Televiziyalar niyə yengəlik eləyir?

televiziyalar-niye-yengelik-eleyir
Oxunma sayı: 856

Ömründə bircə dəfə kamera qabağında dayanmayan adamlar telemütəxəssis olub efir dərsi keçir. Tutaq ki, altmış illik həyatında iki kitab oxumayanlar ciddi xəbərçilikdən, sanballı verilişlərdən danışır, uzun sözün qısası xalqımızın dili ilə desək bu ölkə də hər kəs televiziyalarımızdan kişi olmağı, kişi kimi işləməyi tələb edir. Bəs maraqlıdır ki, niyə görə Azərbaycan televiziyaları yenə də xalqın anladığı dildə desək, kişi olmağı bacarmır? Elə sifətini itirə-itirə gedir?.. Azərbaycan telekanallarının gözmuncuğu sayılan və hər kəsin daha çox şey gözlədiyi ANS niyə bu günə düşüb?

Şəxsən, mənə görə Azərbaycan televiziyaları öz qısırlıq dövrünü yaşayır... Onlar doğmur, bəsləmir, yetişdirmir. Yaxşı bəs bütün bunlar necə və niyə baş verir?

İndi başdan ayağa hamı deyir ki, televiziyalar ancaq çalıb-çağırmaq, ərə vermək, yengəlik eləmək, yemək bişirmək, meyxana demək, toylar kralı seçmək və bu kimi küçə məişəti ilə məşğul olmağa başlayıb. Ən pisi də odur ki, bu ideyaların heç biri doğma, özəl, eksklüziv yox, oradan-buradan, daha çox da Rusiya və Türkiyə televiziyalarından oğurlanan verilişlərin kserokopiyalarıdır. Axı bu ideyasızlığın, bayaq dediyim kimi qısırlığın səbəbi nədir?

Burada hər kəsin bildiyi bəsit bir çıxılmazlıq yaşanır. Biz şou istəmirik, əvəzində də ciddi ictimai-siyasi verilişlərin efirə getməsinə icazə vermirik. Nə olur olsun, telekanallarımız sanballı olmalıdır. Bu “tupik” təxminən ona bəzəyir ki, bütövə dəymə, paraya əl vurma, doğra doyunca ye... Təsəvvür edin ki, bir vaxtlar Azərbaycan telejurnalistikasının ən istedadlı nümayəndəsi kimi qəbul edilən Mir Şahin indi məddahlıqda ittiham olunur. Televiziyalarımızın xəbərlər proqramında dünyanın hər yerində baş verən hadisələrdən məlumat verilir, video-süjetlər göstərilir, ancaq Azərbaycana gəlib çatanda mövzu bayağılaşır, tərif və yaltaqlıq baş alıb gedir.

Bir iki dəfə ANS rəhbərliyinin guya regionda ilk müstəqil televiziya olmaqları ilə qürurlandığını görmüşəm. Məncə bu ucuz təsəlli heç kimə, heç onların özlərinə də lazım deyil. Çünki ANS tarixi abidə deyil ki, öz keçmişi ilə öyünsün. Bu hər gün yenilənən, yeni ideyalarla efirə çıxan televiziya olmalıdır.

Nəyə görə Azərbaycan televiziyaları, radioları, agentlikləri, qəzetləri, portalları elə ədəbiyyatımız kimi Biləcəridən o tərəfə keçə bilmir? Bu gün bəyənmədiyimiz və lağa qoyduğumuz Ermənistanın, Gürcüstanın nəinki regionda, eləcə də yaxın Şərqdə və Avropada tanınan, istinad edilən, baxılan və həqiqətən müstəqil sayıla biləcək media qurumları, televiziyaları var. Bəs bu bizdə niyə yoxdur?

Yenə də əsas gətirilə bilər ki, televiziyalardan özünü ağır aparmaq tələb olunur, lakin əvəzində buna heç bir şərait yaradılmır.

Mən bu yazının az qala yarısını tutan suallara sadə bir cavab vermək istəyirəm. Bəylər, günahın bir hissəsi cəmiyyət olaraq passivliyimizdə, hələ də ictimai şüurumuzun sıfır olmasında, hakimiyyətin azad medianı sevməməsindədirsə, böyük bir hissəsi də televiziyaların özündədir. Bu gün Azərbaycan televiziyalarında mübarizlikdən əsər-əlamət belə yoxdur. Necə olurdu ki, 90-cı illərin əvvəllərində ANS min oyundan çıxıb yayımını davam etdirir, onunun bunun studiyasını kirayələyib efirə çıxır, cəmiyyətin gözlədiyi sözü deyirdi, indi bunu öz binasında, daha rahat bir formada eləyə bilmir? Axı Vahid Mustafayev də, Mir Şahin də elə həminki adamlardır. Axı onlar məhz o qarışıq dövrdə yox, dünyanın düz vaxtı niyə belə qorxaq oldular, təzyiqlər qarşısında geri çəkildilər? Olmaz ki, geri çəkilməsinlər, məddahlıq etməsinlər, şou göstərmək əvəzinə bağlanmağı, başqa yolla mübarizə aparmağı üstün tutsunlar?

Elə özüm də cavab verirəm - Xeyr olmaz. Ona görə ki, indi televiziya kanallarının hamısının rəhbərliyi, o cümlədən bizim gözümüzü dikdiyimiz ANS-in sahibləri də artıq əvvəlki kimi bir həsr, bir Məmmədnəsir deyil. O vaxt bu adamları cəsarətli eləyən imkansızlıq, heç nə itirməmək qorxusu idisə, indi vəziyyət tərsinədir. Bu tər sinələr isə adama gerçəkdən əvvəlki kimi işləməyə imkan vermir...

İndi Azərbaycan telekanallarının sahiblərinin itirəcək o qədər şeyləri var ki... Onlar artıq oliqarx həyatı yaşadıqları üçün, dəbdəbələrini qorumağa borcludurlar. Biz Mir Şahindən əvvəlki cəsarəti, istedadı istəyirik, Mir Şahin isə özünə görə böyük biznes maraqlarını, var dövlətini qorumaq istəyir. Əlbəttə, o, qazandıqlarına görə heç kimə, heç bəlkə valideynlərinə də borclu deyil. Bu baxımdan kiminsə var dövlətini hesablamaq ən azı tərbiyəsizlikdir. Ancaq mən sadəcə bu adamların itirmək qorxusuna, bu qorxunun haradan qaynaqlandığına və niyə şou göstərmək tələbi ilə barışmalarına işarə etmək istədim. Və belə bir şəraitdə, bütün bunlara rəğmən, lütfən anlayışlı olmamız lazım.

Onların qısırlığına alışmaq, yengəliklərini qəbul eləmək zorundayıq...