Tüpürmək məsələsi

tupurmek-meselesi
Oxunma sayı: 1972

Rəvayətə görə Teymurləng İldırım Bayazidi əsir alandan sonra onu qızıl qəfəsdə saxlayır, böyük hörmətlə yanaşırmış. Hərdən kefinin saz vaxtı çağırıb dünyanın gəliş-gedişindən sorğu-sual edir, onu ələ salırmış. İldırım Bayazid də balaca adam olmadığı üçün öldürücü tənələrin altında boyun bükmür, mümkün qədər qürurunu saxlamağa çalışırmış. Bəzən yürütdüyü ağıllı müddəalar Teymurun xoşuna gəlir, xoşuna gəldikcə bu qoca, şikəst və xəstə manyak daha da əsəbləşir, əsəbləşdikcə öz sultan-əsirini daha artıq alçaltmaq istəyirmiş. Bir gün Bayazid nə deyirsə Teymur dözmür, qəzəblə onun sifətinə tüpürür. Bayazidin ürəyi partlayır!
Təsəvvür edin, o boyda taxt səltənəti yerlə yeksan olan, üstəlik quş kimi qəfəsdə bəslənən cahangir bütün bunlara dözür, adi bir tüpürcəyə yox!
Yaxud Cəlalın məşhur filmdə haqlı olaraq Gəray bəyin üzünə tüpürməsi... Bu sütül oğlan hər şeyini kayb edib əzabla öldürülsə də, adi bir jestlə gözümüzdə qalib olaraq qalır (Zatən onu güdaza verən bizim kimi sadist tamaşaçıların vəhşi əyləncə istəyidir. Müəllif ürəyimizdən keçəni bilib! Çünki öz ürəyindən də eyni şeylər keçib).
Gör bu yerdə nə yadıma düşdü: hansısa ölkədə uzağa tüpürmək yarışı keçirilir. Şəxsən mən insan münasibətlərinə ciddi təsir edən bu mayenin belə boşuna axıdılmasının tərəfdarı deyiləm.
Başqa bir rəvayətdə mənim kimi əbləh azarkeşlər ərinmədən Aristoteli qulaqlayıb bir milyonçunun evinə qonaq aparırlar. Bəlkə də yazıq filosof heç getmək istəmirmiş... Milyonçu qızıla qərq olmuş sarayı ilə öyünür, hər köşə-bucağı böyük filosofa öz üstünlüyünün xüsusi əlaməti kimi təqdim edir. Birdən Ərəstun kişi, eləmə tənbəllik, milyonçunun üzünə tüpürür. Və əlini sifətinə aparıb sual dolu nəzərlərini ona dikən ev sahibinə deyir:
- Müəllimlərim mənə öyrədiblər ki, tüpürcəyin gələndə, ən natəmiz yerə tüpür, incimə, mən sənin evində sifətindən daha idbar bir yer görmədim.
Bu əhvalatı isə həqiqətən baş verdiyi üçün heç vaxt unutmuram: Məmmədəmin Rəsulzadədə şəkər xəstəliyi varmış və ağzı quruduğundan tez-tez tüpürürmüş. Hadisələrin dramatikliyi nakam liderin səhhətinə pis təsir edir və tüpürcəklərin sayı artmağa başlayır. Onunla təzə tanış olan gənc bir xanım bu adətinin səbəbini soruşanda Rəsulzadə gülümsəyir:
- Biz bu dünyaya tüpürə-tüpürə gəlmişik, tüpürə-tüpürə də gedəcəyik…
Bu qədər.