““Toy olsun”, “Onun yarısı”, “Ay Zaur” efirdən çıxarılsın”

toy-olsun-onun-yarisi-ay-zaur-efirden-cixarilsin
Oxunma sayı: 669

Deputat Milli Televiziya və Radio Yayımı Şurasını bu telekanalın soyqırımı günü toy proqramı yaymasına qiymət verməyə və ümumiyyətlə "Toy olsun", "Onun yarısı", "Ay Zaur" kimi verilişlərin efirdən çıxarılmasını tələb edib.
“Qafqazinfo”nun məlumatına görə, Bəxtiyar Sadıqov bu mövqeyi ilə “Azərbaycan” qəzetində 3 aprel sayında dərc olunmuş “Faciə və kədər günündə çal-çağır” yazısında çıxış edib.
“Hər xalqın tarixində onun taleyi ilə bağlı faciəli hadisələr olur. Həmin hadisələr anım, xatırlama günü kimi qeyd olunur. İnsanlar ağlamasalar da, yas tutmasalar da, çalışırlar ki, həmin günlərdə toy-düyün, digər şənliklər keçirməsinlər. Dövlət də öz növbəsində matəm, hüzn və faciəli günlərdə konsert, əyləncə və idman tədbirlərini təxirə salır.
20 Yanvar, Xocalı və Azərbaycanlıların Soyqırımı günləri (26 fevral və 31 mart) xalqımızın faciəli, matəm günləridir. Bu günlər bizim üçün müqəddəs, ağrılı-acılı gün sayılır. Çünki həmin günlərdə yüzlərlə azərbaycanlı xalqımızın azadlığı və istiqlaliyyəti, torpaqların müdafiəsi, millətin xilası və yaşamı uğrunda öz canından keçərək şəhidlik zirvəsinə yüksəlmişdir.
Bu günlərin təqvimə düşməsi həm də ulu öndər Heydər Əliyevin adı ilə, müstəqilliyimizin qısa və şərəfli tarixi ilə bağlıdır. Çünki uzun illər, SSRİ-nin və sosializmin mövcudluğu dövründə xalqdan onun əsl tarixi gizlədilmiş, soyqırımı hadisələrindən danışmaq və yazmaq qadağan edilmiş, tariximiz saxtalaşdırılmışdır. Yalnız ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi əldə edildikdən, ümummilli lider Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar, Xocalı hadisələrinə obyektiv hüquqi-siyasi qiymət verilmiş, erməni faşistləri tərəfindən başımıza gətirilən fəlakətlər, soyqırımları barədə həqiqətlər üzə çıxarılmış, açıq şəkildə bu mövzuda danışmağa və yeni-yeni tarixi, elmi, bədii-publisistik əsərlər yazmağa imkan yaranmışdır. 26 mart 1998-ci ildə ulu öndər tərəfindən imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" fərman isə öz əhəmiyyətinə və möhtəşəmliyinə görə diqqəti xüsusilə çəkir.
Tarixə yeni yanaşmanı şərtləndirən bu sənəddə XIX və XX əsrlərdə xalqımızın başına gətirilən soyqırımı əməlləri barədə açıq və obyektiv şəkildə danışılmış, onlara prinsipial qiymət verilmiş, tariximizin ağ ləkələrdən təmizlənmiş şəkildə yenidən yazılması tövsiyə olunmuşdur. Həmin fərmanda hər il 31 martın Azərbaycanlıların Soyqırımı günü kimi keçirilməsi də qərara alınmışdır. 1998-ci ildən xalqımız martın 31-ni faciə və kədər günü kimi qeyd edir.
Şənbə günü növbəti dəfə Azərbaycanlıların Soyqırımı günü qeyd olundu. Həmin ərəfədə, həm də həmin gün dövlət, ayrı-ayrı ictimai qurumlar, QHT-lər tərəfindən çoxsaylı tədbirlər gerçəkləşdirildi, şəhidlər, soyqırımı faciələri anıldı, abidələr önünə əklillər, təzə gül-çiçək dəstələri qoyuldu. AMMA...
Azərbaycanda "Xəzər" adlı özəl televiziya kanalı var. Bu kanal da digər özəl kanalların gördüyü işlərlə məşğuldur. İlboyu şou-proqramlar verir, qalmaqallar yaradır, oxuyanları bir-birinə qarşı qoyur, gizli reklamla məşğul olur. Bütün bunlar əsasən həftədə bir neçə saat (təkrarı da daxil olmaqla) efir vaxtı ayrılan "Ay Zaur" proqramında reallaşdırılır. Milli-mənəvi dəyərlərə arxa çevrilən, xalqın mentaliteti ilə bir araya sığmayan bu proqram və onun aparıcısı etikadan kənar və açıq-saçıq sualları, şəxsi həyata müdaxiləsi ilə "məşhurdur". Faktiki olaraq ANS-in "Toy olsun"u və ATV-nin "Onun yarısı"nın başqa formaya salınmış eyni düşük və səviyyəsiz dedi-qodu verilişlərindəndir. Elə buradaca qeyd edək ki, "Toy olsun" və "Onun yarısı" ilə bağlı Facebook sosial şəbəkəsində başlanan etirazlar get-gedə artır, insanlar belə mənəviyyatsız proqramlara hiddət və qınaqlarını açıq şəkildə bildirirlər. Təbii ki, xalqımızın ailə qurmaq, toy və nişan mərasimləri keçirmək kimi adət-ənənələrinə parodiya olan bu verilişlər gizli reklamlar hesabına kanal rəhbərlərinin cibinin doldurulmasına xidmət edir. Televiziya kanalları özəl, müstəqil olduqlarına görə proqram siyasəti onların daxili işi sayılır və biz buna qarışmırıq. AMMA...
