“Türkiyə buna heç zaman getməyəcək, arxayınam!” – Müsahibə

turkiye-buna-hec-zaman-getmeyecek-arxayinam-musahibe
Oxunma sayı: 683

Ötən həftə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Türkiyəyə üç günlük səfəri bir az da qəfil oldu. Türkiyənin Bakıdakı səfirinin Türkiyə-İsrail münasibətləri ilə bağlı Azərbaycandan aydın mövqe istəməsinin ardınca reallaşan bu səfərlə bağlı müxtəlif yanaşmalar oldu. Bu ərəfədə səslənən versiyalardan biri də bu oldu ki, nümayəndə heyətinin Türkiyə səfəri əslində Azərbaycan dövlət başçısının mesajlarını qardaş ölkə hakimiyyətinə çatdırmaq məqsədi daşıyıb.
Nümayəndə heyətinin üzvlərindən biri kimi qardaş ölkədə olmuş Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə ilə söhbətimiz də ümumilikdə Türkiyə-Azərbaycan münasibətləri ətrafında kökləndi.


- İqbal bəy, səfər təəssüratlarınız necədir?

- Çox yaxşı, maraqlı səfər idi. Həm Ankarada, həm İstanbulda, həm İzmirdə olduq. Prezidentlə, parlament rəhbəri ilə, millət vəkilləri ilə, həm də ayrı-ayrı partiyaların nümayəndələri, o cümlədən İzmir şəhərinin rəhbərliyi, həm bələdiyyə, həm də valilik rəhbərliyi ilə və oradan seçilən millət vəkilləri ilə bir araya gəldik. MHP və CHP-dən olan millət vəkilləri ilə görüşdük, mövqelərimizi ifadə etdik. Onların sırasında bizim dostlarımız da var. Atilla Kaya bizim Azərbaycan məsələsini parlamentdə qaldıran böyük dostumuzdur.

- Səfər müşahidələriniz nədən ibarət oldu? Ankaranın Bakıdan istəkləri ilə bağlı deyilənlər gerçəkliyi əks etdirirmi?

- Hər halda rəsmi səfərlərdə ikinci, üçüncü və başqa kateqoriyalı şəxslər hökmən birinci şəxsin salamlarını və mesajlarını dövlət başçılarına, görüşdüyü səlahiyyətli qurumlara çatdırırlar. Bu səfər də ondan xali deyildi. Amma mən hesab etmirəm ki, münasibətlər görünən qədər və yaxud Azərbaycandan Türkiyənin istədiyi qədər gərgindir. Yox. Ortada Türkiyə tərəfdən üç, Azərbaycan tərəfdən də bir məsələ var. Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmir. Bu, Türkiyədən istəyində Azərbaycanın haqqı kimi görünür. Türkiyə tərəfdən isə Quzey Kiprin tanınması məsələsi, PKK-nı terrorçu təşkilat kimi tanımaq hər zaman aktual olub. Bu gün isə daha çox İsrail-Türkiyə münasibətlərində Azərbaycanın tərəfinin mövqeyini müəyyən etməsi məsələsi aktualdır. Düzdür, zaman-zaman qazın Türkiyə vasitəsilə satılması məsələsi ortaya çıxıb. Bunlar cari məsələlərdir, yəni ciddi, prinsipial problem olmayıb. Hesab etmirəm ki, Türkiyə siyasətçiləri və siyasi partiyaları içərisində Kıprızı Azərbaycanın tanımadığına görə sözdən o tərəfə keçən bir inciklik duyulsun kimsə tərəfindən. Hər kəs Azərbaycanın vəziyyətini, Dağlıq Qarabağ kimi probleminin olduğunu bilir. Hər kəs aydın hesablayır ki, Azərbaycan Quzey Kipri tanıdığı an Dağlıq Qarabağı tanıya biləcək bir neçə dövlət ortada var. Məsələn, Azərbaycanla heç bir münasibətləri və ya Ermənistanla strateji müttəfiqliyi olmayan Uruqvay kimi bir ölkənin Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması tələbi ilə çıxış etməsi faktı var. Hətta tanımasa belə, Xarici İşlər Nazirliyi bəyan edir, sonra nazir müavini bunu təkzib edən bir mövqe ifadə edir. Dağlıq Qarabağı tanıya biləcək dövlətlərin olduğunu bizdən yaxşı Türkiyə siyasətçiləri və siyasi dairələri bilir. Bilirlər ki, proses başlasa, Dağlıq Qarabağın tanınması zəncirvari davam edəcək. Onda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Dağlıq Qarabağı Azərbaycanın yuridiksiyasına yenidən qaytarmaq təşəbbüslərini gerçəkləşdirə biləcək əsas amil müharibə amilidir. Hər kəs bilir ki, müharibə edən an Rusiyanın bu gün Ermənistan tərəfdən çıxış etdiyi qədər aktiv şəkildə Türkiyə bu proseslərdə iştirak edə bilməyəcək. Türkiyə bu prosesdə müharibənin yalnız sözdə dəstəkçisi ola biləcək, açıq şəkildə bu müharibədə iştirak edə bilməyəcək. Buna görə də Türkiyə siyasətçiləri də bunu Türkiyə-Azərbaycan siyasətində bir söz olaraq ortaya qoyurlar. Azərbaycanın bunu etməyəcəyini və etməli olmadığını bilirlər.

