“Tarixin ən şərəfsiz səhifələrindən birini yazdılar”

tarixin-en-serefsiz-sehifelerinden-birini-yazdilar
Oxunma sayı: 666

“Fransa Senatı bu ölkənin Milli Assambleyasının ardınca Fransa tarixinin ən şərəfsiz səhifələrindən birini yazdı. Qəbul edilən bu mürtəce qanun fikir və söz azadlığına, ifadə özgürlüyünə qarşı yönəlməklə yanaşı, Fransa parlamentinin heç vaxt araşdırmadığı tarixlə bağlı verdiyi saxta və riyakar hökmdür”. Bunu “Qafqazinfo”ya açıqlamasında keçmiş millət vəkili Gültəkin Hacıbəyli qondarma erməni soyqırımını inkar edənlərin cazalandırılması barədə qanun layihəsinin Fransa senatında təsdiqlənməsinə münasibət bildirərkən deyib. O bildirib ki, görünür Fransa öz müttəfiqləri ilə birlikdə ötən əsrin əvvəllərində Türkiyəyə xəyanəti müqabilində ermənilərə hədiyyə edə bilmədiyi türk torpaqlarının- Vanın, Bitlisin, Muşun, Qarsın qarşılığını indi belə kompensasiya edir: “Tarixdə soyqırımının inkarının cinayət təqibi yaratdığı başqa presedent də var. Lakin həmin qərar konkret soyqırımı cinayətini araşdırmış, onu təkzibedilməz faktlarla sübuta yetirmiş konkret məhkəmə qərarının- Nyünberq məhkəməsinin qərarının əsasında qəbul edilib. Türkiyə rəhbərliyinin dəfələrlə etdiyi "gəlin tarixi birlikdə araşdıraq, bütün arxivlərimiz açıqdır" çağırışına baxmayaraq, nəinki məhkəmə, heç ciddi arxiv araşdırması olmadan belə bir qanunun qəbulu istənilən dövlətin tarixinin və istənilən millətin vicdanının qara ləkəsinə çevriləcəkdir. Bu qanunu şiddətlə qınayır və onu Fransa dövləti tərəfindən təkcə Türkiyəyə, türk tarixinə qarşı deyil, vətəndaşlığından asılı olmayaraq hər bir türkün şərəf və ləyaqətinə həqarət hesab edirəm. Düşünürəm ki, fransız xalqı tezliklə prezident Sarkozinin bu avantürist siyasətinin Fransanı hansı çətinliklərlə öz-üzə qoyacağının fərqində olacaqdır. Fransızlara bunu hiss etdirmək təkcə Türkiyənin deyil, eyni zamanda bir türk dövləti olaraq Azərbaycanın da şərəf məsələsidir. Düşünürəm ki, etiraz əlaməti olaraq səfirimiz Parisdən geri çağırılmalı və atmalı olduğumuz birgə addımlarla bağlı Türkiyə ilə ciddi məsləhətləşmələr başlamalıdır. Şübhəsiz ki, türk kimliyini aşağılayan, türk tarixini riyakarcasına təhrif edən belə bir mürtəce qanunun qəbulundan sonra, Fransanın Minsk qrupunun həmsədri kimi görəvini icrası istər siyasi, istər hüquqi, istərsə də mənəvi baxımdan qəbuledilməzdir. Bu, əslində, Qarabağın taleyini Ermənistana etibar etmək anlamına gəlir. Fransanın həmsədr kimi fəaliyyətinə xitam verilməsi istiqamətində prosedur başladılmalıdır. Fransa ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr yenidən gözdən keçirilməli, prioritetlər yeni yaranmış gerçəkliyə uyğun təftiş edilməlidir. Bizim bütün türk dünyasının şərəf məsələsi olan bu həssas məsələdə nə bir millət, nə də bir dövlət olaraq "məndən ötdü, qardaşıma dəydi" prinsipi ilə hərəkət etməyə mənəvi haqqımız yoxdur. Ən azı ona görə ki, əsas hədəf Qarabağdır!”.