Toyda bəylə gəlinin girov götürülməsi

toyda-beyle-gelinin-girov-goturulmesi
Oxunma sayı: 674

Solumda bəyin dayısı, masanın baş tərəfində isə əmilərin ən böyüyü əyləşmişdi. Bəyin böyük əmisi yekəpər adam olduğu üçün onun yanındakı boş stulu götürmüşdülər. İlk dəfə görüşsək də, mənimlə köhnə tanışlar kimi hal-əhval tutdu. Sonra isə başının üstündə dayanmış ofisianta əmr etdi ki, mənim üçün araq süzsün. Ofisiantın əlindən yapışıb, ancaq şirə içəcəyimi deyəndə, üz-gözünü turşutdu. Mənə meyvə şirəsi süzmək istəyən ofisiantın üstünə elə bağırdı ki, qonşu masada əyləşən adamlar dönüb bizə baxdılar. Utandığımdan başımı aşağı saldım.

Bəylə gəlin bir saat əvvəl gəlsələr də, hələ toy başlamamışdı. Bəylə gəlinin başı şəkil çəkdirməyə qarışdığı üçün hamı onları gözləyirdi. Şadlıq sarayının fotoqrafı gənc cütlüyün ən azı 50 şəklini çəkəndən sonra onları rahat buraxdı. Nəhayət, masabəyi toydan əvvəl ən azı yeddi rəngdən istifadə etməklə üz-gözünü boyamış sarısaç müğənni ilə söhbətinə ara verib, məclisi açıq elan etdi. O, səkkiz bənd şeir, yeddi qoşma, dörd gəraylı, beş bayatı deyəndən sonra bəylə gəlinin valideynlərini yanına çağırdı. Bəyin atası qonaqları salamlayıb hamıya təşəkkür edəndən sonra mikrofonu gəlinin atasına verdi. Qız atası utancaq adam olduğu üçün cəmi iki kəlmə dedi. Amma burnunun ucunda danışdığı üçün qonaqlar onun nə demək istədiyini başa düşmədilər. Sonra musiqiçilər “Qudalar” mahnısını çaldılar. Təxminən 30-a yaxın adam ortaya girib, sarısaç müğənninin cır səslə ilə ifa etdiyi mahnının sədaları altında rəqs etməyə başladılar...

Bəyin atası iki dəfə dövrə vurub yerində əyləşəndə onun böyük qardaşı artıq üçüncü badəni içmişdi. Amma qardaşının gəldiyini görəndə ofisianta macal verməyib, bu dəfə badəsini özü doldurdu. O, dördüncü badəni də bəylə gəlinin sağlığına içdi. Sonra isə boşqabdakı axırıncı xiyar turşusunu götürüb ağzına atdı. Şirə içdiyi bakalın boş olduğunu görəndə isə mənim stəkanımı götürüb başına çəkdi.

Musiqiyə ara veriləndə bəyin atası məni bizimlə eyni masanın arxasında əyləşmiş qonaqlarla tanış etdi. Məlum oldu ki, bizim masanın arxasında cəm olmuş 12 nəfərin yarısı bəyin böyük əmisinin ailə üzvləridir. Hər dəfə oğlanlar da ataları ilə birlikdə badə qaldırırdılar. Nədənsə, mənə elə gəldi ki, ata ilə oğlanları arasında daha çox araq içmək uğrunda yarış gedir.

Masabəyi növbəti dəfə şeir demək qabiliyyətini nümayiş etdirəndən sonra sözü bəyin böyük əmisinə verdi. Bayaqdan bəri candərdi söhbət etdiyim bu adamın nə qədər eybəcər məxluq olduğunu yalnız o, ayağa qalxandan sonra müşahidə edə bildim. Təxminən 150 kiloqram çəkisi olan bu adam öz bədheybət görünüşü ilə hətta orta məktəb şagirdlərini də qorxutmağa qadir idi. O, mikrofonu əlinə alıb yoğun səslə danışmağa başlayanda hamı diksindi. Əvvəlcə məclis sahibi olan qardaşı ilə birgə keçirdiyi uşaqlıq illərindən, dərsdən yayınanda mərhum atalarının onları necə döyməsindən danışdı. Sonra isə qardaşı oğlunun uşaqlıq illərinə ekskursiya etdi. Məlum oldu ki, indi bəylik kürsüsündə əyləşən bu cavan oğlan uşaq vaxtı tez-tez onu qucağına alan əmisinin üstünü batırırmış...

