“Türkiyəyə qardaş olduğunuzu sübut etməyin zamanıdır” – Gözlənti

turkiyeye-qardas-oldugunuzu-subut-etmeyin-zamanidir-gozlenti-
Oxunma sayı: 666

Türkiyə Fransanın bu adımına etiraz etməklə yanaşı, bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq edəcəyini açıqlayıb və bir sıra tələblər irəli sürüb. Bu tələblərdən biri də Fransanın ATƏT Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması ilə bağlıdır. Türkiyə prezidenti Abdulla Gül Fransanın tərəfsizliyini itirdiyi üçün Misnk Qrupunda qala bilməyəcəyini söyləyib. Xarici İşlər Nazirliyi isə Türkiyənin ATƏT-dəki Daimi Nümayəndəliyinə bu istiqamətdə təşəbbüs qaldırmaq üçün təlimat verib.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun keçmiş sədri Mustafa Kabakçı ölkəsinin indiki mərhələdə Azərbaycandan da bəzi gözləntilərinin olduğunu söyləyib.

Türkiyə və Azərbaycanın iki qardaş ölkə olduğunu bildirən Mustafa Kabakçı indi bu qardaşlığı sübut etmək, bu qardaşlıqdan irəli gələn adımlar atmaq zamanı olduğunu bildirib. “Əlbəttə, Azərbaycanın bizim üçün özünü oda atmasını istəmirik və heç bir zaman da istəmərik” deyən millət vəkili, gözləntilərinin sadəcə Türkiyənin deyil, həm də Azərbaycanın maraqlarından irəli gəldiyini vurğulayıb: “Fransa parlamentinin alt qanadının bu layihəni qəbul etməsi yalnız Türkiyəyə qarşı addım deyil. Həm də torpaqları işğal olunan, 20-ci əsrin əvvəlində və sonunda qətliama məruz qalan, minlərlə şəhid verən Azərbaycana qarşı bir adımdır. Fransa hər zaman ermənipərəst mövqedən çıxış edib, amma son addımı ilə bitərəf olmadığını, erməni iddialarının və Ermənistanın mövqeyinin yanında olduğunu rəsmən elan edib. Bu halda Fransanın ATƏT Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməsi absurddur. Tarixi mübahisələrlə bağlı danışmağı, fərqli fikir söyləməyi belə qadağan edən bir ölkə, Dağlıq Qarabağ probleminin həlli prosesində bitərəf vasitəçi ola bilməz. Bu səbəbdən Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması tələbini səsləndirməkdən çəkinməməlidir”.

Mustafa Kabakçıya görə, Türkiyə beynəlxalq birlikdən gələn “Ermənistanla sərhədləri açın!” tələbini qəbul etsəydi, Fransa bu qərarı qəbul etməzdi: “Türkiyə hər zaman Azərbaycanın yanında olub və hər zaman Azərbaycanın mənafelərinə zidd olan, Azərbaycanla razılaşdırılmayan addım atmayacağını bəyan edib və bu sözünün də üstündə durub. Bu gün də bütün dünyadan gələn təzyiqlərə baxmayaraq protokolları ratifikasiya etməməklə həmin sözünün üstündə durur və duracaq. Çünki Türkiyə Azərbaycanın məsələlərini özünün məsələləri kimi görür. Fransanın bu əsassız qərarı qəbul etmə səbəblərindən biri də budur. Fransa bu gün sürətlə inkişaf edən və dünyada söz sahibi olan Türkiyənin Dağlıq Qarabağ məsələsində və bütün məsələlərdə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından narahatdır və bu cür addımlarla həm Türkiyəyə, həm də Azərbaycana gözdağı vermək istəyir. Azərbaycan da bunu görməli və lazım gələn adımları atmalıdır. Qardaş Azərbaycandan ilk gözləntimiz Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması tələbini səsləndirməsi, Türkiyənin bu tələbinə dəstək verməsidir. Və ya uzaqlaşdırma tələbi yerinə yetirilməzsə, Azərbaycan Minsk Qrupunun dəvətlərinə qatılmaya bilər.
Bundan əlavə, Azərbaycan məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirmək üçün Fransadakı səfirini məsləhətləşmə məqsədilə geri çağıra bilər. Eyni zamanda Azərbaycan Fransa ilə iqtisadi münasibətlərinin yenidən gözdən keçirilə biləcəyinə dair mesaj verə bilər.
Bunlar biz siyasətçilərdən daha çox Türkiyə ictimaiyyətinin Azərbaycandan gözlədiyi adımlardır. Türkiyə ictimaiyyəti Ermənistanla sərhədlərin açılması iddialarına necə reaksiya vermişdisə, öz hökumətindən sərhədlərin açılmamasını necə tələb etmişdisə, indi də eyni həssaslıqla Azərbaycandan bir sıra adımlar atmasını gözləyir. Azərbaycan da bu gözləntiləri diqqətə almalıdır”.