- Bəs, PKK məsələsi ilə bağlı mövqe necədir?

- Həm Azərbaycan, həm Türkiyə tərəfi çox aydın bilir ki, PKK-nı Azərbaycanın tanıması üçün çox rahatca ikitərəfli strateji müqavilə imzalamaq mümkündür. Bu strateji müqavilənin içərisində də PKK-nı terrorçu təşkilat kimi tanımaqla bağlı müddəa əlavə oluna və Azərbaycan bununla bağlı qardaş ölkənin maraqlarını ifadə edən bir sıra öhdəliklər götürə bilər. Geniş mənada terrorçu təşkilatların, terrorun nə olduğu haqqında qanun qəbul edib sonra Azərbaycanı başqa dövlətlərin cənginə atmaq ölkəmizə ciddi problem yaradacaq, bunu Türkiyə çox gözəl anlayır. Məsələn, Azərbaycanın dost hesab etdiyi dövlətlərdən biri qalxıb bir ölkədə iqtidarda olan bir qrupu terrorçu təşkilat kimi tanımağı istəyəcək. Azərbaycan bunu edə bilməyəcək, ona düşmən olacaq.

- Deməli, reallıqların nəzərə alınması baxımından ən azı siz tərəfdən parlamentdə PKK ilə bağlı tələb səslənməyəcək?

- Biz bu məsələni hər zaman səsləndirmişik, bundan sonra da səsləndirə bilərik. Amma bu, PKK-nın terrorçu təşkilat kimi hansı səviyyədə tanınması üçün əsasdan daha çox, təklif etdiyim variantda ikitərəfli müqavilələrdə daha asan əldə oluna bilər. Zatən həm Abdulla Gül, həm də Cəmil Çiçək çıxışlarında Azərbaycan prezidentinin “Biz PKK-nı terrorçu təşkilat kimi tanıyırıq” bəyanatını çox məmnunluqla ifadə etdiyini və Azərbaycanın bunu terrorçu təşkilat kimi rəsmən tanıdığını bildirdilər. Bu, özü hər halda indiyə qədərki mövqelərdən tam fərqli mövqedir və Azərbaycandan bu sahədə istədikləri elə də böyük şey yoxdur.

- Ortada viza ilə bağlı problemlər də var. Bakının Türkiyə ilə vizanı aradan qaldırmamasına reaksiyalar necədir?

- Viza məsələsi də bu sıradan olan məsələdir. Azərbaycan hökuməti bəlkə bunu açıq deyə bilmir. Amma Türkiyədə bunu başa düşən kifayət qədər siyasətçilər var. Analoji addımı, vizasız gediş-gəlişi İran Azərbaycandan istəyir. Türkiyə, təbii ki, bizim qardaş ölkədir və heç zaman qardaşdan ziyan görmərik. Azərbaycan iqtidarı bunu ictimailəşdirərək deyə bilmir. Təəssüf ki, bunu Türkiyə tərəfinin də deyilmədən anlamasına çox ehtiyac var. Mən Türkiyə ilə vizasız gediş-gəlişin tam tərəfdarıyam. Amma Azərbaycan hökumətinin İranla qurduğu bir siyasət var, bu, yanlış siyasətdir. İndiyə qədər İranı dost, müttəfiq ölkə kimi təqdim etmək yanlışdır. Ancaq ya zəlzələdən, ya vəlvələdən proses gəlib bu yerə çıxıb. Nəticəyə baxın, Azərbaycan Türkiyə ilə vizanı götürən kimi İran Azərbaycana qarşı həmin təzyiqlərə başlayacaq. Azərbaycan bu gün İranla vizanı götürsə, İran ajanlarının burdakı sayı və onun fəaliyyəti bütövlükdə dövlətçiliyimizə təsirsiz ötüşməyəcək, çox ağır olacaq. Bu, təbii ki, mövcud iqtidarın İrana yönəlik yanlışlığından irəli gəlib. Amma siyasət təkcə istək və arzu deyil ki. Yanlışlıq gəlib bu yerə çıxıbsa, bu yerdə bunu düzəltmək lazımdır. Ancaq bunun üçün də gərək müəyyən bir zaman məsafəsi keçsin, İranla bu məsələlərdə artıq yeni müstəvi açılsın ki, Türkiyə ilə vizasız gediş-gəlişi həll edə bilək.