Elə məsələlər var ki, özəl kanalın rəhbərliyinin "proqram siyasəti" sayılsa da, bütövlükdə onun Azərbaycan xalqına və hər bir vətəndaşa dəxli var! Söhbət "Xəzər" TV-nin "Ay Zaur" toy-şousunun 31 mart - Azərbaycanlıların Soyqırımı günü ölkəyə yayımladığı mənəviyyatsız və tərbiyəsiz verilişindən gedir! "Ay Zaur" 362 gün oxuyanları "raskrutka etmək", "toy stavkalarını qaldırmaq", fəxri adlarının və evlərinin olmadığını "dövlətin diqqətinə" çatdırmaq və "vasitəçi" xidməti göstərməklə istədiyi qədər "qulaq kəsir", "cib doldurur"! İlin üç kədərli və matəmli günündə isə səbr edə, "bazarını" bağlaya bilməzmi?!
Gərək nə qədər həddini aşmış olasan ki, xalqın heysiyyatına toxunmaqdan çəkinmədən yüz minlərlə şəhidin xatirəsinin anıldığı gündə qondarma toy keçirib onu bütün Azərbaycana, dünyaya yayımlayasan! Başqa kanallarda məzarlıqlar, qətlə yetirilmiş insan cəsədləri göstərildiyi vaxtda sənin verilişində insanlar çalıb-çağıra, qol götürərək atılıb düşə!
Bu təkcə mənəviyyatsızlıq deyil, həm də şəhid ruhuna hörmətsizlikdir! Zaurun özü, proqramdakı müğənnilər, qonaqlar və qohumlar yallı getdikcə, qol qaldırıb süzdükcə mənə elə gəlirdi ki, onlar şəhid məzarları üzərində rəqs edirlər! "Ay Zaur" elə vacib bir şoudur ki, onu bir gün sonraya saxlamaq, 1 Aprel gülüş günündə efirə vermək mümkün olmasın?! Həm də gülüş günündə o proqramın yaradıcıları və iştirakçıları bu qədər gülünc və cılız da görünməzdilər... Əlbəttə, olardı. AMMA...
Əmması ondadır ki, daha özəl kanallar "demokratiya" adı altında o qədər sərbəstləşib və etik normaları, milli-mənəvi dəyərlər çərçivəsini aşıb keçiblər ki, heç kimdən və heç nədən qorxmurlar! Nə xalqın qınaq və qəzəbindən, nə də müvafiq qurumların onlara verə biləcəyi cəzadan! Görəsən soyqırımı günündə ölkəmizdə yaşayan əcnəbilər, xaricdə həmin kanalın "kef" verilişinə baxanlar millətimiz haqqında nə düşündülər? Demədilərmi ki, hansı gününüzə çalıb oynayırsınız?
XATIRLADIRIQ! Azərbaycanlıların Soyqırımı günü haqqındakı fərmanı dövlət verib!
Həmin fərmanı ulu öndər Heydər Əliyev imzalayıb!
Soyqırımı faciəsi bütün Azərbaycan xalqına aiddir!
Hesab edirik ki, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Yayımı Şurası "Xəzər" TV-nin Azərbaycanlıların Soyqırımı günü toy proqramının efirə çıxarılması, bununla da ölkəmizin beynəlxalq imicinə xələl gətirilməsi, minlərlə qaçqının və məcburi köçkünün ləyaqət və heysiyyatının təhqiri faktını ciddi şəkildə müzakirə edərək prinsipial qiymət verəcəkdir!
Kanalın rəhbərliyi isə Azərbaycan xalqından üzr istəməklə belə hallara bir daha yol verilməməsi üçün tədbirlər görməlidir.
Milli Televiziya və Radio Yayımı Şurası ictimai rəyi nəzərə almaqla "Toy olsun", "Onun yarısı", "Ay Zaur" və bu qəbildən olan digər mənəviyyatsız və milli mentalitetimizdən kənar verilişlərin, xalqın əxlaq və mənəviyyatına zərbə vuran proqramların efirdən çıxarılması üçün qətiyyətli addımlar atmalı, lazım gələrsə, əlavə səlahiyyətlər almaq üçün Milli Məclisə müraciət etməlidir.
Nəhayət, biz hamımız dövləti maraqları, xalqın imicini yüksəkdə tutmağı öyrənməli, ayrı-ayrı özəl qurumlar, vətəndaşlar, qeyri-hökumət təşkilatları tərəfindən milli maraqların tapdalanmasına qarşı kəskin və qətiyyətli mövqe nümayiş etdirməliyik!
Demokratiya, mətbuat və söz azadlığı, insan haqlarının qorunması adı altında milli və dövləti maraqlara sayğısızlıq göstərilməsi yetər! Artıq qanun çərçivəsində ciddi və kəskin ölçü götürülməsi zərurətə çevrilib!»