Türkiyə parlamenti Xocalı soyqırımını müzakirəyə çıxarır

turkiye-parlamenti-xocali-soyqirimini-muzakireye-cixarir
Oxunma sayı: 671

Parlamentdə müxalif Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputat Sinan Oğan “Media forum” saytına açıqlamasında deyib ki, iclasda Türkiyənin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməsi, bununla bağlı qanun qəbul olunması tələbini qaldıracaq: “Fevralın 26-da yüz minlərlə insan Türkiyənin hər yerində meydanlara çıxıb Xocalı soyqırımını yad etdi. Türk xalqı Xocalıda törədilən qətliamı soyqırımı kimi qəbul etdiyini göstərdi. Amma meydanlarda danışmaqla iş bitmir. Türkiyə Böyük Millət Məclisi türk xalqının mövqeyinə hörmət edib Xocalı soyqırımına hüquqi, siyasi, tarixi qiymət verməlidir, soyqırımı tanımaq haqda qərar qəbul etməlidir”.

Sinan Oğan deyib ki, müzakirələr zamanı Türkiyə Böyük Millət Məclisinin hüquq komissiyasına təqdim etdiyi qanun layihəsinin qəbul olunması məsələsini qaldıracaq.

Sinan Oğanın Türkiyə parlamentinə təqdim etdiyi qanun layihəsində Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı kimi tanınmasının zəruriliyi əsaslandırılıb, 26 fevralın Türkiyədə “Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günü” elan olunması təklif edilib. Layihədə Türkiyənin böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldılması, Ankaradakı Paris prospektinin Xocalı prospekti adlandırılması, De Qol prospektinə isə Xocalı şəhidlərindən birinin adının verilməsi təklifləri əksini tapıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib.