Təqlid məsələləri

teqlid-meseleleri-
Oxunma sayı: 880

Əslində bəşəriyyəti Kusturitsadan bir-neçə min il qabaq Platon zibilə salıb: dünyanı ideal aləmin kölgəsi hesab etməklə...
Yaxşı, bəs biz nə edək? Həqiqətin, mərkəzin, başlanğıcın, nüvənin, orijinalın, kim nə cür istəyir elə desin, özü ilə əksi arasında gözümüzü döyməli deyilik, hər halda! Ha tərəfəsə getməliyik! Mənə qalsa, sənət adamı əksi orijinala nə qədər yaxınlaşdıra bilirsə, o qədər mükəmməldir. Ama mən kiməm ki?!

Hələ islamın “lailahəilləllah” deyib qoca şərqi silkələdiyi zamanlarda elə həmin şərqdə geniş yayılmış qocafəndi bir əhvalat vardı: hansısa padşah qərb və çin rəssamılarını toplayıb böyük ənam vəd edərək möhtəşəm rəsm yarışması düzəldir. Arasına süni divar qoyulmuş iki otaqda işləyən rəssamların qərbdən olanları fırçalarını ürəklərinin qanına batıraraq qeyri-adi tablo yaradırlar. Çinlilər isə, indi bahalı qərb mallarının ucuz kopisi ilə dünya ticarətində lotuluq etdikləri kimi, sadəcə bir güzgü hazırlayırlar. Aradakı divar götürülüncə hamı heyrətlənir! Qərblilərin orijinal əsərindən daha çox onun güzgüdəki əksi insanları riqqətə gətirir. İlin-günün bu vaxtı bizi özündən söz etdirəcək qədər ağıllı olan padşah uzun-uzun fikirləşəndən sonra mükafatı çinlilərə verir!
Güzgü effekti Füzulini qorxuya salıb həmişə... Elə şərqin özü kimi qoca və müdrik olan sənətkar güzgüdə sədaqət yox, “əks müddüa” görür və sağı sol göstərən bu tərsavand məişət əşyasını insanları aldatdığı, əslində isə orijinalın şərikini göstərməyə iddialı olduğu üçün rədd edir.

Halbuki böyük Nizami dörd əsr öncə Şirini Xosrova onun özü ilə deyil, rəsmi ilə aşiq eləmiş, beləliklə böyük poemalarının müəmmalı beytləri altına yüz ullərdən sonra partlayacaq mərmilər yerləşdirmişdi.
Nizaminin mərmiləri nədənsə Qərb mütəfəkkirlərinin ayağının altında partlamaqdadır. Bizə isə bu səslərə avamcasına diksinib əsnəmək qalır.
Məncə tanrının insanda təcəlla etdiyinə dərisi qarış-qarış soyulanda belə şəkk gətirməyən Nəsimi Nizami ilə Füzuli arasında böyük bir bərabərlik işarəsi qoyur. Orijinala etiqad xatirinə əksi rədd etməməli! Yoxsa onları eyniləşdirməli olacağıq. Orijinalla əksin eyniləşməsi isə, dilim-ağzım qurusun, gətirib ənəlhəqqə çıxarmazmola?!
...Bəli, Kusturitsanın filmi, eynən yazdığım kimi, avantürist səhnə ilə başlayır. Hələ onu demirəm ki, əyyaş aktrisa tankın lüləsi ilə striptiz göstərir!
Əcəba insanlıq niyə həqiqətin yanından onun imitasiyasının tərəfinə keçdi? Bəlkə orijinalı axtarmaqdan yoruldular? Bəlkə o doğrudan da heç yoxdur? Bəlkə orijinalı anlamaq üçün onun ardınca sürünmək yox, əksi ilə siçan-pişik oynamaq lazımmış. Bəlkə heç anlamaq lazım deyilmiş...
Boynunuza alın, iştirak etdiyiniz toy-nişanlardan daha maraqlısı onun videokasetinə baxmaqdır.
Əyri burnumuzun fotoşəkildə gözəl düşməsi bizi sadəlövhcəsinə sevindirir...

5 nəfər 10 dəqiqə əvvəl şahidi olduğu əhvalatı ən azı 5 variantda danışır, halbuki biçarə hadisə cəmi bir dəfə, bir variantda baş verir və qəribəsi budur ki, danışılanlardan maraqsız olaraq qalır.
Namizədlər özlərindən artıq İTV-dəki çıxışlarına inanırlar.
Xalq Musa peyğəmbərdən həqiqətin özünü göstərməyi tələb etdi, həqiqət isə Tur dağındakı təcəllası ilə kifayətləndi!
Qobustanın Tanrıdan da qoca olan yırtıq-deşikləri “Neolit” restoranında daha cəlbedici görünür.
Homer böyük bir epoxanı Axillesin qalxanındakı təsvirlərdən anladır...
Mirzə Cəlilin danabaşlarına dərs keçməyə gələn və əlindəki çubuqla hər dəfə at rəsmini göstərib “Bu nəmənədir?” soruşanda “At” cavabı eşidən “uçitel” mütəəssir olaraq deyir:
- Yox, bu at deyil, atın şəklidir!!!

***
Əksdən orijinala doğru yolçuluq yaradıcılığın mayası sayıla bilər. Hətta orijinalın əslində mövcud olmadığına inananlara da! Onlar əsl sənətin elə bu yolçuluqdan ibarət olduğunu iddia edirlər. Bir növ qaranlıq otaqda qara pişik axtarmaq məsələsi... Otaqda pişik olmadığını bilə-bilə...