“Tez yatma, səninlə işim var...” – Slow life

tez-yatma-seninle-isim-var-slow-life
Oxunma sayı: 1015







Mustafa həbsdən çıxandan sonra dövlət qulluğu imtahanına girdi. Müəllimlik imtahanını qazandı. Elə bilirdi ki, məhkumluğu təyinatına maneəçilik yaradacaq. Buna görə də özünü sığortalamaq üçün Təhsil Nazirliyinə bir məktub yazıb təyinatının ucqar bir kəndə verilməsini istədi.
Nazirlikdə məktub təəccüblə qarşılansa da onu mərkəzdən 63 kilometr uzaqlıqda olan bir kənd məktəbinə dil-ədəbiyyatı müəllimi göndərdilər. Xoşbəxtlikdən məktəbə göndərilən sənədlərin arasında məhkumluğu haqda arayış yox idi. Hansısa bir sehrli əl o arayışı ordan çıxartmışdı.
Məktəbdə dil-ədəbiyyat dərsləri tarix müəlliminə həvalə olunmuşdu. İndi isə Mustafa 5-ci sinif də daxil olmaqla bütün yuxarı siniflərə dərs deyəcəkdi. Məktəb yaxınlığındakı evlərin birində ona otaq verdilər. Mustafa səhər tezdən dərsə gəlir bir də günorta evə qayıdır. Yemək yeyib bir az dincələndən sonra evin qarşısına qoyduğu stulda oturub durmadan oxuyur. Tez-tez şəhərdən gətirdiyi filmlərə baxır. Kənddə onu qaraqabaq adam bilirlər. Valideynlərin, direktorun xahişlərinə baxmayaraq heç kimi universitetə hazırlaşdırmır. Deyir, “dərslərini yaxşı oxusalar kifayətdir”. İsrar olanda “vaxtım yoxdur” deyir.
Kitabdan yorulanda kəndə gəzməyə çıxır. Müəllimlərdən və qaldığı evin sahibindən başqa heç kimin adını bilmir. Əvvəllər belə deyildi.
Həftəsonları rayon mərkəzinə gedir, avtobusun son mənzilindəki çayxanada kitab oxuyur, bir neçə saat sonra elə o avtobusla kəndə qayıdır.
Bir dəfə onunla kənddən rayona getmişdik. Sürücü hörmət əlaməti olaraq həmişə ona yanında yer saxlayırdı. O yolda uzaqlara baxa-baxa həmişə susur. Arada nəyə isə gülümsəyir.
Müəllimlər otağına ancaq jurnal götürmək üçün girir. Heç vaxt orda ayaq saxlamır, gənc müəllimələrin oğrun baxışlarını da görməməzliyə vururdu.
Onu ancaq bir dəfə səsini qaldıran görüblər. Direktorun tapşırığı ilə kitabxanaçı marksist klassiklərin əsərlərini məktəbin qabağına boşaldanda o kitabxanaçıya “sən bilirsənmi nə edirsən?” deyib, bir az aralıda duran direktora qəzəblə baxıb. Təzə kostyumunda diz çöküb, kitabları səliqə ilə toplayıb və evə aparıb. Direktor da yuxarı sinif şagirdlərini çağırıb, ona kömək etmələrini tapşırıb. Çünki direktor savadına, təmizliyinə görə ona hörmət edir. Hələ heç bir valideyn ondan şikayətə gəlməyib. Elə Mustafa da heç nədən şikayətçi deyil.
Tətillərdə Mustafa Bakıya gedir. Uşağının dalınca universitetə gedən fizika müəllimi özü mənə dedi ki, Mustafanı universitetin həyətində gəzişən görüb, salam versə də Mustafa fikirli olduğundan onun salamını almayıb.
Elə həmin fizika müəllimi Mustafanı indi yerində Hesablama Palatası yerləşən Xaqani 33 ünvanında da görüb. Mustafa binanın pilləkənlərində oturub siqaret çəkirmiş. Bir dəfə də Rəşadəti ora aparıb, dinmədən, danışmadan bir qutu siqaret çəkiblər orda.
Mustafanın özünəqapanması hardasa bir il çəkib. Ondan sonra bir dəfə direktorun kabinetinə girib xahiş edib ki, məktəbdə ədəbiyyat dərnəyi yaratmaq üçün ona icazə versin. Direktor razı olub. Bu razılıqdan sonra Mustafa hər həftənin dördüncü günü saat dörddə maraqlanan uşaqları akt zalına yığaraq onlara şeirlər oxuyur, kreditə aldığı sinevizyondan filmlər göstərir. Filmdən sonra Mustafa 10-15 dəqiqə çıxış eləyir. Dərnəklərə yaşlı kişilər, müəllimlər də gəlir.
