Türkiyə vətəndaşı İlham Əliyevə təşəkkür etdi

turkiye-vetendasi-ilham-eliyeve-tesekkur-etdi
Oxunma sayı: 665


Türkiyənin Van bölgəsində baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın ilk yardım göstərən dövlət olması qardaş ölkədə böyük məmnunluqla və sevinclə qarşılanıb.

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, əczaçı Mehmet Emin Asur bununla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Vanda baş vermiş ağır zəlzələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin dərhal göstərdiyi diqqətin qardaş ölkə xalqının və Türkiyə Cümhuriyyətinin nəzərində özünə dəyərli yer tapdığı qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının qardaş ölkəyə yardım göstərilməsi ilə bağlı verdiyi göstərişlərin xilasedici heyət tərəfindən yüksək səviyyədə yerinə yetirilməsi xalqın sevgisini qazanıb.

Bu cür fəlakətlərin istənilən vaxt baş verə biləcəyinin vurğulandığı məktubda bildirilib ki, dövlətimizin başçısının qəbul etdiyi doğru qərarlar bütün xalqın nəzərində ona olan sevgi və hörməti artırıb. Məktubda deyilir: “Sizin kimi dəyərli dövlət başçısının belə doğru və dəqiq qərarları, onun müvəffəqiyyətlə yerinə yetirilməsi dövlətlərimiz və millətlərimiz arasında həmrəyliyin və qardaşlığın ən gözəl nümunəsidir. Yüksək qardaşlıq diqqətinizə və qayğınıza görə Sizə ən səmimi hisslərimlə bir daha təşəkkür edirəm”.

Məktubun sonunda oktyabrın 25-də Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulmuş “Star” neft emalı zavodu layihəsinin sürətlə və uğurla həyata keçirilməsi, bu cür birgə təşəbbüslərin davamlı olması bildirilir, qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə dövlətimizin başçısına fəaliyyətində uğurlar, möhkəm cansağlığı və uzun ömür arzu edilir.