“Türkiyədə Azərbaycan adından çalışdığımı düşünürəm” – Müsahibə

turkiyede-azerbaycan-adindan-calisdigimi-dusunurem-musahibe
Oxunma sayı: 679

Müsahibimiz Qadir Məmmədov əslən Azərbaycan türküdür və 1975-ci ildə Ağdam rayonunda anadan olub. Türkiyədə tək və rəsmi qeydiyyat keçən Türkiyə Sambo Klubları Dərnəyinin başqanıdır. Qadir Məmmədov maraqlı müsahibə verib. “Qafqazinfo” müsahibəni təqdim edir:.


-Türkiyəyə gəlişiniz necə baş verib?


- 1992-ci ildən Türkiyədə yaşayıram. Bir müddət Almaniya və Hollandiyada yaşadım. Daha sonra təhsilim və şəxsi işlərimlə bağlı 1995-ci ildə yenidən Türkiyəyə qayıtdım. Artıq iyirmi ilə yaxındır ki, Türkiyədə yaşayıram.


- Bəs necə oldu ki, Türkiyə Sambo Klubları Dərnəyini yaratdınız?


- Dərnəyi Rusiya, Türkiyə və türk dövlətləri ilə idman, sosial, mədəni əlaqələri formalaşdırmaq məqsədilə yaratdım. Amalım idman nazirlikləri və təşkilatları ilə ortaq fəaliyyət həyata keçirmək, sambonu bir idman növü kimi tanıtmaq və təbliğ etmək olub.


- Dərnəyin üzvləri beynəlxalq yarışlarda iştirak edirmi?


- Dərnəyimiz Türkiyədə sambo sahəsində qurulmuş ilk və tək rəsmidir. 5 aydır ki, həftədə 3 gün məşqlərimiz davam edir. Artıq heyətimiz yarışlara çıxacaq səviyyədədir. Bununla əlaqədar görüşmələrimiz davam edir. Azərbaycan Sambo Federasiyası ilə daimi əlaqədəyik. Tam bir işbirliyi çərçivəsində fəaliyyətimizi davam etdiririk. Bu işbirliyimiz ortaq kamp çalışması və dostluq yarışmalarını davam etdirmək əsasında qurulub. İndi əsas gücümüzü federasiyaya daxil olmağa yönəltmişik. Federasiya statusu aldıqdan sonra beynəlxalq yarışlarda iştirak edəcəyik. Ancaq o tarixə qədər də heyətimizin təcrübə qazanması üçün qonşu ölkələrlə dostluq yarışları planlaşdırırıq.


- Türkiyədə samboya münasibət necədir?


- Türkiyədə sambo sənətini tanıtmaq üçün uzun zaman sərf etdik. Sambo deyincə, insanlar suma və ya samba başa düşürdülər. Sambonun bu deyilənlərlə əlaqəsi olmadığını və dünyada çox önəmli idman sahəsi olduğunu çatdırmağa xeyli zamanımız getdi. Sambo adı yayıldıqdan sonra da insanlara sambonun doğru qaynaqlardan məlumat almaları üçün fəaliyyətimizi davam etdirdik. çünki burada araşdırma materialları daha çox Avropa və ya Amerika arxivlərinə söykənirdi. Biz insanları Azərbaycan və rus qaynaqlarına yönəltməyə çalışdıq. Bunun üçün internetin bütün imkanlarından tam istifadə edirik. Youtube, saytımız və facebook, idman forumlarından və s. aktiv istifadə edirik.

Sambo adından dərgi çıxartmağa çalışırıq. Dərgimiz sağlamlıq, təhsil və mədəniyyət-sənət və turizm mövzularına aid olaraq ayda iki dəfə çap ediləcək. Fəaliyyətimizi əsasən iki hissəyə ayrılır. İnsanlara sambo sənətini məktəb və institutlarda tanıtmaq üçün seminarlar təşkil edərək, onları sambo klubumuza dəvət edirik. Hər kəsə sambonu tanımaq imkanı yaradacağıq. Bununla bərabər, sambo ilə bağlı video və kataloqlar hazırlayıb dövlət idman idarələrinin rəsmiləri ilə görüşüb fəaliyyətimiz haqqında məlumat veririk. Bununla da dövlətin dəstəyini almış oluruq.


- Azərbaycanda son illər idman sahəsində gedən prosesləri izləyirsinizmi? Bu haqda təəssüratlarınızı bilmək istərdik.


- Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlər bizim vaxtımızda olsaydı, çox ehtimal ki, mən xaricə getməzdim.


- Azərbaycandan təklif olsa, gəlib burada çalışarsınızmı?


- Mən Türkiyədə Azərbaycan adından çalışdığımı düşünürəm. Türkiyə qonşu ölkələrlə idman sahəsində əlaqələrini inkişaf etdirir. Mən Azərbaycanın bu ölkələr arasında birinci olması üçün əlimdən gələni edirəm. Burada sambo ilə bağlı fəaliyyət göstərən tək azərbaycanlıyam. Atdığım addımlarla dolayısıyla da olsa, Azərbaycana faydalı olduğumu düşünürəm. Mən bununla iftixar edirəm.


- Sabah müharibə başlasa Qarabağın azadlığı uğrunda döyüşəcəksinizmi?


- Mən Qarabağ uğrunda müharibənin başlanmasının tərəfdarıyam. çünki bu müharibə başlasa, nəticəsi məlumdur. Qarabağ məsələsi xalqımızın önünə hörülən divar kimidir. Bu divar sızsa, dıvar aşar və nəinki Qarabağ, hətta Ermənistan belə o suyun altında qalar.

Sonda Türkiyə Sambo Klublar Dərnəyi olaraq Azərbaycanla idman sahəsində bütün səviyyələrdə işbirliyinə hazır olduğumuzu bildirirəm. Vasitənizlə Azərbaycana hörmət və salamlarımı çatdırıram.


Elnur Eltürk