Mustafa dərnəkdə naməlum bir nöqtəyə baxa-baxa danışır. Bəzən filmdə, bəzən isə oxuduğu şeirin ortasında gözündə yaş parlayır. “Babam və oğlum” filmində isə hönkürmüşdü Mustafa. Mən də iki dəfə dərnəyə getmişəm. Çıxış da eləmişəm dərnəkdə.
Direktor ondan Qurtuluş günündə çıxış etməyi xahiş etmişdi. Mustafa nəzakətlə rədd cavabı verəndə direktor onun bu hərəkətini tənbəlliyə bağladı, amma israr etmədi. Kəndin bir neçə sakininin yuxarılara məktub yazmaq haqda xahişini də Mustafa yerə salıb.
Kəndin cırcıramalarının səslərinin nəğmə oxuduğu aydın gecələrindən birində Mustafa əl fənəri ilə Viləşçayın sahilinə getmiş və orda səhərə qədər oturmuş, səhər evə gələndə isə gözləri şişmişdi. O bu barədə ancaq mənə danışıb.
Bütün bu qəribəliklərinin axırı kənd camaatının Mustafanı dəli adlandırmasına qədər gedib çıxdı. Amma heç kim ondan qorxmurdu, ondan üşənmirdi. Kənd camaatın fikrincə şairlər elə bu cür olmalı idilər. Bir kəndli məni inandırmağa çalışırdı ki, Mustafa şairdir.
Dərslərini ehtirasla deyirdi Mustafa. Şagirdlərin ona qulaq asıb-asmamağı vecinə deyildi. O özüyçün danışırdı. Kənddə ilk noutbuk onunku idi. Dərslərə girəndə də əlində kağız, dəftər olmazdı. Noutbukun çantası və jurnalla içəri girərdi. Proqrama heç baxmazdı. Şagirdlərə qarşı çox mülayim idi. Nə “qayıb” yazırdı, nə də “üç”. Bir dəfə dərsində də olmuşam.
Yuxarı siniflərdə qızlar azalırdı. Çoxu ərə gedirdi, getməyəni də dərsə getməyə qoymurdular. Direktorun xahişini nəzərə alıb onları da yola verirdi. Heç nə vecinə deyildi Mustafanın.
Əksər müəllimlərdən fərqli olaraq şagirdlərin adını dürüst bilmirdi. Bəzən üç il dərs dediyi şagirdin adını xatırlaya bilmirdi. Klassik ədəbiyyat dərslərinin üzərində ciddi dayanmazdı. Bir dəfə şagirdlərin biliyini yoxlamaq üçün rayon təhsil şöbəsindən məktəbə gələn komissiyanın rəhbəri, şöbənin dil-ədəbiyyat inspektoru tələbələrin Dostoyevskini tanıdıqları halda “Xəmsə”yə daxil olan poemaları saya bilmədiklərinə təəccüblənmiş və iradını Mustafaya peşə etikasının ziddinə olaraq şagirdlərin qarşısında demişdi:
“Müəllim, bu necə dərs keçməkdir?”.
Mustafa da “Nizamini oxuyanların heç biri adam olmadı. Ona görə keçmirəm” cavabını vermiş, inadkar müəllim haqda az-çox məlumatı olan inspektor yüngülsaqqal olacağından qorxub nəinki təhsil şöbəsinə heç məktəbin direktoruna da bu dialoq haqda bir şey deməmişdi.
Uşaqlar müəllimlərinin dediyini dürüst anlamasalar da inspektora cavab qaytardığını görüb ona olan hörmətlərini bir az da artırmışdılar. Direktorun Mustafa ilə hörmətlə danışması onların diqqətindən heç vaxt qaçmırdı.
Dostoyevski məsələsini Mustafa mənə gülə-gülə danışmışdı. Nizamiyə olan münasibəti kimə olmasa da mənə aydın idi. Bizə işgəncə verən müstəntiq tez-tez Nizamidən sitat gətirirdi. Bunu Mustafaya xatırlatmadım. Yadından çıxa bilməzdi.

Tələbələrinin dərsə marağının az olduğunu bilən Mustafa proqramı özü və şagirdlər üçün maksimum maraqlı etsə də şagirdlər oxumağa çox həvəs göstərmirdilər. Lakin bir gün nadir hallarda girdiyi məktəb bufetində bir şagirdin kitab oxuduğunu görəndə səksənmişdi Mustafa. Mənə görə gəlmişdi bufetə. Mən çay içə-içə onu gözləyir və kitab oxuyan uşağa maraqla baxırdım.
Uşaq müəllimini görən kimi dərhal ayağa qalxınb “çox maraqlı kitab idi, evə qədər gözləməyə səbrim çatmadı” sözlərini nədənsə utana-utana söyləmişdi. Adını soruşdu, “Əkrəm” dedi.
