Trabzondakı milli fahişələrimiz

trabzondaki-milli-fahiselerimiz-
Oxunma sayı: 645

Yazı adamları çox zaman getdiyi müxtəlif yerlərdə insanlarla ünsiyyətə girməyi, onlarla danışmağı, əhvalatlar paylaşmağı sevər, sevməsə belə yazı materialı üçün lazım olur belə şeylər. Məndə isə o xasiyyət yoxdur. Çox ünsiyyətə girməməyə çalışıram. Uşaq vaxtı lap qaradinməz idim. Böyüdükcə insan mühitin təsirindən, yaşadıqlarından sonra başqalaşır, dəyişir, amma hardasa bəzi xasiyyətlərimiz əvvəlki kimi qalır.

Təyyarədəyəm, yanımda ortayaşlı bir qadın əyləşib. Geyimindən əyalət insanı olduğu hiss olunur. Mənə suallar verir “Hardan gəlib hara gedirsiniz, haralısınız, qonaq gedirsinizmi?”. Türkiyə türkcəsi ilə qısa cavablar verirəm. Deyəsən, yabancı olduğumu anlamır, belə hiss edirəm mənim türkcəm onunkundan daha səlist, və düzgündür. Sonra həmin qadın salonun o biri tərəfində əyləşən sərnişinlərə də eyni sualı verir. Öz-özümə düşünürəm, əyalət insanı necə də sadə və təvazökardır. Soruşduqları, sadəcə,boş maraqdan doğan suallardır, heç bir gizli məqsəd yoxdur. Həm də bəzi adamlar var, danışmaq xatirinə dil boğaza qoymurlar.

Şəhər çox gözəldir – dəniz mənzərəsi, təmiz hava. Bir taksiyə minirəm və sürücüyə “qalmağa bir otel lazımdır” – ürəyimə dammış kimi əlavə edirəm – “amma tək qadının qala biləcəyi yer olsun”. “Əlbəttə narahat olmayın, taparıq” deyir. “Çömlekçi” məhəlləsi yazılan bir yerdən keçirik. Taksi sürücüsü deyir “abla, buralara, deyəsən, yabancısınız, gələndə qəti burada qalmayın. “Niyə, nə olub ki?” deyə soruşuram. “Bilmirsiniz bəyəm? Azərilər və ruslar çoxdur burada. Xüsusilə də azərilər, onlar bu otellərdə qalırlar”. Daha sonra, yan-yana düzülmüş otellərin yanından keçdikcə, otellərin qarşısında geyimindən bizim əyalət qadınlarını xatırladan qadınları görürəm. Əksəriyyətinin yaşı qırxdan çox olar. “Bunlar burada nə edir?” deyə, öz-özümə soruşuram. Sonra taksi sürücüsü məni mərkəzi küçəyə gətirir. Yenə çox sayda otellər var. Görünüşündən normal yerə bənzəyən birinə girib soruşuam “qalmağa otaq varmı?” Otelin içində, salonda bir xanım əyləşib, telefonla danışır. İstəmədən qulaq müsafiri oluram. Azərbaycan tükcəsində danışdığını eşidirəm. Otuz yaşlarında bir qadındır. “İlahi, bu qədər insanımız burada nə edir?” deyə təkrarlayıram.

Sən demə, Trabzon Türkiyənin ən çox fahişə yığınına çevrilmiş yerlərindən biridir. Öz-özümə peşman oluram bu şəhərə gəlib bu mənzərəylə qarşılaşdığım üçün. Amma ən çox narahat olduğum məsələ isə öz həmvətənlilərimlə bu vəziyyətdə qarşılaşmaq olur. Heç də ürəkaçan deyil. Pasportumu versəm, mənim də Azərbaycan vətəndaşı olduğumu görəcəklər. Gecənin saat ikisində bir də gördün qapını döydülər ki, “qonaq qəbul etmirsiniz?” Onda gərək yerin dibinə keçəsən. Başıma nələrin gələcəyindən xəbərsizəm. Yardım üçün bir tanışıma zəng edirəm. Oralara yaxşı bələd olan dostum mənim Trabzona tək gəlməyimə təəccüblənir. Başqa bir neçə otelləri də gəzirəm. Sonra oteldə qalmamağa qərar verirəm. Dostumdan xahiş edirəm mənə tanışlarından birinin evində qalmaq üçün yer tapsın. Nəhayət, yer tapıram. Qonaq getdiyim yerdə yorğunluq bəhanəsiylə öz otağıma keçib başımı iki əlimlə sıxıb düşünməyə başlayıram. Bu qədər qadınımızın buraya gəlməsində səbəbkar kimdir? Kasıbı çox kasıb, zənginin də çox zəngin olan dövlətimizmi, yoxsa qoynunu fahişə yığıncağına açmış qardaş Türkiyəmi? Suallar çoxdur, cavabı yoxdur.

Bunları yazmaqda məqsədim özümüzü aşağılamaq deyil, hər yerdə öz millətimlə qürur duymuşam. Əlimdən gəldiyi qədər yaxşı təmsil etməyə çalışmışam. Amma “qurunun oduna yaş da yanar” deyirlər. İndi gəl buradakılara başa sal ki, sən “onların bildiyi azərilərdən” deyilsən. Nəysə, görək başımıza daha nələr gəlir...