Türkiyədə kütləvi futbolçu həbsi başladı

turkiyede-kutlevi-futbolcu-hebsi-basladi
Oxunma sayı: 735

Hüquq-mühafizə orqanları son mövsümdə çempionluğunu elan etmiş İstanbulun məşhur “Fənərbaxça” futbol klubunun son iki oyunu ilə bağlı araşdırmalara başlayıb. Həmin oyunlar Türkiyə futbol çempionatının 28-ci həftəsində oynanılan “Fənərbaxça” – “Əskişəhərspor” və “Fənərbaxça”nın çempionluğunu elan etdiyi “Fənərbaxça”-“Sivasspor” oyunlarıdır.

Türkiyə polisi bu oyunların klub rəhbərləri tərəfindən əvvəlcə razılaşdırıldığını və bu məsələdə futbolçulardan istifadə etdiyindən şübhələnir. Türkiyə mətbuatının məlumatına görə, bu səhər Türkiyə vaxtı ilə saat 7.00-dan etibarən bir neçə ünvanda keçirilən əməliyyatlar nəticəsində 100-ə yaxın futbol dünyasının məşhur simaları həbs olunub. Onların arasında futbolçular, klub rəhbərləri və futbol ictimaiyyətinin bir sıra tanınmışları var.

Həbslərə səbəb isə, “Fənərbaxça”nın çempionluğunun saxta olması, pulla alınması iddialarıdır. Qeyd edək ki, həbs olunanlar arasında “Fənərbaxça” futbol klubunun prezidenti Əziz İldirim, vitse-prezident Şekip Mosturoğlu, klub müdiri İlhan Ekşioğlu, ”Əskişəhərspor”un baş məşqçisi Bülənt Uyqun, idman direktoru Ümid Karan, “Gənclərbirliyi”nin qapıçısı, keçmiş “fənərbaxçal” Sərdar Kulbilgə, “Əskişəhərspor”un hücumçusu Ümit Karan da var. Bundan başqa, “Fənər”in bu mövsümdə “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Əskişəhərspor”dan alınan Sezər Öztürk də həbs olunanlar arasındadır.

Emenike ötən mövsümün II yarısında “Fənərbağça” ilə matçdan əvvəl zədəli olduğunu bəhanə göstərərək oynamayıb. Sonradan Emenikenin zədəli olmadığı və “Fənərbağça” ilə transfer razılığına gəldiyi üçün oynamadığı üzə çıxıb. S. Öztürk isə “Əskişəhərspor”un aparıcı futbolçularından biri olmasına baxmayaraq, “Fənər”lə oyunda müəmmalı şəkildə çox zəif oyun nümayiş etdirib və 42-ci dəqiqədə əvəzlənib. Hər iki futbolçunun mövsüm bitdikdən sonra “Fənərbağça”ya transfer olması şübhələri daha da artırıb. Əməliyyat sadəcə “Fənərbağça” ilə məhdudlaşmayıb.

II liqadakı danışılmış oyunlarla əlaqədar “Diyarbəkirspor”un sabiq prezidenti Abdurrahman Yaqut, “Giresunspor”un indiki prezidenti Ömər Ülkü və keçmiş prezidenti Olqun Peker, “Altay” klubunun baş direktoru Ərman Ərtaş, “Adanaspor”un baş məşqçisi Ləvənt Əriş, onun köməkçisi Sərdar Berkin, menecer Əli Kiratlı, “Gənclərbirliyi” klubunun futbolçusu Mahmud Boz da həbs edilib. “Gənclərbirliyi”nin başqa bir futbolçusu Sərkan Çalik haqqında da həbs qərarı var. Lakin o, hazırda Almaniyada olduğu üçün həbs olunmayıb.

Qeyd edək ki, Türkiyə polisi bu ilin fevralında da 55 nəfərlik dəstəni həbs etmişdi.