Toylardakı səs-küy sağlamlığa ciddi zərbə vurur

toylardaki-ses-kuy-saglamliga-ciddi-zerbe-vurur
Oxunma sayı: 856

Elmira Mirzəyeva Trend-ə müsahibəsində bildirib ki, toydakı səs-küy insanların eşitmə qabiliyyətinin zəifləməsinə, xroniki zehni yorğunluğa gətirib çıxarır. Belə səs-küy şəraitində insanın diqqəti yayınır, o, düşünə, fikrini cəmləyə bilmir. Şadlıq saraylarındakı səs-küy insanlarda hətta yaddaş pozğunluğu və nevrozun əmələ gəlməsinə səbəb olur.

Psixoloq hesab edir ki, səs-küy hər bir insana fərdi qaydada təsir edir. Güclü sinir sisteminə malik olan insanlara bu səs-küy bir qədər zəif, zəif sinir sisteminə malik insanlara isə güclü təsir göstərir.

Elmira Mirzəyeva toy zamanı səs-küyün insan orqanizminə təsirini azaltmaq üçün şadlıq saraylarının sahiblərinə bəzi tövsiyələrini də verib. O bildirib ki, şadlıq saraylarının sahibləri zal tikdirərkən mütləq akustikanı nəzərə almalıdırlar.

“Bakıda yalnız bir neçə şadlıq sarayında səs normal yayılır. Digərlərində isə səs sanki tavana dəyir, yenidən insanın üstünə qayıdır. Yəni səs bərabər paylanılmır. Bu da nəticədə insanların sağlamlığına təsir göstərir”, - Mirzəyeva deyib.

Psixoloq bununla yanaşı, şadlıq saraylarının sahiblərinin toyda iştirak edən musiqiçilər qarşısında müəyyən şərtlər qoymasını da vacib hesab edir. Onun sözlərinə görə, şadlıq sarayları müğənninin səsi olmadığı halda qışqıra-qışqıra oxumasına, musiqi səslərinin xırıltlı çıxmasına icazə verməməlidir.

Psixoloq bu qənaətdədir ki, şadlıq sarayları bu amilləri nəzərə alarsa, toya gələn insanların sağlamlığını da qorumuş olar.

Şadlıq saraylarında səs-küy səviyyəsinin norması 65 dB olduğu halda, şadlıq saraylarında bu normalar bir necə dəfə artıq olur.

5-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.