Tənqid olunan balanslaşdırılmış siyasət kursumuz

tenqid-olunan-balanslasdirilmis-siyaset-kursumuz
Oxunma sayı: 727

Cənubi Qafqazda tam oturuşmuş geopolitik tarazlıqlar mövcud olmasa da, müəyyən faktiki situasiya formalaşıb. Bunu həm Gürcüstanın, həm də Ermənistanın vəziyyətinə baxaraq izah edə bilərik. Gürcüstanın hansı xarici siyasət istiqaməti tutduğu olduqca aydındır. Bu siyasətin kökündə Qərbə, Avro-Atlantik məkana inteqrasiya durur. Məhs gürcü dövlətçiliyinə bu gün haqsız çətinliklər törədən, ərazi bütövlüyünü itirməsinə gətirib çıxaran bu siyasi vəziyyətrdir. Heç kim inkar etməz ki, Gürcüstanda gedən proseslər həm də Qərb-Rusiya çəkişməsinin təzahürüdür. Qərbin cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq strategiyasının ilkin nəticəsidir. Məhz Qərbin, ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn və iqtidarını saxlayan Saakaşvili hökumətinin əsas məqsədi, öhdəliyi bu xətti qorumaq, nəticədə oturuşmuş vəziyyətə çevirməkdir. Bu cəhdlər isə Rusiya tərəfindən heç də xoş qarşılanmır, milli maraqlarına yönəlmiş təhdid kimi qəbul edilir. Rusiyanın tarixdən gələn təbii təsir imkanlarının nəticəsidir ki, Gürcüstanın ərazi bütövlüyünü bərpa edəcəyi ilə bağlı konkret-müsbət proqnozlar vermək yetərincə çətindir. Və bu reallığın özü olduqca həyəcanverici bir haldır...

Ermənistanın isə durumu olduqca bərbaddır. Bu dövlətin suverenliyindən söhbət belə gedə bilməz. Onun Rusiya ilə hansı növ münasibətlərinin olması bütün dünyaya məlumdur. Bu reallıq isə heç də Ermənistana işıqlı gələcək vəd etmir. Rusiyanın Cənubi Qafqaz siyasətinin aləti olan ölkənin düşdüyü acınacaqlı iqtisadi və siyasi vəziyyət də, məhz mövcud xarici siyasət xəttinin nəticəsidir. Bir sözlə, birmənalı olaraq, Gürcüstanın tam əksi, Rusiya meyilli siyasət aparmasıdır. Bu siyasətin özü də Ermənistanı bir çox müdaxilələrdən sığortalamır. Söhbət Qərbin müdaxilələrindən gedir. Məlum məsələdir ki, Ermənistan xaricdəki diasporasının və mövcud iqtidarının bir-biri ilə, nəticə etibarı ilə çəkişməsi, rəqabəti fonunda yaşayır. Burada diaspora Qərb meyilli siyasətin təmsilçisi, mövcud iqtidar isə sırf Rusiya meyilli istiqamətin tamsilçisi qismində çıxış edir. Ermənistanda mövcud olan daxili sosial problemlərdən də istifadə edərək, hakimiyyəti dəyişməyə çalışan diaspora-Qərb məhz nəticədə onun üçün çalışır ki, Ermənistanı maksimum dərəcədə Rusiyanın nəzarətindən çıxarsınlar. Hakimiyyətə, ən azından Qərblə daha sıx və Rusiyadan müstəqil əməkdaşlıq edə biləcək qüvvələr yiyələnsin. Qərbin Türkiyə hökumətinə Ermənistanla sərhədlərini açması üçün etdiyi təzyiqləri də bu nöqteyi nəzərdən qiymətləndirmək lazımdır. Bu yolla Ermənistanın Türkiyə üzərindən Avropa ilə ticarət dövriyyəsi artar və nəticədə Rusiyadan asılılığı getdikcə minimuma enə bilər. Bu həm də psixoloji baryerin sınmasına gətirib çıxarar. Nəticədə isə, gələcəkdə Ermənistanda tam Gürcüstan kimi xarici siyasət kursu tutmuş hakimiyyətə belə nail olmaq olar...

Hər iki dövlətin, Gürcüstan və Ermənistanın mövcud vəziyyətlərinə sadə və səthi baxış belə onların hansı risklərlə əhatələndiklərini, nə qədər müstəqil və suveren olduqlarını asanlıqla görüb analiz etməyə imkan verir. Daha kobud ifadə etsək qarşımıza ABŞ-ın növbəti qeyri-rəsmi ştatı Gürcüstan, digəri isə Rusiyanın vassal-plasdarmı Ermənistan çıxır...

Bütün bu reallıqların fonunda Azərbaycanın tutduğu siyasi xətt, balanslaşdırılmış xarici siyasət strategiyası daha sərfəli, sırf milli maraqlardan çıxış edən, suveren və praqmatik görsənir. Çünki birmənalı Qərb meyilli siyasət Azərbaycana bəzi siyasi və iqtisadi üstünlüklər gətirə biləcəyi halda, ərazi bütövlüyünün defakto və deyure tamamən itirilməsinə (Gürcüstan təcrübəsindən çıxış etsək), daxili stabitliyinin pozulmasına, milli həmrəyliyinə təhlükələrə, yeni separatçılıq meyillərinə ( Sadval, Qırmızı Kürdüstan) və s. gətirib çıxara bilər. Bu zaman təbii ki, Rusiyanın bütün iqtisadi və siyasi təzyiq mexanizimləri işə salınacaq. Üstəlik İranın törədəcəyi fəsadlar da göz önündə tutulmalıdır. Tam əksi olaraq sırf Rusiya meyilli xarici siyasət xətti də ölkəmiz üçün arzulanmaz nəticələr doğura bilər. İlk öncə demokratik dövlətçilik ənənələrinin tədrici inkişafının sürəti daha da yavaşlayar, qardaş Türkiyə ilə olan münasibətlərimiz minimum səviyyəyə enər, ərazi bütövlüyümüzün tam bərpa olunması baş tutsa belə, suveren dövlətçilik iddiamız tamamən sual altına düşər.

Bütün bu bilinən sadə gerçəkləri göz önünə alaraq Azərbaycan hökumətinin mövcud xarici siyasət kursunu dəstəkləməmək qeyri-mümkündür. Həm də bu siyasəti tənqid edənləri şiddətlə qınamamaq. Azərbaycanın müstəqil və suveren gələcəyinin qarantı da məhz balanslaşdırılmış xarici siyasər kursudur. Bu uğurlu siyasətin nəticədə Qarabağ probleminin ərazi bütövlüyümüz çərçivəsində həll olunmasına gətirib çıxaracağı da şübhə doğurmamalıdır...

Bir şeyi də qeyd etmək lazımdır ki, balanslaşdırılmış siyasət strategiyasının davamlı, həmçinin uğurlu olması, müəyyən zamanlarda taktiki gedişləri zəruri edir.
Ölkəmizin qoşulmayanlar hərəkatına üzv olması, Nabukko ilə bağlı bəzi tərəddüdləri də məhz bu aspektdən qiymətləndirilməlidir (Rusiyaya yönəlmiş mesajlar kimi və ya tam əksi). Azərbaycanın ən birinci və böyük problemi ərazi bütövlüyünün pozulmasıdır. Deməli, bu taktiki gedişlər həm də Qarabağ danışıqlarında uğurlu nəticənin əldə olunmasına istiqamətlənmişdir...