TeliSonera şirkətindən musiqimizin inkişafına daha bir töhfə - Foto

telisonera-sirketinden-musiqimizin-inkisafina-daha-bir-tohfe-foto
Oxunma sayı: 665

Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı və təbliği istiqamətində böyük layihələrə imza atan Azercell Telekom MMC bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir. TeliaSonera şirkətlər qrupuna daxil olan bütün şirkətlər kimi Azercell də sosial layihələrə geniş yer ayırır. Fevralın 9-15-də Finlandiyanın Savonlinna Musiqi Akademiyasının professor heyətinin Bakıda bizim tələbələrə master-klass keçməsi də məhz TeliaSonera şirkətinin mədəniyyətin və musiqimizin inkişafında həyata keçirdiyi layihələrdən biri idi. Layihə çərçivəsində finlandiyalı sənətçilər vokal, orkestr və simli alətlər üzrə ustad dərsləri apardılar. Qonaqlar arasında tanınmış ustadlar - Ralf Gothóni (piano), Eija Tolpo (Opera), Tom Krause, Matthias Veit, Marko Ylönen (violençel) dərslərə rəhbrlik edirdilər. Finlandiyalı musiqi professorlarının nümayəndə heyətinə Savonlinna Musiqi Akademiyasının Direktoru cənab Eero Rantala rəhbərlik etdi. Sözügedən musiqiçilər dünyanın demək olar ki, dörd bir yanında tanınırlar, hər bir musiqiçi bu istedadlı insanlardan dərs almaq arzusundadır. Belə bir imkanı Azərbaycanlı tələbələrə yaşatdığına görə Bakı Musiqi Akademiyasının rektoru, Fərhad Bədəlbəyli Azercell şirkətinin rəhbərliyinə öz minnətdarlığını bildirərək, layihənin musiqimiz üçün, azərbaycanlı tələbələr üçün əhəmiyyətindən danışıb. Fərhad Bədəlbəylinin sözlərinə görə, Akademiyada müəyyən vaxtlarda xarici musiqiçilər tərəfindən master-klasslar təşkil edilsə də, bu dəfəki konsertin əhəmiyyəti daha da böyükdür. Dərslərdə iştirak edən Bakı Musiqi Akademiyasının tələbələrinin də fikrincə bu cür mater-klassların təşkil edilməsi Azərbaycan musiqisinin inkişafına və eyni zamanda xaricdə tanınmasına böyük dəstəkdir. Bakı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsinin Savonlinna Musiqi Akademiyasının uzunmüddətli Yay Məktəbi dərslərində iştirakı isə tələbələr arasında böyük sevincə səbəb oldu. Məlumat üçün bildirək ki, Savonlinna Musiqi Akademiyasındakı uzunmüddətli Yay Məktəbi kurslarına dünyanın hər yerindən istedadlı gənc musiqiçilər toplaşır və yay məktəblərinin iştirakçıları həm öz aralarında təcrübə mübadiləsi aparır, həm də ustadlardan dərs alırlar. Fevralın 15-də isə hər iki tərəfin sənətçilərinin iştirakı ilə Bakı Musiqi Akademiyasında Qala Konsert baş tutması isə musiqisevərlər üçün əsl bayrama çevrildi. Qala Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri, müəllim heyəti, xarici qonaqlar ilə yanaşı peşəkar musiqiçilərimiz də tamaşaçı qismində iştirak edirdilər.

Məlumat üçün bildirək ki, nüfuzlu Savonlinna Musiqi Akademiyasının əsası 1950-ci ildə - bu şəhərdə keçirilən Musiqi Günləri çərçivəsində qoyulub. Hazırda dünya üzrə tanınmış musiqiçilərin əksəriyyəti bu tədris ocağında təhsil alıblar. Dünyanın hər tərəfindən gənc musiqiçilər burda keçirilən ustad dərsləri, yay məktəblərinə toplaşırlar. Savonlinna hər il məşhur Opera Festivalını da təşkil edir və bununla dünya musiqi aləminin diqqətini Finlandiyaya cəlb edir. Festivalda hər il təxminən 60 000 insan iştirak edir ki, onların da əksəriyyəti əcnəbilər olur.

Qeyd etmək yerinə düşər ki, Azercell indiyə qədər mədəniyyət və incəsənət sahəsində gördüyü işləri saymaqla qurtamaq olmaz. Azercell həmvətənlərimizin ölkəmizdən çox-çox uzaqda keçirdiyi müxtəlif mədəniyyət tədbirlərinə dəfələrlə dəstək vermişdir. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalına da Azercell dəstək oldu. Layihə çərçivəsində Azercell-in sponsorluğu ilə Azərbaycanın görkəmli muğam ustalarının ifalarından ibarət disk işıq üzü gördü. Azercell-in və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Qoşa Qala qapısının girişində növbəti “Meydan Bazarı” təşkil edildi. Tədbir zamanı Bakı əhalisi və paytaxtın qonaqlarına həm istirahət üçün şərait yaradıldı, həm də milli tətbiqi sənətkarlıq ustalarının hazırladıqları məhsullar satışa çıxarıldı. Tədbirin təşkilində məqsəd Azərbaycan sənətkarlığının hər bir istiqamətinin üzə çıxarılması və əhali arasında fəal təbliğidir. Tanınmış sənətçilərimizin yubiley gecələri, konsertlərinin təşkili, disk və kliplərinin maliyyələşdirilməsi – bunlar şirkətin incəsənət sahəsində davamlı dəstək siyasətinin kiçik bir hissəsidir. Onu da bildirək ki, ümumilikdə, Azercell fəaliyyəti boyunca sosial yönümlü layihələrin icrasına 16 milyon dollara yaxın vəsait sərf edib.