Tarix təkrar olunur, yaxud dəyişən nədir?

tarix-tekrar-olunur-yaxud-deyisen-nedir
Oxunma sayı: 1978

Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomsonun 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışından: “...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir.”

Erməni stenoqraf protokolda “General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını bilərək açıq danışır...” qeydini etməyi də unutmayıb.
Bolşevik Rusiyasının Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislərin əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı olduğu, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərinin cızıldığı arxivlərimizdə saxlanan bu və bir xeyli belə sənədlərdən də aydın görünür. Tomsonun Ermənistan hökumətinin rəhbərləri Xatisov və Tiqranyanla həmin iclasdakı dialoqları da çox ibrətlidir, həm də erməni və azərbaycanlı siyasilərin Zəngəzur, Dağıq Qarabağ məsələsinə münasibətlərindəki, eləcə də xarakter və düşüncələrindəki fərqləri də göstərir.
Bu iclasdan 4 gün sonra aprelin 2-də Gorusda “Sisian və Zəngəzurun qurultayı” keçirilir və qərar qəbul edilir: “Azərbaycanın Ermənistanın bir hissəsi olan Zəngəzuru tutmaq cəhdlərinə qarşı silahla cavab verilsin” .


Ermənilərə verilən tarixi dərs


1918-ci il sentyabrın 4-dən başlayaraq general Andronik Uzunyan Amerika, Fransa, İngiltərə, Yunanıstan, Rusiyanın çox böyük səxavətlə silahlandırdığı ciddi hərbi intizama malik qoşunları ilə Zəngəzurda 115-dən çox türk-kürd kəndini yağmalayaraq dağıtmış, Sisian və Gorusun 70 kəndində hər beş müsəlmandan birini qətlə yetirib Gorusu mərkəz seçib özünü “Zəngəzur qubernatoru” elan etmişdi. Ancaq elə həmin günlərdə Zəngəzurda tariximizin yaddaşına xalqın iradəsinin nəyə qadir olduğunu göstərən bir şanlı səhifə də yazılmışdı. Laçınlı Sultan bəy Paşabəy oğlu Sultanov başının dəstəsi ilə Zabux dərəsində Andronikin canlı qüvvəsini mühasirəyə salaraq, barmaqla sayılacaq qədər mühafizəçiləri istisna olmaqla tamamən məhv etmişdi. Andronik bu biabırçı məğlubiyyətdən sonra xəfiyyəsi olduğu, planlarını yerinə yetirməyə zamin durduğu İngiltərə və Fransa hökumətlərinin yardımı ilə miskin görkəmdə əvvəl Tiflisə, oradan da Avropa və Amerikaya qaçmışdı (25 mart 1919).

Erməni daşnakları Əsgəran qalası, Şuşa da daxil, bütün dağ Qarabağa nəzarəti ələ keçirib “Qarabağ Respublikası” yaratmışdı. “Bakı Soveti” isə Şaumyanın əlində idi. Koalisiya qüvvələrinin-ingilis, fransız, italyan hərbçi və diplomatlarının təlimatı ilə hazırlanıb qarşıya qoyulan məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 respublikanı özlərinin nüfuz dairəsinə daxil etmək, Bakı neftinə sahiblənmək, Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini qırıb bu əraziləri boşaldıb yeni yaradılacaq xristian Ermənistan respublikasına qatılmasına maneəsiz zəmin hazırlamaq, Zəngəzur və Qarabağdakı erməni qoşunlarının birləşib Gəncəyə hücum etməsi, Azərbaycan Milli Şurasını-Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Bakıya tərəf hərəkətə başlayıb üzübəri gələn Bakı sovetinin hərbi hissələri ilə birləşib “Böyük Ermənistan” ideyasını tez bir zamanda reallaşdırmaq, Nuru paşa komandanlığında Qafqaz İslam Ordusunun hərbi yardımı gəlib çatanadək Qafqazda- Türkiyə və İranla Rusiya arasında elan edilmiş müsəlman-türk cümhuriyyətinin yaranmasına imkan verməmək, koalisiya qüvvələrinin Atatürk komandanlığında Anadoluda uğradıqları sonuncu səlib yürüşündəki acı məğlubiyyətin əvəzini Qafqazda müsəlman türklərindən çıxmaq idi. Ötən il 140 yaşı tamam olan Sultan bəy Azərbaycan tarixinə öz adını həm də Azərbaycan Xalq Cümhuriyyətinin xilaskarı kimi əbədi yazdırmışdı; tarixdə misli az-az olan peşəkarlıq, ermənilərin yuxuda da ağlına gəlməyən müdrik dəqiqliklə hazırlanmış həmin cəsarətli hərbi əməliyyatı Sultan bəy Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətindən hərbi kömək almadan, ala bilmədən aparmışdı, erməni və erməni dostlarının bu planını puça çıxarmışdı. Həmin günlərdə paralel olaraq Sultan bəyin qardaşı, AXC-nin ilk hərbi naziri, Gəncə, sonra da Qarabağ quberniyasının general-qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi altında Qarabağdakı milis və yenicə təşkil edilən hərbi dəstələrin iştirakı ilə erməni hərbi hissələrinə qarşı uğurlu əməliyyatlara başlanmış, Əsgəran və Şuşa azad edilmiş, Erməni Milli Şurası Şuşadan qovulmuşdu.