- Türkiyə doğrudanmı Bakıdan İsraillə münasibətlərə yenidən baxılmasını istəyir?

- Görünən budur ki, Türkiyə-İsrail münasibətləri gərgindir. Amma Türkiyə bizə qardaş, İsrail bizə dost ölkədir. Biz qardaşlarımızla dostlarımızın bir yerdə olmasını istəyən ölkə olmalıyıq. Biz Türkiyənin mənafeləri baxımından heç də hesab etmirik ki, Türkiyə-İsrail münasibətləri gərgin olmalıdır. Türkiyə-İsrail münasibətlərinin gərginliyi Türkiyə üçün də, region üçün də əlavə problemlər və yeni konfiqurasiya yaradır. PKK-nın yeni dəstəkçiləri, İsrail - Yunanıstan münasibətlərində yeni müstəvinin açılması və antitürk koalisiyasının ortaya çıxmasına gətirib çıxara bilər.

- Bütün bunlar açıq şəkildə Türkiyə səfərində müzakirə mövzusu oldumu?

- Mən nümayəndə heyətinin üzvü olaraq oradakı danışıqlar barədə danışmağa səlahiyyətli deyiləm. Amma hər halda sizin qəzetə deyə bildiyim bundan ibarətdir və fikirlərimi çox açıq ifadə edirəm.

- Səfir Hulusi Kılıç Bakıdan çox aydın mövqe istəmişdi. Keçirilən görüşlərdə Türkiyədən inciklik notları hiss etdinizmi?

- Yox. Heç bir inciklik yoxdur. Türkiyə-Azərbaycan qardaş olub, bundan sonra da qardaş olacaq. Heç bir hətta keçəri incikliklər belə bu qardaşlığa və iki dövlətin münasibətinə zərrə qədər xələl gətirməyəcək. Buna hər kəs əmin olmalıdır. Kim düşünürsə ki, geniş, qlobal mənada biz Türkiyəni incitsək, daha yaxşı olar, o adamlar yanılırlar. Türkiyə-Azərbaycan münasibətlərini heç bir kəs heç bir halda qardaşlıq müstəvisindən kənara daşıya bilməz. Həm millət vəkilləri, dostluq qrupları, həm ayrı-ayrı partiya nümayəndələri, bəzi şəhərlərin rəhbərləri ilə görüşlərdə bu məsələlərin hamısı qardaşcasına müzakirə predmeti oldu. Bu məsələdə tərəflər bir-birini başa düşür. Heç bir sözdə, bəyanatda olan mövqelər və incikliklər Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcək səviyyədə deyil.

- Bu ərəfədə Türkiyə səfirinin ölkəsinə dönməsi də müəyyən anlaşılmazlıq yaratmışdı. Yəqin ki, söhbət etmək imkanı yarandı. Soruşdunuzmu ki, cənab səfir, bu gözlənilməz bəyanatın səbəbi nə idi?

