Türkiyə Kür çayı ilə bağlı layihəni dayandırdı

turkiye-kur-cayi-ile-bagli-layiheni-dayandirdi
Oxunma sayı: 662

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Trend-ə Türkiyənin Meşə və Su İşləri Nazirliyindən məlumat veriblər.

“Bu layihə hazırda nazirliyin gündəliyində dayanmır. Onun həyata keçirilməsi dayandırılıb” , - nazirlikdən deyiblər.

Nazirlikdən layihənin dayandırılmasının səbəblərini açıqlamayıblar.

Bir müddət əvvəl bir sıra KİV-də məlumat yayılmışdı ki, "Beşikkaya" kaskad tipli SES-in tikintisi Kür çayının məcrasını dəyişdirilməsi ilə bağlıdır. Məlumata əsasən, çay Gürcüstan və Azərbaycan ərazilərindən axmayacaq və Xəzər dənizinə tökülmək əvəzinə, Qara dənizə axacaq.

Bununla bağlı məsələlər Türkiyə parlamenti nümayəndə heyətinin bu yaxınlarda Gürcüstana səfəri zamanı müzakirə edilib.

Digər tərəfdən, əvvəl Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə məlumat veriblər ki, Türkiyənin mövcud təşəbbüsü Azərbaycan tərəfinin narahatlığına səbəb olmur.

“Bununla bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə Türkiyədə araşdırmalar aparılıb və Ərdahan bölgəsində həyata keçiriləcək layihənin xüsusiyyətləri müəyyən olunub. Bu bölgədə formalaşan su ildə 1 mlrd. kubmetrə yaxındır ki, bu da Gürcüstana ötürülür. Türkiyə bu həcmin yalnız 285 milyon kubmetrini öz məqsədləri üçün istifadə etmək fikrindədir”, - əvvəl nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycana Gürcüstan sərhədindən Kür çayı vasitəsilə daxil olan sular ildə 8,7 mlrd kubmetrdir. Kür çayının ümumi illik su ehtiyatları isə 26,9 mlrd kubmetrdir. Götürüləcək 285 mln kubmetr su Gürcüstandan daxil olan ümumi suyun cəmi 3 faizini təşkil edir ki, bunun da Azərbaycanın su ehtiyatlarına, onun ekosisteminin digər sahələrinə heç bir mənfi təsiri gözlənilmir.