Lakin acı təəssüflər olsun ki, ermənilərin Laçın, Şuşa, Əsgəranda aldığı sarsıdıcı zərbələrdən və Nuru paşa komandanlığında Bakının azad edilməsindən sonra da AXC hökuməti yaranmış vəziyyətdən istifadə edərək Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq fürsətini əldən verdi.


Xosrov bəy Sultanov: “...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik”

Qarabağda baş verən hadisələrin mərkəzi siması olaraq Xosrov bəy Sultanovun 1918-ci ilin mayından başlayaraq aprel 1920-ci ilədək Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsibbəy Yusifliyə ünvanladığı xeyli məktub, teleqram, raportları arxivlərdə durur. Xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra 25 iyun 1919-cu il tarixdə Milli Şuraya göndərdiyi “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər” adlı məlumat-məruzəsi, eləcə də Zəngəzur qəzasının rəisi Məlik Namazəliyevin Gəncə, ardınca da Bakıya göndərdiyi onlarla məktub, teleqram da Milli Şuranı, AXC Hökumətini lazımi zamanda qətiyyət, siyasi iradə, cəsarətli hərəkətə keçməyə sövq edə, inandıra bilmədi. Xosrov bəy həmin günlərdə israrla xarici emissarların kölgəsində Qarabağda lövbər salmış Erməni Milli Şurasına və onların himayəsindəki silahlı dəstələrə 6 gün ərzində tabeliyindəki hərbi hissələri ilə birlikdə Qarabağ və Zəngəzurun hüdudlarından çıxması barədə ultimatum verilməsini, yuxarı Qarabağ ərazisindəki əslində mövcud olan ikihakimiyyətliyə son qoyulmasını, imtina edib çıxmadıqları təqdirdə, AXC–nin hərbi hissələrinin təxirə salınmadan Zəngəzura yeridilməsinə icazə və kömək istəyirdi, İranla sərhəd bölgələrində boş-boşuna dayanmış 600 nəfərlik top-tüfəngli hərbçilərin bu məqsədlə onun sərəncamına göndərilməsini rica edirdi, xəzinədən ayrılmış pulun, hərbi geyimlərin hələ də gəlib çatmadığını yazırdı, erməni silahlı qüvvələrinin Laçında ağır itkilərə məruz qalmasından sonra bir daha müvazinətini düzəldə bilmələrinə imkan verməmək üçün bunun vacibliyini əsaslandırırdı və İrəvandan Azərbaycan torpaqlarının qəsbinə planlanan, uzağa hesablanan hərbi yürüşlərinin qarşısının alınmalı olduğun yazırdı, təhlükə barədə dönə-dönə xəbərdarlıq edirdi. O, ingilislərin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələrin ermənilərin xeyrinə olduğunu, bununla vaxt qazandıqlarını, imkan düşdükcə öz bəd əməllərini davam etdirəcəklərini, AXC hərbi dəstələrinin Şuşa və Laçından (Abdallar) çıxarılmasının yolverilməz olduğunu, ingilis siyasətinin Zəngəzur və Qarabağı Azərbaycandan qoparmağa yönəldiyini, iki qonşu xalq arasında münasibətləri hədsiz kəskinləşdirdiyinə dair sənədlər, sübutlar, müraciətlər göndərirdi, əvəzində isə AXC Bakıdan İrəvana, Tiflisə, Amerika, İngiltərə, Fransa, İtaliyanın hərbi və diplomatik missiya başçılarına xahişlər, dişsiz xəbərdarlıqlar, ard-arda nəticəsiz qalan notalar göndərirdi. Xosrov bəy 28 may 1918-ci ildə Tiflisdə Hərbi nazir vəzifəsini qəbul edərkən Milli Şura qarşısında 3 vəzifəni yerinə yetirəcəyini bu sıra ilə elan etmiş və bundan ötrü Hökumətin yardımını istəmişdi: “erməni hərəkatı ilə mübarizə və bu hərəkatın tamamilə məhv edilməsi, qayda-qanunun bərpa olunması, məcburi köçkünlər arasında gəzən epidemiyalarla mübarizə, onlara yardım”.