- Bəli. Hulusi Kılıçın da Türkiyəyə səfəri əvvəlcədən nəzərdə tutulmuşdu. Həm nümayəndə heyətini qarşılayan, həm də yola salan heyətin içərisində idi. Mən söhbətlərimizin birində dedim ki, biz sizi Anadolu türklərindən yox, Azərbaycan türklərindən hesab edirik. Onu həm səfir, həm də bir insan olaraq çox sevirik və hesab edirik ki, o da Azərbaycanı belə sevir. Bəzən bəyanatlar dövlətlərin maraqlarını və münasibətlərini əks etdirməyə də bilir. Bəyanatlar maraqları yox, sadəcə mövqeləri ifadə etmək üçündür. Bugünkü maraqlar Türkiyə-Azərbaycan münasibətlərinin daha sıx və daha yaxşı olmasını şərtləndirir. Türkiyədə çox yaxşı anlayırlar ki, Azərbaycan 72 milyonluq deyil, 9 milyonluq, Qarabağ kimi problemi olan, həssas bölgədə yerləşən, bəzi iri dövlətlər tərəfindən təhdid edilən, dünyanın ilk 20-liyinə daxil olmayan bir ölkədir. Türkiyə isə dünyanın ilk 15-liyinə daxil olan, regionun aparıcı dövlətlərindən biri, Amerikanın, NATO-nun Yaxın Şərqdə ən yaxın tərəfdaşıdır. Bunlar fərqli-fərqli statusdur və statuslar fərqli olduğu üçün Azərbaycanı da yaxşı anlayırlar.

- Elə isə Türkiyə prezidenti, parlament sədri və digərlərinin bu görüşlərdə Azərbaycandan yaxın dövr üçün istəkləri nə oldu?

- İstək məsələsi deyildi. Hər kəsin vurğuladığı tək şey budur: Biz qardaşıq, heç bir halda daxildən və xaricdən qardaşlığımıza, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə və birgə olmağa mane ola biləcək heç bir şey ola bilməz.

- Demokratiya məsələləri müzakirə mövzusu oldumu?

- Bəzən biz bu istiqamətdə Türkiyədən çox şey gözləyirik. Bəlkə Avropa üçün, dünya üçün və Azərbaycan vətəndaşları üçün hakimiyyətdə kimin olmasının çox böyük önəmi var. Təbii ki, biz bunun üçün çalışırıq. Çalışırıq ki, həm demokratik məsələlərdə, həm ölkədə vətəndaş cəmiyyətinin qurulması istiqamətində daha çox polemikaya girək və daha çox şeylər əldə edək. Siyasi partiya olaraq biz hakimiyyətə gəlmək istəyirik, avropalılar demokratikləşmə və sairdə daha başqa çabalar göstərə bilərlər. Amma hər kəsə bir şey aydın olmalıdır, 1991-ci ildə müstəqillik elan olunandan bu günə qədər Türkiyə üçün Azərbaycan hakimiyyətində kimin olmasının elə böyük əhəmiyyəti olmayıb. Onun üçün Azərbaycan Cümhuriyyətinin müstəqilliyi önəmli məsələdir. Onlar belə hesab edir ki, demokratik məsələdən daha çox Azərbaycanın suverenliyi və müstəqilliyi məsələsinə diqqət etsinlər. Ona görə də çox zaman Türkiyə siyasi dairələri ilə demokratiya məsələləri genel olaraq müzakirə olunmur. Bunu da təbii qəbul etməliyik.

- Cənubi Azərbaycan məsələsi necə, müzakirə mövzusu oldumu?

- Əlbəttə. Xüsusilə Urmu gölü və onun ətrafında cərəyan edənlərlə və bu gölün quruması nəticəsində 14 milyon insanın yaşayış yerini tərk edə biləcəyi təhlükəsi ilə bağlı xeyli söhbətlərimiz oldu. İran dövlətinin siyasətinin əsasında kompakt şəkildə yaşayan azərbaycanlıları Azərbaycandan çıxarıb İranın müxtəlif bölgələrinə dağınıq şəkildə səpələmək planının dayandığını çatdırdıq və bu məsələnin Türkiyə parlamentinə daşınmasını istədik. Hesab edirəm ki, bu, öz təsirini göstərəcək. Türkiyə parlamenti oktyabrın 1-də öz işinə başlayandan sonra bu məsələni parlamentdə səsləndirən millət vəkilləri tapılacaq.

- Necə bilirsiniz, Türkiyə hökuməti yenidən Ermənistanla sərhəd məsələsini gündəmə gətirə bilərmi?

- Türkiyə heç zaman buna getməyəcək. Buna əminəm. Türkiyə iqtidarı türk xalqının rəyi ilə hesablaşan iqtidardır. Ən azı ictimai rəyə görə, ən çoxu isə həm də özlərinin mövqeyinə görə bu məsələyə getməyəcək.

- Belə görünür ki, Türkiyədən çox arxayın qayıdıbsınız...

- Bəli, Türkiyədən arxayınam!

Yeni Mwsavat