Ağlına nə gəldisə, birdən sözünə ara verib, muğam oxumağa başladı. O, muğam oxuyanda, mən qəbirdə rəhmətlik Yaqub Məmmədovun sümüklərinin sızıldadığına zərrə qədər də şübhə etmədim. Nəhayət, çıxışını yekunlaşdırmağa qərar verdi. Üzünü bəyə tutub, belə dedi: “Nə qədər ki, əminin canı sağdır, sənin bu həyatda heç bir problemin olmayacaq”. Sonra isə mikrofonu masabəyiyə qaytarıb, oynamaq istədiyi mahnının adını onun qulağına pıçıldadı. Musiqiçilər “Ceyranım” mahnısını ifa etməyə başlayanda, mən hava almaq üçün bayıra çıxdım.

Təxminən 20 dəqiqə sonra geri qayıdanda, o, hələ də öz ailə üzvləri ilə birlikdə rəqs edirdi. Nəhayət, musiqi səsi kəsildi və onlar keçib öz yerlərində əyləşdilər. Ofisiantlar mətbəxdə olduğu üçün masaya heç kim xidmət etmirdi. O, kələ-kötür sifətindən yaxasına süzülən təri silmək üçün irəli əyilib, bir dəstə kağız dəsmal götürmək istəyəndə, dirsəyi ilə masanın üstündəki araq şüşəsini vurub yerə saldı. Çilik-çilik olan şüşə parçalarından elə bir cingilti qopdu ki, ətrafdakı qonaqların hamısı dönüb nifrətlə bizə baxdılar. Onunla yanaşı oturduğum üç saat ərzində ən azı dördüncü dəfə utandığımdan başımı aşağı saldım...

Sonra bəyin kiçik əmisi, lap axırda isə dayısı danışdı. Onlar da gənclərə hər cür qayğı göstərməyə hazır olduqlarını bildirdilər. Hər iki qohum çıxışlarını təxminən bu sözlərlə yekunlaşdırdı: “Arxanızda dağ kimi dayanmışıq”.

Yavaş-yavaş qonaqlar dağılışırdılar. Onun gözündən yayınıb, toya pul yazılandan sonra bəyin atasından icazə alıb, evə getmək istədim. Amma toy sahibi getməyimə razı olmadı. Toya gözlədiyindən az pul yığıldığını, buna görə də onunla axıra kimi qalmağımı xahiş etdi.

Qonaqların böyük əksəriyyəti getmişdi. Salonda 10-15 yaxın qohum, bir də bəylə gəlin qalmışdı. Mühafizə xidmətinin əməkdaşları bəylə gəlinin şadlıq sarayını tərk etməsinə icazə vermirdilər. Qohumlar isə elə bilirdilər ki, müdiriyyət bəylə gəlinə hədiyyə vermək üçün onları saxlayıb.

Bəyin atası ilə administratorun otağına keçdik. Məlum oldu ki, toy sahiblərinin şadlıq sarayına 1145 manat borcu var. İlk dəfə belə vəziyyətlə üzləşdiyim üçün nə edəcəyimi bilmirdim. Dərhal əlimi cibimə saldım. Üstümdə 86 manat vardı. Həmin pulu administratorun qarşısına qoydum. Bəyin atasının cibindən isə 137 manat çıxdı. Administrator qarşısındakı ağ kağıza nəsə yazıb-pozandan sonra dedi ki, 922 manat borcunuz qaldı. Bəyin atasına təklif etdim ki, böyük qardaşına zəng etsin. Dedi ki, iki dəfə arasa da, telefonu açmır. Bəyin kiçik əmisi ilə dayısının da telefonuna zəng çatmadı. Məlum oldu ki, toy sahibinin pul üçün ağız aça biləcəyi başqa qohumu da yoxdur. Biz vəziyyətdən çıxış yolu arayanda bəyin anası otağa daxil oldu. O, əl dəsmalına bükdüyü qızılları administratorun qarşısına qoyub, sakitcə bayıra çıxdı. Belə qərara gəldik ki, sabah borcu ödəyib, qızılları götürərik.

Bəylə gəlin salonda bizi gözləyirdi. Bir yerdə həyətə çıxdıq. Bəyin atası qabaqda, gəlin isə həyat yoldaşı ilə qayınanasının arasında oturdu. Bəyin dostunun bahalı avtomobili yerindən tərpənəndən sonra mən taksi sürücüsü işləyən qonşuma zəng vurub, arxamca gəlməsini xahiş etdim.

Bayırda gözəl hava vardı. Göydə ulduzlar sayrışırdı...