General-qubernator Xosrov bəy sülh və danışıqlardan istifadəni də məqbul sayırdı, məkrli qüvvələrin əli ilə Zəngəzur və Qarabağın dinc erməni əhalisinin də müsəlman türklərlə bərabər düçar olduğu bəlaları sadalayaraq özlərini vətənsevər, erməni millətinin xilaskarları adlandıran fitnəkarların hərəkətlərinə müqavimət göstərməyə, onların yalançı vədlərinə uymamağa çağırırdı. Xosrov bəyin Zəngəzur sakinlərinə rus, türk, erməni dillərində ünvanladığı müraciətlərdən sətirlər: “Zəngəzur camaatı, fəhlələr və kəndlilər, mən sizə üz tuturam.. nümayiş etdirin ki, sizin anarxist və avantürist elementlərlə heç bir əlaqəniz yoxdur. Elə olarsa, mən sizə şəxsiyyət və əmlak toxunulmazlığı təminatı verirəm və mən həmişə sözümün sahibi olmuşam. Lakin əgər qanundankənar elementlərlə əlaqəyə cəhd göstərsəniz, siz Azərbaycan Respublikasının qanunlarına zorla tabe etdirmək üçün mənim kifayət qədər imkanlarım vardır. Belə olsa, töküləcək qan üçün məsuliyyət sizin üzərinizdə qalacaqdır”. Bu müraciətin ardınca 1919-cu il avqustunda Şuşada Qarabağ ermənilərinin 7-ci qurultayının (Zəngəzur və Qarabağda azərbaycan türklərinin hər hansı toplantısı barədə məlumat tapa bilmədik-H.N) vəkil etdiyi təmsilçilər Azərbaycan hökumətini tanıyıb tabe olacaqları barədə Xosrov bəylə yazılı saziş imzaladılar.
Erməni məsələsində tutduğu qətiyyətli mövqenin nəticəsi olaraq Rusiyada ali hərbi tibb təhsili almış general Xosrov bəy tezliklə istefaya getməyə məcbur qaldı və yeni hökumətdə Əkinçilik naziri postuna təyin edildi, ingilis hərbi-diplomatik missiyası isə onun Gəncə, Qarabağ general-qubernatorluğunu tanımaq üçün AXC hökuməti qarşısında bir xeyli təhqiramiz şərt irəli sürdü. General Tomson Yerevandakı qapalı iclasdakı çıxışında 9 dəfə Xosrov bəyin adını hallandıraraq demişdi: “...doktor Sultanov Azərbaycanın Qarabağdakı agenti, pantürkist və Türkiyənin ən qatı tərəfdarıdır”. Doğrudan da bu qeyrətli, cəsur, vətənsevər insan son gücünə qədər ermənilərin Zəngəzurdan Şuşa da daxil, Qarabağın dağlıq hissəsinə girməsinə, Zəngəzur qırğınlarının burda təkrar olunmasına imkan vermədi, gücü, qüvvəsi yalnız bura qədər yetdi.


