Tünzalə Ağayeva: “Mənə görə avara qalma”

tunzale-agayeva-mene-gore-avara-qalma
Oxunma sayı: 958

Ağayeva Rusiyadakı Heydər Əliyev Fondunun rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Sankt-Peterburqda keçiriləcək Respublika günü ilə əlaqədar açıq hava konsertinə qatılacaq. Onun sözlərinə görə, Respublika günü ilə bağlı bir sıra ölkələrdə konsertlər təşkil olunması gözlənilir. Ağayeva qeyd edib ki, Sankt-Petrburqdakı konsertdə “Eurovisonu-2011”in qalibləri Eldar, Nigar və müsabiqənin keçən ilki iştirakçısı Safura da iştirak edəcəklər. Bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətində də solo konsert verdiyini deyən müğənni həmin konsertdə Azərinin də iştirak etdiyini deyib. Mayın 27-də Orta Doğu Universitetində keçirilən konsertin canfəşanlıqla keçdiyini qeyd edib: “Mən xoşbəxtəm ki, Allah Taala mənə Azərbaycan, türk musiqisini, türk millətinin gücünü, müstəqilliyimizin gözəlliyini musiqi dilində çatdırmağı nəsib edib”.

Azərbaycandan çox kənarda konsertlər verdiyi deyən əməkdar artist qeyd edib ki, hər bir çıxış məsuliyyət, həyəcan və yenilikdir. Onun sözlərinə görə, bu yeniliklə bərabər adət-ənənəni, kimliyini və soyunu, kökünü tanıdırsan: ”Səhnədə imicdən tutmuş, repertuara kimi tamaşaçıda hansı hissləri qoyursansa, o tamaşaçıda Azərbaycan musiqisi və sənətçisi haqqında o cür fikir yaranır. Çalışıram ki, bunu pozitiv şəkildə edim”.

Ağayeva yaradıcılığındakı yeniliklərdən də danışıb. Yayda elektro musiqi janrında yeni mahnı ifa edəcəyini deyən müğənni mahnının sözlərinin Dəyirman qrupunun solistlərindən biri Miri Yusifə aid olduğunu söyləyib. Mahnının adının da maraqlı olduğunu deyib. Mahnı “Mənə görə avara qalma” adlanır.

Nərgiz Ehlamqızı