Tez söyüş söyün

tez-soyus-soyun-
Oxunma sayı: 646

Ötən həftə Avrasiya Əməkdaşlıq Fondu Yeni Medianın perespektivlərinə həsr olunmuş silsilə dəyirmi masalar keçirdi. Bu dəyirmi masalarda müzakirə olunan sahələrdən biri də “Münaqişənin tənzimləənməsində Yeni Medianın rolu” idi. Bu mövzu ilə bağlı dəyirmi masada səsləndirdiyim fikirləri Sizinlə də bölüşmək istədim.

Amma əvvəlcə səslənən digər fikirləri diqqətinizə çatdırım.
Bəzi mütəxəssislər (onlar arasında həm konfliktoloqlar, həm də Yeni Media mütəxəssisləri var) hesab edir ki, virtual ünsiyyət vəziyyəti bir qədər də qəlizləşdirib və gərginləşdirəcək. Arqument isə ondan ibarətdir ki, virtual məkan nəzarətsizdir və buna görə də istənilən adam istədiyi senzurasız və hətta əxlaqsız davranışı ilə qarşı tərəfi provokasiyaya çəkə bilər. Bu isə zəncirvari reaksiya ilə arta və nəticədə cəmiyyətlər arasında kövrək olan dialoq meyllərinə əngəl yaradar. Konfliktoloqlar bunu mühaqişədə növbəti qaçılmaz mərhələ hesab edir və bütün hallarda bunun baş verəcəyini proqnozlaşdırır.
Yeni Media mütəxəssisləri isə virtual münaqişələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyi məqsədəuyğun hesab edir.
Bunlar Yeni Medianın görünən neqativ tərəfləri idi.
Yeni Medianın pozitiv imkanları da var. Bu imkanlardan istifadə mexanizmlərini işə salmaq üçün müəyyən iş aparılması vacibdir. Aparılan sorğular v ə proseslərin təhlili göstərir ki, Yeni Medianın imkanlarından istifadəyə təkan verməklə prosesi ölü nöqtədən tərpətmək olar.

Əvvəlcə sorğuların nəticələri barədə. Birinci, münaqişənin sülh yolu ilə həllini istəyənlərin sayında artım var. İkinci, insanlar vastəçilərsiz əlaqələrin daha effektli olacağına əmindir.
Yeni Media, yəni virtual məkan cəmiyyətlərin sülh prosesinə və münaqişədən sonrakı mərhələyə hazırlanması üçün ən optimal müstəvidir.

Yeni Medianın imkanlarının daha necə yardımçı ola biləcəyini bilmək üçün münaqişənin indiki durumunda bəzi detallara nəzər salmaq lazımdır.
Münaqişənin indiki durumu və cəbhə xəttinin o tayında baş verənlərlə bağlı cəmiyyət nə bilir?
Çox cüzi bir faizi çıxmaq şərti ilə demək olar ki, cəmiyyət prosseslərdən və cəbhə xəttinin o tayında baş verənlərdən bixəbərdir.
Aparılan danışıqların məxfiliyini müəyyən mənada izah etmək olar. Amma nəticəsizlik bu qapalılığı da cəmiyyətlər üçün mənasız və təhlükəli edir.

Cəbhə xəttinin o tayında baş verənləri bilməkdə cəmiyyət niyə maraqlı olmalıdır?
Birincisi, biz bütövlükdə bir millət olaraq münaqişəni həll etməliyik, əks təqdirdə münaqişənin fundamental həllindən danışmaq gülünc olardı. Bunun üçün isə qarşımızdakının durumunu bilməliyik.
İkincisi, cəbhə xəttinin o tayında nə baş verdiyini bilməklə cəmiyyət münaqişə ilə kimlərinsə manupulyasiya etmək imkanlarını heçə endirmiş olur. Faktdır ki, Azərbaycanda xüsusi mərkəzlər və politoloqlar var ki, məhz cəbhə xəttinin o tayında baş verənləri cəmiyyətdən gizlətməklə məşğuldur. Deməli, bu, kiməsə lazımdır.

Bunları nəzərə alaraq demək olar ki, Yeni Media – yeni imkanlar deməkdir. Birincisi, burada düşündüyünü azad ifadə etmək imkanı var. İkincisi, qarşı tərəflə virtual ünsiyyət yarada bilərsən. Belə ünsiyyət isə qarşı tərəfin fikirlərini birbaşa eşitmək, səhv hesab olunan mövqeləri vasitəçilərsiz müzakirə etmək imkanı verə bilər. Bu isə öz növbəsində gələcəkdə necə yaşamaq imkanlarının araşdırılması üçün yaxşı zəmindir.

Sözsüz ki, bu məsələdə peşəkarlıq önəmli faktordur. Aparılan təhlillər göstərir ki, Azərbaycanda münaqişə barədə hərtərəfli bilgiləri olanların Yeni Media alətlərindən bəhrələnmək imkanları azdır. Əlində Yeni Media imkanları olanlar isə münaqişə barədə yetərincə bilgiyə malik deyil. Bunlardan hər hansı birində çatışmamazlıq isə qeyri-peşəkarlığa aparır. Məhz buna görə də müəyyən resursların yaradılmasına ehtiyac var. Bu isə bilavasitə vətəndaş cəmiyyətinin maraqları ilə üst-üstə düşür.
Münaqişə ilə monupulyasiya edənlər üçün isə cəmiyyətin informasiyasız saxlanılması daha səmərəlidir. Məhz bu informasiyasızlığın nəticəsidir ki, bu gün “şuarçı vətənpərvərlik” daha dəbdədir. Belə “vətənpərvərlər” isə virtual məkanda söyüş yarışına giriblər.

Amma onlara demək lazımdır ki, söyüş söymək vətənpərvərlik deyil.