Cavabı əvvəlcədən bəlli olan etiraz notaları


1918-ci il, 13 avqust, 20 aydan çox davam etmiş həmin mənasız, dişsiz yazışmalardan bir nümunə. Baş nazir Fətəlixan Xoyskidən Azərbaycanın Tiflisdəki diplomatik nümayəndəsi M.Y.Yusifova: “Azərbaycan hökumətində olan dəqiqi məlumata görə, general Andronikin dəstəsindən olan erməni hərbi hissəsi Ermənistanın hüdudlarından Azərbaycana tərəf hərəkət etmiş, Şuşa şəhərinə gedən yolun (Əsgəran), Zəngəzur qəzasının bir hissəsini və Gorus adlanan yeri zəbt etmişdir... Buna görə də sizdən xahiş edirəm Ermənistan hökumətinə belə bir sorğu göndərəsiniz ki, bu hərbi hissələr onun icazəsi ilə hərəkət edirmi və bu hissələr Ermənistan hökumətinə tabedirmi, əgər bu təsdiq edilərsə, xahiş edirəm bununla bağlı Ermənistan hökuməti qarşısında ən qəti etirazınızı bildirin və iki qonşu respublika arasında dostluq münasibətlərinin qorunub saxlanması xatirinə bu hissələrin Azərbaycanın hüdudlarından geri çağırılması üçün ən təcili tədbirlər görülməsini rica edin. Ermənistan hökumətinıə göndərdiyiniz təliqənin Almaniya və Avstriyanın Qafqazdakı missiyasının nümayəndəsinə də göndərməyinizi xahiş edirəm.”
Bu məktub o günlərdə yazılmışdı ki, Andronikin dəstələri Zəngəzurun yuxarı hissəsində azı 80 min insanı yer-yurdundan qovub kəndləri talan, qarət edib xarabalığa çevirmişdi, 5 mindən çox əliyalın körpə, uşaq, qadın, qoca, cavanı qırmışdı, Zabuxdan (Laçın) Şuşaya, oradan isə Gəncəyə daxil olmaq üçün 3 dəfə güclü hücuma keçmişdi, yalnız Sultan bəyin igidliyi sayəsində cəhdləri boşa çıxmışdı.

Ermənistan hökumətinin cavabı belə idi: “general Andronikin və onun dəstəsinin Ermənistanın milli qoşunlarına və onların orqanlarına heç bir aidiyyəti yoxdur və Ermənistan hökuməti onların məsuliyyətsiz fəaliyyətinə görə heç vəchlə cavab verə bilməz.” Erməni həm də bu sifətinə-xislətinə görə qalib gəlməyi bacarır.
23 aylıq mövcudluğu ilə haqlı olaraq qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin mədəni, savadlı, intelligent, sülhpərvər, bir çox hallarda sadəlövh, yumşaq xarakterl rəhbərləri acı təəssüflər olsun ki, xaricdən gəlib Tiflis,
İrəvan, Bakı, Gəncə, Şuşa, Gorusda lövbər salmış polkovnik, general, diplomat libaslı xristian emissarların diqtəsi ilə ermənilərlə Zəngəzurda, Qarabağda, Bakıda da “pişim-pişim”lə danışmağı üstün tutur, onların nazı ilə oynayırdılar. Hələ üstəlik 1918-ci ilin qanlı mart qırğınlarından, Nuru paşa komandanlığında Bakının işğaldan azad edilməsindən sonra belə ermənilərin həyasızlıqla AXC-nin Bakıdakı bütün hökumət strukturlarında möhkəmlənmək, parlamentdə daha çox yer tutmaq səylərinə nəinki gərəkən cavab verilmədi, hətta süst biganəliklə, sanki heç nə olmamış kimi ermənilərin Bakıda yenidən qol-qanad açmalarına imkan yaradıldı.


Andronikin şərəfsiz missiyasının davamçıları- Njde, Dro


Yuxarı Zəngəzurda axıdılan qanların torpaqdakı izləri hələ qurumamışdı, insanlıq adına ləkə olan vəhşət durmaq, qurumaq, durdurulmaq bilmirdi. Müsəlman-türk qanına susayan ermənilərin və onlara dayanmaq yox, irəli, vur, qır deyənlərin məkri Zəngəzurda getdikcə daha qanlı formalarda davam edirdi. Acı təəssüflər olsun ki, üstündən 93 il vaxt keçsə də, ictimaiyyət bu qanlı faciələrin əsil miqyasından, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyildir.

Budur, həmin qanlı qırğınların növbəti siqnalını verən bədnam əmr:

“Qafan-Genvaz-Tatev hərbi hissələrinə
ƏMR
Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır.
Sabah sizin güclü hücümunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəndə sizi bu gün düşmənlər tərəfindən təhqir olunmuş kilsə və qalalarımızın qədim xarabalıqları salamlayacaqdır. Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...
Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...
İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.
Qafan, Tatev (Gorus)-Genvaz (Meğri) hərbi qüvvələrinin ümumi komandanı Njde”

