Toyuğun qiyməti düşəcək - Fotosessiya

toyugun-qiymeti-dusecek-fotosessiya
Oxunma sayı: 645

“Səba” brendi yetişdirdiyi toyuqlarının yemini özü istehsal etməyə başlayıb. Şirkət bu il, ilk dəfə olaraq, qarğıdalı becərib. Məqsəd xaricdən alınması yüksək məsrəflərə başa gələn keyfiyyətli yemi ölkədə istehsal etməklə, toyuqların qiymətinin aşağı salınmasına nail olmaqdır. Ağsu və Kürdəmir rayonları ərazisində yerləşən, 400 hektar sahəni əhatə edən “Səba”nın qarğıdalı sahəsindən bu il 5 min ton məhsul gözlənilir.

“Qafqazinfo”nun məlumatına görə, şirkət rəhbərliyi ilə yanaşı ölkənin aparıcı KİV nümayəndələri də “Səba” qarğıdalı sahəsində məhsul biçininin başlanmasını müşahidə ediblər.

“Səba” İstehsalat müəssisəsinin baş direktoru Zakir Əzimov deyib ki, bu il gözlənilən məhsul “Səba” toyuqlarının qarğıdalı dəninə olan illik tələbatının tam yarısını təşkil edir: “Gələn ildən isə toyuqlarımızın qarğıdalıya, buğdaya və günəbaxan tumuna olan tələbatının böyük bir hissəsini özümüz təmin edəcəyik. Əminik ki, xaricdən əldə edilməsi yüksək məsrəflərə başa gələn keyfiyyətli yemi özümüz istehsal etməklə, ətin keyfiyyətini daha da yüksəltməyə və müəyyən vaxtdan sonra quş ətinin qiymətini aşağı salmağa nail olacağıq”.

“Səba”nın Ağsu-Kürdəmir ərazisindəki taxılçılıq layihəsini həyata keçirən “Qarabağ-taxıl” şirkətinin direktoru Rəcəb Orucov isə bildirib ki, “Səba” Azərbaycandakı digər quşçuluq müəssisələrindən fərqlənərək, özünə yem istehsalına başlamaqla, əkinçilikdə də bir sıra yeniliklər edib: “Qarğıdalı məhsulunun yığımı üçün gətirilmiş ABŞ istehsallı texnikadan Azərbaycanda çox yüksək nəticə gözlənilir. Suvarma sistemində istifadə olunan süni yağışyağdırma aqreqatları (PİVOT) ölkə əkinçiliyində tətbiq edilən ən müasir üsullardandır. PİVOT suvarmada işlədilən suya bir neçə dəfə qənaət edir. Bundan əlavə, sahənin gübrələnməsində müəssisənin yetişdirdiyi quşların peyinindən istifadə olunub. Bu, həm tullantılardan səmərəli istifadə kimi, ətraf mühitin mühafizəsinə yönəlib, həm də bitkini təbii gübrə ilə təmin edir”.

Layihəninin reallaşmasına dəstək verən Sahibkarığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev də əsas hədəfin, Azərbaycanın özünü ərzaqla təmin etməsi olduğunu qeyd edib. İcraçı direktor digər müəssisələri “Səba”dan nümunə götürməyə çağırıb.