Təcavüzkar Azərbaycan

tecavuzkar-azerbaycan
Oxunma sayı: 684

Ötən həftə Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev maraqlı bir açıqlama verdi: “Ermənilərin hər bir hərəkətinə dərhal reaksiya veririk”.

İlk baxışda sevindiricidir. Doğurdan da Azərbaycanın BMT-dəki nümayəndəliyi baş verən hər bir hadisəyə və bəyanata dərhal reaksiya verir.

Amma mən bunu eşidəndə dilxor oldum.
Biz hələ də fəaliyyətimizi ermənilərin hərəkətinə, bəyanatına istinadən qururuq. Biz hələ də ermənilərin ardınca sürünürük. (“Sürünürük” ifadəsinə görə məni qınasanız da, bu belədir. - A.Q.)

**
1987-ci ildən, yəni erməni iddiaları başlayandan həmişə hadisələrin episentrində olmasam da, episentrdə nəyin baş verdiyindən xəbərim olub.
1987-ci ilin sonunda Fransada yaşayan soydaşını söyən Qarabağ ermənisini də görmüşəm, 1988-in fevralında Əsgərənə hücuma gedənləri çək-çevirə salan Azərbaycan milisini də. Gəncədən, Ağcabədidən, Yevlaxdan, Bərdədən Əsgərənə hücuma gedənlərə köməyə gələnləri də görmüşəm, hansısa yüksəkliyi kimin alması üstündə mübahisə edənləri və nəticədə yüksəkli itirənləri də. Voskinin rəhbərlik etdiyi xüsusi rejimi də görmüşəm, Polyanişkonun saxta gülüşünü də. Allahverdi Bağırovun, Asif Məhərrəmovun “bizə silah lazımdı” nidasını da eşitmişəm, Valeh Bərşadlının hazırladığı “Qırmızı Bazar” əməliyyatında topların lüləsinin doldurulmasını da. Uğurla nəticələnən Horadiz əks-hücumunun da detallarından xəbərim var, minlərlə əsgərin tələf olması ilə nəticələnən Kəlbəcər əks-hücumundan da. ATƏT-in Minsk Qrupunun yarandığı gündən nəyə xidmət etdiyindən də xəbərdaram, Ki-Uest danışıqları ərəfəsində Heydər Əliyevin qurduğu unikal diplomatik kombinasiyadan da.
Bütün bu sadaladığım və sadalamadığım olayların hamısında müşahidə elədiyim bir məqam məni sındırır. Biz 1987-ci ildən bu yana əksər hallarda ermənilərin və onların havadarlarının atdığı addımların ardınca sürünmüşük.

***
Son illərdə rəsmi Bakının atdığı və ermənilərin narahatlığına səbəb olan yeganə addım kimi Azərbaycandan səslənən hərbi ritorikanı misal göstərmək olar. Əlbəttə bu çıxışların ardında Azərbaycanın silah arsenalının və hərbi sənaye kompleksinin genişlənməsi dayanır. Məhz buna görə də ermənilər və beynəlxalq güclər “səhnədə olan silahın bir gün istifadə olunacağından” ehtiyatlanır. Əlbəttə beynəlxalq güclər Azərbaycanın bu addımlarına mane olmaq imkanını araşdıra bilərdi. Amma onlar Ermənistanın da müəyyən qədər silaha malik olmasını təmin etməklə tarazlıq yaratmaq xəttini tuturlar.
Bəli bu məsələdə Ermənistan Azərbaycanın ardınca süründü. Amma bu da faktdır ki, onu sürünməyə qoymadılar. Havayı silah verməklə. Missiyanı Rusiya yerinə yetirdi.

***
Erməniləri ardınca aparan ikinci addım isə Milli Qəhrəman Mübariz İbrahimov tərəfindən atılıb. Ermənilər bu dəfə də arxadan gəlirdilər. Amma baş verənlərə hərbi aksiyaya olar cavab verə bilmədilər. Əvəzində Azərbaycana diplomatik cavab verildi. Bu dəfə missiyanı ABŞ üzərinə götürdü. Və Azərbaycan bu məsələdə müəyyən diplomatik zərbələr aldı.

***
Hələlik başqa nə diplomatik, nə də hərbi addımımız yoxdur ki, qarşı tərəf bu addımlarımızın ardınca sürünsün.
Bugünkü reallıqları nəzərə alsaq Azərbaycanın atacağı mümkün addımlar var. Bu addımların nədən ibarət olması barədə çox versiyalar irəli sürmək olar. Amma indi başqa bir məqama toxunmaq istəyirəm. Bu hadisələrin Azərbaycan vətəndaşlarında doğurduğu əhval ruhiyə təbii ki, qiymətləndirilməlidir.

***
Bu gün Azərbaycanın təkcə hərbi yox, həm də diplomatik cəbhədə erməniləri və beynəlxalq gücləri şoka salacaq manevr imkanları var. Amma rəsmi Bakı bu imkanları istifadə etmir. Yəqin ona görə ki, rəsmi Bakının atacağı addımdan sonra, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı problemlərin olduğunu ehtiva edən bəyanatlar səslənəcək...

***
Bir neçə gün əvvəl “Azərbaycanın təcavüzkar addımlar atmasını” arzulayan səfirimizlə söhbətimizdə onun arzusunu yadına saldım. Cavabı belə oldu: “Mən ölənə qədər bu fikirdə olacam”. Sevindim.
Bəli, belə düşünən diplomatımızın olmasına sevinirəm və inanıram ki, o tək deyil.