1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda; Oxçuda əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən ötrü xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-dən çox qadın və uşaq doldurulub, içəri qumbaralar atılıb sonra od vurub yandırılıblar, bu kəndin 1400 sakinindən yalnız 10-12 nəfər sağ qurtulub, öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub, Şabadindən cəmi 8 kişi, 7 qadın sağ çıxıb, Atqız kəndinin 4000 sakinindən yalnız 261 nəfəri mühasirədən sağ çıxa bilib, onların da 167-si Gığı dərəsindən Ordubada keçən qarlı, şaxtalı yollarda donub ölüblər, Çaylıda 900 müsəlman öldürülüb, tamamən mühasirəyə alınmış Mədən, Şəhərcik, Buğacıq, Mollalı, Həkəti, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan, Zəngəzur qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qaladərəsinə qədər ərazidəki 48 kəndin əhalisi amansızlıqla qətlə yetirilib, evləri tamamən yandırılıb, talan, qarət edilib. Qubadlının 93-cü ilin 31 avqust işğalına qədər o kəndlərin bir
çoxunun xarabalıqları dururdu, heç kəs oralarda yenidən məskən salmağa ürək etməmişdi, insanlar o yerlərə gizli bir qorxu hissi ilə baxırdılar ki, qırılan insanların ruhları hələ də o kəndlərin xarabalıqları üzərində gecə-gündüz qorxunc inilti ilə haray çəkirlər, bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb.
Njde bu qanlı qırğın əmrini verəndən cəmi 1 həftə əvvəl-23 noyabrda Tiflisdə Ermənistan və Azərbaycanın baş nazirləri A.Xatisovla N.Usubbəyov arasında Amerika ordusunun baş qərargah polkovnikinin, Gürcüstan xarici işlər nazirinin iştirakı ilə sülh sazişi imzalanmışdı və dekabrın sonlarına ABŞ, Böyük Britaniya, Fransa, İtaliya hökumətlərinin Qafqazdakı missiya başçılarının iştirakı ilə birgə sülh konfransının keçirilməsi barədə razılıq əldə olunmuşdu. Budur erməni məkri, hiyləsi və müsəlman türk sadəlövhlüyü, unutqanlığı...

“Yalvarıram, təcili tədbirlər görün... Zəngəzur sarıdan başınız sağ olsun, heç olmasa Qarabağı xilas edin...”

Arxivlərdə, son illər nəşr edilmiş kitablarda, o cümlədən AXC Parlamentinin iclas stenoqramlarında 1919-cu ilin noyabrından başlayaraq onlarla ziyalının, el-oba ağsaqqalının, Hökumət tərəfindən vəkil edilmiş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları ilə göndərilmiş xəbərdarlıq teleqramlarından, xüsusən Zəngəzurdan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş Cəlil Sultanovun AXC Hökumətinə, Parlamentə, “Müsavat”, “İttihad”, “Sosialistlər” fraksiyalarına ünvanladığı, Zəngəzurdan deputat seçilmiş digər həmkarı Mirzə Sadıq Axundzadə tərəfindən Parlamentdə oxunan, “Azərbaycan” qəzetində dərc edilən, dekabrın ilk günlərindən-Njdenin hücumları başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən, Zəngəzur, Qarabağdan gələn harayları dinləyək, erməni qətliamlarının tükürpədən gerçəkliklərinin əks olunduğu teleqramlardan bir neçəsinə nəzər salıb nəticə çıxarmağı oxucuların öhdəsinə buraxaq.

“Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən ermənilərlə əhatə olunmuşuq, onların bütün əməlləri və rəftarları bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların köməyinə nizami qüvvələr gəlib. Onların top və pulemyotları var. Biz çıxılmaz vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb mərhəmət diləyirik və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə və pulemyotu olan bir neçə zabit göndərin. Əgər göndərməsəniz, xəbər verin ki, biz vaxtında öz kəndlərimizi tərk edək, yoxsa biz bilirik ki, xilas ola bilməyəcəyik.”

“Silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qalmış, məzlum, bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngəzur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir….Xankəndində əhalinin müdafiəsi tapşırılan qarnizon əmr verilmədən müdafiəyə başlamağa cəsarət etmir…Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, əks təqdirdə, hökumətin köməyini və icazəsini gözləmədən özünümüdafiə tədbirləri görməli olacağıq.”

“Fərəcan, Göyyal, Çərəli …səkkiz kənd yanır, tüstü göyün üzünü bulud kimi alıb. Mən 300 silahlı adamımı ora Zəngəzura kömək üçün göndərmişəm. Lakin bu, dənizdə bir damladır. Xahiş edirəm tədbirlər görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz.”