Mehrini 10A sinfinin şagirdi Əkrəmə salan Mustafa onunla ciddi məşğul olmağa başladı. Onların sinfində ancaq üzünü ona tutub dərs danışırdı. Şəhərə yolu düşəndə onun üçün test bankları, kitablar alıb gətirirdi. Bir yerdə filmlərə baxırdılar.
Mustafa tarix və coğrafiya müəllimindən xahiş etdi ki, Əkrəmi pulsuz universitetə hazırlaşdırsınlar. Müəllimlər arasında ən çox mehrini saldığı adam tarix müəllimi olsa da coğrafiyaçı ilə heç kəlmə də kəsməmişdi. Amma ikisi də ürəkdən razı oldular Mustafanın təklifinə. Mən də kəndə yolum düşəndə ona riyaziyyatdan kömək edirdim.
Tarix müəllimi Qaçay müəllim Mustafa kimi bu yerlərdə qərib idi. Qaçqın düşmüşdülər. Bir anası vardı, onu da tələbəlik vaxtı itirmişdi. Sonra təyinatını bu kəndə vermişdilər. Qaçqınlıq başlayanda səkkiz yaşı olsa da kəndlərindəki adamların az qala hamısının adı yadında idi. Aradabir Mustafagilə qonaq gəlib kəndlərindən danışırdı. Bir partada oturduğu qızdan, söyüdlərdən, itlərindən, evlərindən, 5 yaşında itirdiyi atasından danışırdı. Mustafa onun sözünü kəsməz, amma onun üzünə də baxmazdı. Qaçay müəllim bəzən şübhələnirdi ki, Mustafa onu dinləmir. Bir gün söhbətini bitirib qalxmaq istəyəndə Mustafa onu bir dəqiqəlik saxlamış, evə girib bir zərflə qayıtmışdı. “Tək olanda oxuyarsan” deyib zərfi Qaçay müəllimə vermiş, Mustafanın qəribəliklərinə alışan Qaçay müəllim onun bu hərəkətindən qətiyyən təəccüblənməmişdi.

Aradan bir saat keçəndən sonra Mustafanın qapısı döyülmüş, ağlamaqdan gözü şişmiş Qaçay müəllim elə kandardaca onu qucaqlayıb hönkürmüşdü.

Bir az özünə gələndən sonra “İlk cümləni oxuyanda gözüm doldu. Səndə nə boyda ürək varmış. Elə bil mənim yanımda olmusan. Elə bil o kənddə doğulmusan. Elə bil atasız sən böyümüsən, elə bil yetimçiliklə qaçqınçılığı sən birləşdirib yemisən” sözlərini gözlərindən qaynar yaşlar dama-dama Mustafaya demiş və yerə çöməlib dizlərini qucaqlayaraq yenidən hönkürməyə başlamışdı. Mustafa da hönkürtünü ev yiyəsi eşitməsin deyə krantı açmış, təzyiqlə gələn su onun köynəyini islatmışdı. Bunları mənə Qaçay müəllim danışıb. O esseni də oxumaq üçün mənə o verib.
Əkrəm sınaq imtahanlarından çox gözəl nəticələr almış və universitetə daxil olacağının müjdələrini vermişdi. Onun qəbul olunması xəbərini eşidəndə Mustafa özünə yer tapmamış, axşam öz pulu ilə bazarlıq edərək Əkrəmgilin evində bir məclis təşkil etmişdi. Əkrəmin yaxın qohumlarının və bəzi müəllimlərin iştirak etdiyi məclisdə direktor da, digər qonaqlar da Mustafanın özünü şən, zarafatcıl aparmasından xeyli məmnun olmuş, onun araq içməsinə təəccüblənmişdilər.
Gecəyarısına qədər davam edən məclis qurtarandan sonra taksi tapıb Əkrəm rayon mərkəzinə gəlmişdi. Direktor başda olmaqla müəllimlərin etirazı bir işə yaramamış Əkrəmin anası isə Mustafanı çox istədiyindən onun sərxoş vəziyyətdə yeniyetmə oğlu ilə şəhərə getməyinə razı olmuş, onları yola salıb mərhum ərini xatırlaya-xatırlaya xeyli ağlamışdı. Evdə qalan telefonunu götürmək üçün qayıdanda Əkrəm anasını ağlayan görmüşdü. İndi onunla tez-tez görüşürük. Həmişə də Mustafadan danışır.
Yatağından qaldırılan taksi şoferi də səfərin məqsədini anlamamış, onları rayonda düşürəndən sonra daha geri qayıtmamış, gecə rayon mərkəzində yaşayan qardaşıgildə qalmışdı.
