Türkiyə PKK-nı bitirmək əzmindədir

turkiye-pkk-ni-bitirmek-ezmindedir
Oxunma sayı: 675

Türkiyənin Hakkari vilayətində 26 əsgərin PKK-çılar tərəfindən qətlə yetirilməsindən sonra terrorçu təşkilata qarşı əməliyyatlar gücləndirilib. Ötən gün Türkiyə ordusunun quru qoşunları 5 müxtəlif istiqamətdən 22 taborla Şimali Iraq ərazisində əməliyyatlara başlayıb.Bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahından məlumat verilib. Yayılan xəbərlərə görə, əməliyyat zamanı Hakkaridə yerləşən qırıcılardan istifadə olunur. Həmçinin pilotsuz təyyarələrdən də istifadə edilməsi planlaşdırılır.
Bu arada, Şimali Iraq kürd muxtar bölgəsinin rəhbəri Məsud Bərzaninin yaxın zamanlarda Ankaraya gələcəyi bildirilib. Bu barədə Məsud Bərzaninin rəhbəri olduğu Kürdüstan Demokrat Partiyasının sədr müavini Neçirvan Bərzani Ankaraya səfəri zamanı açıqlama verib. O, PKK tərəfindən Hakkariyə hücumu kəskin şəkildə pisləyib. Bərzani Türkiyə ilə Şimali Iraq kürd muxtar bölgəsi arasında əməkdaşlığın bundan sonra daha da güclənəcəyini, muxtariyyətin Iraq ərazilərindən qonşulara hücum üçün istifadə edilməsinə imkan verilməyəcəyini bildirib.
PKK-nın son qanlı aksiyası dünya mətbuatında geniş əks-səda doğurub. Ingiltərənin “The Financial Times” nəşri PKK-nın hücumunun yeni konstitusiya layihəsi ilə əlaqədar müzakirələrin aparıldığı bir dövrə təsadüf etməsinə diqqət çəkib.ÿ Nəşr yazır ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “PKK-nın xarici qüvvələr tərəfindən bir maşa olaraq istifadə edildiyini” deyərkən, Iran və Suriyanı nəzərdə tuta bilər. Çünki Ankaranın bu iki ölkə ilə münasibətləri gərgindir.
“Times” qəzeti də bu hücumun Türkiyənin Iran və Suriya ilə əlaqələrini daha da gərginləşdirə biləcəyinə diqqət çəkib. Xəbərdə bildirilir ki, Amerika Birləşmiş Ştatlarının LeHigh Universitetindən bölgə mütəxəssisi Henri Barkey deyib ki, Ankaranın Suriyadakı etiraz aksiyalarının qanla qarşısının alınmasına sərt reaksiya verməsi nəticəsində Iran və Suriya bu hücum üçün PKK-nı cəsarətləndirmiş ola bilər.

azadliq.info