“Ermənilər Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu-H.N) işğal etdilər. Hücum 4-cü sahəsinə və Cəbrayıl qəzasının sərhədində gedir. Ermənilərin 8 topu, 60 pulemyotu var, Ararat qoşunları mütəşəkkildir. Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə məcburdurlar. Zəngəzurda artıq hər şey bitib.”

“...Ermənilər Azərbaycanın müstəqilliyin tanıdıqdan sonra konfransı fakt qarşısında qoymaq qərarına gəliblərmişlər. Təkrar edir və yalvarıram, təcili qoşun göndərilməsi üçün tədbirlər görülməlidir. Teleqramımı hamıya élan etməyinizi xahiş edirəm. Hərbi əməliyyat yerinə gedirəm.”

“Həlak olmuş Zəngəzur müsəlmanları sizə cansağlığı diləyirlər. Zəngəzurlular nə qədər ağlasalar da, onların iniltisi cavabsız qaldı, heç kəs onların köməyinə gəlmədi. Qadınların döşləri kəsilib, uşaqların başları kəsilib, bədənləri qan içindədir. Ermənilərin əllərinə düşən gözəl qızlar zorlanır. Zəngəzurda düşmənə müqavimət göstərmək üçün kişilər həddindən artıq azdır və onların kənardan köməyə bütün ümidlərini itiriblər”.

“Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir necə ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar.
Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın Dağlıq hissəsinin erməniləri surətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin.

Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və satqınlığa bərabərdir." (ARDA: f. 895, siy. 1, iş 299, vər. 18, 22, 26).

Sonradan yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının məruzəsindəki faktlardan göründüyü kimi, Cəbrayıl və Cavanşir qəzalarında da hücum və qırğınlar eyni amansızlıqla davam etmişdir.

İngilis jurnalisti Skotland-Liddell həmin qanlı yanvar günlərində Zəngəzura gəlib törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə bölgəyə səfərində gördüklərini “Müsəlmanlarla müharibə, ermənilər yenidən hücum edirlər” adlı məqaləsində vicdanlı obyektivliklə qələmə alıb. Həmin məqalədən bir neçə sətir: “...hər iki hökumət tərəfindən Tiflisdə noyabrın 23-də müqavilə imzalanmışdı və bütün mübahisəli məsələlər Böyük Dövlətlər tərəfindən həll edilənədək hər iki tərəfin sülh şəraitində yaşayacağına ümid yaranmışdı. Lakin müqavilənin imzalanmasının ardınca ermənilər dərhal Azərbaycan ordusunun geri çəkilməsindən istifadə edərək Zəngəzurda qırxadək müsəlman kəndini darmadağın etdilər. ...doqquz müsəlman kəndini də Şuşa yolu üstündə darmadağın etmiş, əhalinin böyük əksəriyyətini isə vəhşicəsinə öldürmüşlər...Azərbaycan Hökuməti bununla bağlı etirazını bildirsə də, Ermənistan Hökuməti bu faktları rədd edən cavab aldı...Ermənistan ona görə bədbəxtdir ki, “Daşnaksütyun” partiyası orada qüvvədədir. Bu uzun illər erməniləri müsəlmanlara qarşı hücum etməyə sövq edən inqilabçı terror təşkilatıdır. Ermənilər bacarıqlı müntəzəm təbliğat vasitəsilə layiq olmadıqları həddə rəğbət qazanırlar. Ermənistan həmişə dava-dalaş aхtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər ki, amandı qoymayın qırdılar bizi. Daşnak üçün öldürülmüş erməni daha əzizdir. Bundan istifadə edərək, erməninin ölüsü qalхıb haray – həşir təpir ki, ayə mən özüm ölməmişəm, məni müsəlmanlar öldürüblər...Londonda, Fransa, Birləşmiş Ştatlarda erməni büroları mövcuddur, onların ən sevimli metodu “xristian” sözündən istifadə etməkdir. İndi Zəngəzura hücum edən ermənilər özlərinin müvəqqəti uğurlarına şübhə etmirlər. Lakin gün gələcək ki, bütün müsəlmanlar bir nəfər kimi zülmkarlara qarşı qalxacaq və həmin gün gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir.”

