Türkiyənin seçimi – Kim qalib gələcək?

turkiyenin-secimi-kim-qalib-gelecek
Oxunma sayı: 878

Türkiyədə keçiriləcək 24-cü parlament seçkilərinə beş gün qalır. İyunun 12-də keçiriləcək seçkilərdə 27 partiya iştirak edəcək. Əsas rəqabət Ədalət və İnkişaf, (AKP), Cümhuriyyət Xalq (CHP), Milliyyətçi Hərəkat (MHP) və Barış və Demokratiya (BDP) partiyaları arasında gedir. Sonuncu dəfə 2007-ci ilin iyulun 22-də keçirilən Türkiyə Böyük Millət Məclisinə seçkilərdə Rəcəb Tayyib Ərdoğanın başçısı olduğu AKP seçicilərin ümumi səsinin 46, 66%-ni toplayaraq ikinci dəfə parlamentdə hakim partiyaya çevrilmişdi. Seçicilərin 20,85%-nin etimadını qazanan digər böyük təmsilçisi olan partiya isə CHP idi. MHP isə yalnız 14, 27 faiz seçicinin səsini qazana bilmişdi. Builki seçkilərdə isə bu üç partiya ilə yanaşı Barış və Demokratiya Partiyasının (BDP) da aktivliyi hiss olunur.

Ekspertlər hesab edir ki, AKP bu seçkilərdən qalib çıxarsa, konstitusiyada mühüm dəyişikliklər olacaq. Onlar seçkilərin gərgin olacağını istisna etmirlər. Hələ seçki prosesinə hazırlıq zamanı müşahidə olunan gərginliyə nəzər salsaq, seçkilərdə təbliğat-təşviqat prosesində aktivliyi ilə seçilən MHP üzvlərinin porno görüntülərinin yayımlanması partiyanın fəaliyyətinə kölgə saldı. Dövlət Bahçelinin köməkçisi Osman Çakır tutduğu vəzifədən istefa etdi. Osman Çakırdan sonra Bahçelinin digər köməkçiləri Mehmet Ekici, Cihan Paçacı, Ümit Şafak, Mehmet Taytak və Deniz Bölükbaşı da istefa verdilər. MHP-nin 11 üzvü də həbs olundu. MHP üzvlərinin həbs olunmasına səbəb isə partiyanın Diyarbəkirdə keçirəcəyi mitinqdə təxribat məqsədilə hücum planlaşdırmaları göstərilib.

Bu seçkilərdə ilk dəfə olaraq 25 yaşında olan şəxslər namizədliyini irəli sürə bilər. Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiya üzvlərinin sayı
AKP – 336, CHP – 103, MHP – 69, BDP – 20, DSP – 6, DP və TP – 1 və bitərəflərin sayı 8-dir. Seçkilərdəki təbliğat və təşviqat kampaniyası üçün Türkiyə valyutası üzrə AKP 186 mln 544 min, CHP 83 mln 608 min, MHP 57 mln 148 min lirə yardım alıb.

Qeyd etdiyimiz ən aktiv partiyanın liderləri Ərdoğan ən varlı, Kılıçdaroğlu ən yaxşı görünüşlü, Bahçeli isə təhsilli kimi qəbul olunur. Seçicilərin gözündə ən zəngin və ən şəhərli statusuna malik baş nazir Rəcəb Tayyib Ərdoğan, ən hazırcavab və yaxşı görünüşlü Kılıçdaroğlu, təhsilli və dövlət xadimi statusuna sahib olan lider isə Bahçelidir.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan 56 ölkə seçki prosesini izləyəcək. TÜRKPA beynəlxalq müşahidəçilər missiyası isə parlament seçkilərinin hazırlıq prosesini və seçkiləri Ankara şəhərində izləyəcək. Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan parlamentlərinin millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları daxildir.

Qeyd edək ki, seçkilərdə iştirak etmək istəyən yerli və xarici KİV nümayəndələrinin işini asanlaşdırmaq məqsədilə Ankarada “Rixos Grand” Ankara otelində, İstanbulda “Hyatt Regency” otelində, ABŞ-ın paytaxtı Vaşinqtonda “Willard Intercontinental” və Belçikanın paytaxtı Brüsseldə “Bloom” otelində mətbuat mərkəzi qurulacaq.

Nərgiz Ehlamqızı