Ömründə ilk dəfə içkinin dadına baxsa da daha çox bugünkü şad xəbərin təsiri ilə sərxoş olan Əkrəm məqsədini bilməsə də səfərdən məmnun olmuşdu.
Mənzil başına yetişəndə belə sərxoşluqdan ayılmayan Əkrəm Mustafanın ardınca göy darvazalı evə girmiş, içəridə iki qız görəndən sonra dumanlı olsa da nə isə anlamışdı.
Qısa sarafanda olan qarasaçlı gənc qız ona oturmağa imkan verməmiş və içəridəki otağa aparmışdı. Bir neçə saat sonra ordan çıxanda Mustafanı qısasaçlı qızla çay içdiyini görmüşdü. Mustafanın “gecə burda qalacağıq” sözlərindən sonra yenə otağa qayıtmış, günortaya qədər yatmış, duranda Mustafanı qısasaçlı qızla divanda oturub televiziya kanallarını eşələyən görmüşdü.
Onun ardınca otaqdan çıxan qarasaçlı gözəlçə də gülümsəyərək Mustafa ilə salamlaşmış, Mustafa xanımlara hazırlaşmağı tapşırıb, taksi tapmaq üçün çölə çıxmışdı.
Birlikdə çay kənarında bir kafeyə gedən dörd gənc nahar edib istinin keçməsini gözləyə-gözləyə kofe içmiş, yenidən evə qayıtmışdı. Mustafa Əkrəmi yenə qarasaç xanımla bir otağa göndərmişdi.
Səhəri gün şagirdi ilə kəndə qayıdan Mustafa kəndin girəcəyində Əkrəmə “Tez yatma, səninlə işim var” demiş, maşını saxlatdırıb piyada evə yollanmışdı. Rayona getmək əhvalatını mənə danışan Mustafa bu hərəkətini izah edə bilmirdi.
Gecənin bir aləmi darvazalarından Əkrəmi haylamış, əlifənərli müəllim qabaqda, şagird arxada dinməzcə çayın kənarına gəlmişdilər. Çayın kənarında iri bir daşın üstündə oturan Mustafa fənəri aralarına qoyub ayaqlarını suya sallamışdı.
Beləcə dəqiqələr keçmiş, bu arada Əkrəm Mustafadan gələn pivə qoxusunu hiss etmişdi.
“Bax, Əkrəm, o şəhərə gedirsən. O iblis cəmiyyətinin növbəti qurbanına çevrilməməyin üçün yetişdirdim səni. Sən mən olmayacaqsan. Bunu bilirəm. Buraxdığım səhvlərin səbəblərini anlamışam mən. O səhvləri sənə bir-bir izah da etmişəm. Amma bilirəm, sən də səhvlər edəcəksən. Həyat riyaziyyat deyil ki, dəftər-kitabla öyrənəsən. Həyat həm kitabdır, həm də laboratoriya. Bir əlində kitabdır, o bir əlində kolba, turşular, sınaq şüşələri. Sən kompasın nə olduğunu gecə qaranlığında meşədə öyrənəcəksən, coğrafiya kitabından yox ”.
Bu sözləri deyəndən sonra fənəri yandırıb işığını suya salan Mustafa bir neçə dəqiqə susmuş, sonra işığı Əkrəmin üzünə tutaraq davam etmişdi:
“Mən inandığım şeylər uğrunda əzab çəkdim. Qız sevdim alınmadı. Dünyanı dəyişdirmək istədim, lakin dəyişən yaşayış yerim oldu. Sən başını aşağı sal, özünçün yaşa” demirəm. Heç şübhəsiz ki, sən də sevəcəksən, sən də nəyisə dəyişmək istəyəcəksən və sənin də arzuların daşa dəyəcək. Sən də məyus olacaqsan, sən də ağrı çəkəcəksən, sən də səhv edəcəksən. İnsan inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər. Hətta etməlidir. Səni bura çağırmaqda bircə məqsədim var. Həmişə ürəyinin səsini dinlə. Səhv etməkdən qorxma. Həyatda məqsədlər yoxdur, vasitələr var. Məqsədə çatmaq əsas deyil, əsas ona sarı getməkdir. Əsas hansı məzhəbə qulluq etməyin deyil, ona nə qədər sədaqətli olmağındır. Əsas məqsədə çatmaq deyil, məqsəddən sapmamaqdır. Əsas olan sevgi deyil, sevməkdir. İnsanın bircə məqsədi olmalıdır: “Ölüm yatağında mən öz ürəyim istəyən kimi yaşamışam” sözünü cəsarətlə demək məqsədi...”
Mustafa sözünü bitirib Aya baxmış və əlini Əkrəmin çiyninə vurub gülümsəmişdi.
Çay belə söhbətləri çox eşitmişdi...