Bunları ingilis jurnalisti canlı şahid olaraq görüb və yazıb.
Zəngəzur qəzasının rəisi Şəkinski 1920-ci il yanvarın 19-25-si arası 3-cü sahənin-Qubadlının daha 48 kəndinin, 4-cü sahənin- Cəbrayılın da 3 kəndinin adbaad tar-mar edilib tamamən yandırıldığını Bakıya xəbər vermişdi.

Və Cəlil Sultanovun yanvarın 24-də Parlamentin sədrinə ünvanladığı teleqramda “Zəngəzur sarıdan başınız sağ olsun, heç olmazsa Qarabağı xilas edin” sözlərini hansı ümidsizlik, xəyalqırıqlığı, qüssə, kədərlə yazdığını anlamaq çətin deyil. Həyəcanlı xəbərlər gəlməkdə, AXC Hökuməti isə sərəncamındakı sayca ermənilərdən az olmayan hərbi qüvvələri səfərbər etməklə vətəndaşlarını və torpaqlarını qorumaqdansa, diplomatik yazışmalara, bu hərbi-siyasi planların başında duran əcnəbilərə Ermənistan hökumətinin “yolverilməz hərəkətləri” barədə şikayətlər göndərməkdə davam edirdi. Azərbaycan Hökuməti, Xarici İşlər Nazirliyinin 3 dekabrdan başlayaraq sağa-sola nota dalınca nota göndərməsindən əldə edilən “uğur” isə qan tökməkdən bezmiş, doymuş kimi görünən generallar Njde və Hamazaspın onlardan daha qəddar, döyüşkən generallar Dro, Qazaryan ilə əvəzlənməsi idi.

40 gündən artıq davam etməkdə olan qanlı qətliamlardan sonra nəhayət ki, 1920-ci il yanvarın 6-da keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi "Zəngəzurun müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılmasının davam etməsinə qarşı tədbirlər görülməsinin zəruriliyi haqqında" Daxili İşlər Nazirliyinin məlumatını müzakirə edir. Qərara alınır ki, dinc əhaliyə qarşı ermənilərin bu hərəkətlərinin qarşısını almaq üçün müəyyən tədbirlər görülsün və bu haqda müttəfiq qoşunlarının bölgədəki nümayəndəsinə məlumat verilsin. (ARDA. f. 897, siy. 1, iş 112, vər. 48). Amma artıq çox gec idi, daha əvvəlki Zəngəzur yox idi, olmayacaqdı. Bu qərar da hələ söz idi, ortada qətiyyət, birlik, siyasi iradə yox idi, ona görə də hərəkətə keçmək də xeyli vaxt apardı, real şəraitdə üstünlük ermənilərin tərəfində idi, onlar vəziyyətə diqtə edirdilər, artıq rəhbərliyində xeyli bolşevik libası geymiş erməni daşnakların da olduğu Qızıl Ordu Qafqaza doğru hərəkətə keçmişdilər, 28 aprelə sayılı günlər qalırdı. N.Nərimanov başda olmaqla, Azərbaycan bolşeviklərinə Zəngəzur və Qarabağdan ağır miras buraxılmışdı, mövcud vəziyyət Zəngəzurun böyük bir hissəsinin Azərbaycandan qoparılmasına, Qarabağda erməni muxtariyyətinin yaradılmasına, əsrin sonlarında Azərbaycanın həmin faciələri bir daha yenidən daha ağır şəkildə yaşamasına təməl zəmin hazırlanmışdı.


AXC Hökuməti Zəngəzurda qırğınların qarşısını ala və Zəngəzuru Azərbaycanın tərkibində saxlaya bilərdimi?


“1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi büdcənin 27,7 faizinin təşkil edirdi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında Dövlət Müdafiə Komitəsi yaradıldı... 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi. Ordunu milli zabit kadrları ilə təmin etmək üçün 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi uçilişə çevrildi. Uçilişin üç şöbəsində -ümumi, topçuluq və mühəndislik şöbələrində 250 dinləyici oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər də’vət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci Tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı polkları bazasında kavaleriya diviziyası yaradıldı.

1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq ...iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi.

Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və “yardım alayı” — Milis polku yaradıldı. Azərbaycan Demokratik Respublikasının Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr tə’sis edildi. Ordunun tərkibinə iki artileriya briqadası, bir yüngül artileriya diviziyası, üç bronlu poezd, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi....” ( http://az.wikipedia.org Azərbaycan_Demokratik_Respublikasının_milli_ordusu)

Əlavə şərhə ehtiyac varmı?!


Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri