımızın hər halda Sovet sisteminə aid olmadıqları bəlli. Sadəcə uzun illər dövlət yaratmaq, müstəmləkədən qurtulmaq savaşı verən xalqlarda bəlli bir qəhrəman obrazlarına, saxta miflərə ehtiyac olur. Babəkə, Şah İsmayıla münasibəti bu baxımdan normal qəbul etmək lazımdır. Ancaq müstəqil dövlət qurduqdan sonra daha çox müasir insanımızın hansı faydalı mirası, yəni yuxarıda da qeyd etdiyimiz kimi, hansı keyfiyyətli tarixi miras olaraq seçməsi əsas müzakirə mövzusu olmalıdır. Bu baxımdan mən Azərbaycanlıların Nizami Gəncəviyə sahib çıxmasını yüksək qiymətləndirirəm. Nizamiyə sahib çıxmaq “Xəmsə” kimi nəhəng bəşəri mirasa sahib çıxmaqdır. Türk dilini zənginləşdirmiş, dövlət dili etmiş Xətaiyə sahib çıxmaqla babası Şeyx Cüneydin həlakının səbəbkarı olaraq gördüyü Şirvanşah Fərrux Yasarın atası I Xəlilullahın sümüklərini qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanın qəbirdən çıxarıb yandırmasını soyuqqanlılıqla müşahidə edən məzhəb xəstəsi İsmayıla sahib çıxmaq fərqli bir şeydir. Nadir şahın gerçəkləşdirmək istədiyi İslam birliyi yaratmaq kimi böyük missiyaya sahib çıxılmasına kim sevinməz? Müstəmləkəçiliyə qarşı səngərdə savaşan Cavad xana sahib çıxılmasına təqdirlə yanaşıram. Əgər söhbət Azərbaycan dövlətinin qurucusundan gedirsə, bəli bu dövlətin qurucusu, qoruyucusu Nuru Paşaya, onun təməl əsaslarını yaradan Məmməd Əmin Rəsulzadəyə milli qəhrəman deməyinizə kim sevinməyə bilər? Bakını alıb bizə paytaxt hədiyyə edən, Qarabağda indiyə qədər qura bilmədiyimiz hakimiyyəti heç bir statusu olmadan bir ay içində quran Böyük şəhidimiz Nuru paşanın adına bir küçə, metro stansiyası, universitet, hətta bir lövhə olmayan bir məmləkətdə Babəkə, Şah İsmayıla sevginin, ümumiyyətlə tarixə sevginin, sayğının səmimiyətinə kimi inandırmaq olar?

Bəziləri Şah İsmayıla iradı Sultan Səlimlə savaş kontektində qiyməyləndirir, yəni Türk dünyasının parçalanması kimi iradları ona qarşı yönəldirlər. Açığı hakimiyyət uğrunda mübarizədə Şah İsmayılın atdığı addımlar anlaşılandır. Sultan Səlimlə də, öz rəqibləri ilə də hakimiyyət uğrunda mübarizədə savaşmalı və qalib gəlməliydi. Babəkə də haqq qazandırıram. Öz dini uğrunda başqa dinin təmsilçiləriylə savaşmalıydı və qəhrəmancasına savaşıb. İslam mənsubları da doğru edib Allahın dininə qarşı savaşanları susdurublar. Ancaq söhbət qoyub getdikləri dünyagörüşündən, kültür mirasından gedir. Faydalı hesab edirsinizsə, öz həyatınızda bütün bu yanlışlıqları buyurub yaşayın. Bu gün ağıllı fransızlar Napolyonun hansı ölkələri işğal etməsi ilə deyil, 1804-cü ildə nəhəng hüquq abidəsi olan Mülki Məcəlləni qəbul etməsi ilə qürrələnirlər.

Sonda isə bəzi oponentlərimizin bizə qarşı təhqiramiz üslubda işlətdikləri əqidə və sapıqlıq barədə qısa bir izaha ehtiyac duyduq. Əqidə əqd sözündəndəndir. Bağlanmaq, yaxşı bağlanmaq, düyün vurmaq deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir. İstilahi mənası isə insanın heç bir şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir. Əgər bu inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə deyilməz. Yəni kimin hansı partiyada olması, kimin hansı siyasət izləməsinin əqidə məfhumu ilə məna bağları yoxdur. Mütləq bağlılığ Allaha və ya ona şərik qoşulan şeylərə ola bilər.

Bəzi qeyri dostlarımızın məntiqsizliyindən belə çıxır ki, bü gün azərbaycan əhalisinin çoxu sapıqlardan ibarətdir. Məsələn, kim ki, əvvəl Komminist partiyasdında olub indi YAP, AXCP, Müsavatdadırsa, kim AXCP-dən çıxıb Müsavata və ya AMİP-ə keçibsə, kim Yeni Müsavat qəzetindən çıxıb “Azadlığ”a keçibsə, kim “Yeni Azərbaycan”dan çıxıb “Yeni Müsavat”a gəlibsə, əlqərəz kim “Böyük Quruluş”dan çıxıb AXCP-yə keçibsə onu sapıq adlandırmaq olar. Belə çıxır ki, AXCP-dən çıxmaq sapıqlıqsa, o zaman AXCP-dən çıxartmaq da sapıqlıqdır. Məsələn mən, AXCP-dən 8 avqust 2000-ci ildə Rəyasət Heyətinin qərarı ilə çıxarılmışam, demək sizin anlayışınızla məni çıxaranlar da sapıq sayılmalıdırlar? Onda bütün qəzet, televiziya dəyişən jurnalistlər sapıqdırlar. Qalatasaraydan Fənərbaxçaya keçən azarkeşlər də sapıqdırlar. Və ya əksinə. Onda ictimai televiziyaya qarşı “El” hərəkatı yaradıb onun fəaliyyətini qaralayan, sonra heç bir il keçməmiş bu televiziyanın rəhbərinə rəğbətini bildirən Azər Həsrət başdan-ayağa prinsipsiz və sapıqdır. O zaman xürrəmilik motivləri ilə ölkədən qovulmuş Fəxrəddin Hacıbəylinin də vətəni Azərbaycandan yad məmləkət Almaniyaya qaçışı da sapıqlıq sayılmalıdır. O səbəbdən yaxşı olardı ki, sapıqlığı dini inanclardan o tərəfə aparmayaq. Böyük Mirzə Cəlilin demək istədiyi mənada hərənin diriləsi ən azı bir problemli ölüsü olduğuna görə ifadələri işlədərkən bir az diqqətli olmaq lazımdır.

Əsas olan Allahın yolundan sapmamaqdır.

18 yanvar 2012-ci il