Televizorun ekranına tüpürməyim

televizorun-ekranina-tupurmeyim
Oxunma sayı: 652

Günlərin birində tələbə yoldaşım diplom işi yazmağa başladı. Mirzə Cəlildən... Savadlı uşaq idi. Onun yazdıqları şəxsən mənim üçün çox maraqlı idi. Diplom işinin giriş hissəsini oxuyanda onu ürəkdən təbrik etdim. Mirzə Cəlilə “dövrün tələblərinə uyğun”, sovet interpretasiyasından fərqli bir yanaşması vardı. Amma nədənsə həyəcanlı idi. Qorxurdu ki, onu diplom müdafiəsinə buraxmasınlar. Gülürdüm dostuma, bu gözəllikdə işi nə deyib saxlayacaqlar?
Diplom rəhbəri şair idi. Mən də o zaman azdan-çoxdan qırıldadırdım deyə, bu müəllimlə münasibətim yaxşı idi. Tələbə yoldaşımın ağır güzəranını və sonsuz narahatlığını nəzərə alıb şairə yalvarmağa getdim. Vəziyyəti təfərrüatı ilə başa salıb kömək istədim. O da “gözüm üstə” deyib əlimi təbəssümlə sıxdı.
Diplom işinin müdafiəsinə komissiya sədri kimi professor Həsən Mirzəyev gəlmişdi. Biz onu tanımırdıq. Tələbə yoldaşım müdafiəyə buraxılacağı təqdirdə öz gücünə qiymət alacağına əmin idi. Buraxılış məsələsini isə həll etmişdim guya!
Müdafiə günü kirayə qaldığımız evin qapısı zərblə açıldı. Tələbə yoldaşım idi. Onun arıq əlləri titrəyirdi: diplom işini müdafiəyə buraxmaq üçün 50 dollar istəmişdilər. 50 dollar o zaman 200 min manata (20 şirvan) bərabər idi. Ətin kilosunun 3-4 min manat olduğunu nəzərə alsaq, heç nəyi olmayan tələbə üçün böyük pul idi. Sürətlə düşünməyə başladıq. Vaxt az idi. Qərara gəldik ki, ev sahibəsindən (o yaxşı adam idi) borc istəyək. İstədik də! O, bizə 100 min verə bildi və əvvəlcə Allahın qızıllı Quranına, sonra Seyid Mürsəl ağanın cəddinə and içdi ki, bundan artıq pulu yoxdur. Ancaq sabahacan gözləsək, tapa bilərdi. Biz nəinki sabahı, heç bir saat sonranı gözləyə bilməzdik. Müdafiə başlayırdı. Ümidsiz küçəyə çıxdıq. Allah böyükdür! Qəflətən səyyar ticarətlə məşğul olan bir tanışımıza rast gəldik. Hal-əhvaldan sonra mən vəziyyəti ona izah etdim. O da gülə-gülə əlindəki bəzəkli kulyokdan bir topa pul çıxardı, 5 dənə əlliminliyi sayıb tələbə yoldaşıma uzatdı: “Biri ilə də yeyib-içərsiz!”
200 min manatdan sonra tələbə yoldaşımı müdafiəyə buraxdılar. Heç nədən xəbəri olmayan Həsən Mirzəyev diplom işinə baxandan və tələbə yoldaşımı bir az sorğu-suala tutandan sonra ona 5 yazdı.
Bu hadisənin üstündən bir-neçə ay keçdi. Bir gün həmin müəllim-şairi televizorda gördüm. O, Xocalı soyqırımına poema həsr eləmişdi. Poemanın “ən təsirli” hissələrini oxuyanda gözləri doldu, eynəyini çıxarıb kirpiklərini quruladı... Mən özümü saxlaya bilməyib ekrana tüpürdüm! Bu ömrüm boyu gördüyüm ilk dəhşətli riyakarlıq idi. Sonralar alışdım belə şeylərə. İndi isə tüpürcəyim tamamilə quruyub.

P.S. Bəhs etdiyim Universitetin və müəllim-şairin adını da bilərəkdən yazmadım. Çünki indi o yaxşı vəzifədə işləyir və mənimlə dostdur! İnanmırsız? Axı mən də bu xalqın övladıyam!