Bu anaları ifşa edək!

Bu anaları ifşa edək!
Oxunma sayı: 1996

Raminə Eyvazqızı

Avstriyada ailədə ata və ananın vəzifələrinin nələr olduğunu göstərən və dəqiqləşdirən qanunvericilik hazırlanır. Bu hər şeydən əvvəl ailə birliyinin qorunmasına və valideynlərin üzərinə düşən məsuliyyətin bərabər bölünməsinə xidmət etməyi hədəfləyib. 

Azərbaycanda isə analar və ataların vəzifələrini hələ ki, cəmiyyət özü istədiyi kimi bölüb. Başqa  sözlə, elə özünə sərf edən kimi. Hər kəs ailəsində anasından, atasından gördüklərini özü ailə quranda tətbiq edir və bu məsələ ənənə üzərində qurulub. Bəxtəbəxt məsələsidir. Bəzi ataların əsas vəzifəsi ailəyə pul gətirmək, arada əlidolu evə gəlmək, ardını isə öz istədiyi kimi yürütməkdir. 

Yəni bir ataya, “uşaqlarına baxırsan” sualını verəndə, “həə, işləyirəm” cavabını almaq şox bəsit məqamlardandır. Atalar (istisnalar hər zaman var) üçün uşaq saxlamaq, onu geyindirib, yedirtməkdən ibarətdir. Hətta övladının məktəbinin yolunu tanımayan, neçənci sinifdə oxuduğunu bilməyənlər belə var. “Anası baxsın da, onun vəzifəsidir” bu müdafiəedici sözlər, qarşı cinsin istifadə etdiyi fikirlərdən əsasıdır. Bütün uşaqların məsuliyyətini daşımalı olan analar isə çox halda yalnış qərarlarla övladlarında pis fikirlərin, xüsusiyyətlərin cücərməsinə səbəb olurlar. Elə cəmiyyət də oradan kif atmağa başlayır. 

Yeni tədris ilinin açılmasının hələ bir ayı tamam olmayıb, sosial şəbəkələrdə, mobil telefonlarda analar qruplarının səsi-sorağı qulaq batırır. Elə mənasız söhbətlər gəzir, elə məntiqsiz müzakirələr qurulur ki, adam belə valideynlərin sahib olduğu övladların gələcəyinə acıyır. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi təcili  bekar anaların məşğuliyyəti ilə bağlı hansısa tədbirlər görməlidir. Bu anaların sərf etdiyi enerjini səmərəli işlərə xərcləsək, bəlkə ölkəmiz də nələrsə qazanar.

Analar qrupunun mövzusu dərslə bağlı məsələdən çox, filan məktəblərlə müqayisələr, müəllimlərin qiymətləndirilməsi, uşaqların səviyyəsi ilə bağlı olur. Hər kəs eqosunu müdafiə edir, hamı uşağını tərifləyir. Müəllimlərin səviyyəsini hətta orta təhsilini tam almamış analar pisləyir. Təhsilimizin, dərsliklərin bərbad, rabitəsiz olduğunu hər birimiz gözəl bilirik, kiminsə hansısa şikayəti varsa, buyursun, rəsmi müraciət etsin, tələb etsin. Amma məktəbdən müəllimi işindən çıxarmaq kimi təhdidlərə belə gedən valideynlərdən övladlar nə öyrənəcək , düzü adam fikir içində qalır.

Agah olaq, məktəblərdə rüşvətin və romantikləşdiilmiş, obrazlı adı ilə desək “şirinliy”in yayılmasının və tətbiqinin əsasını valideynlər, əsasən də analar qoyurlar!   Həmin analar qrupunun “qəhrəmanlar”ı məktəbin istənilən hissəsində sinif otağını “şirinlik”lə alırlar, müəllimi dəyişəndə yenə pul verirlər, uşaqlarını sinif nümayəndəsi elan etmək istəyəndə yenə pul siyasətindən istifadə edirlər. Hətta uşağını sinifdə qarşı partalarda əyləşdirmək üçün yenə pul qoymaq üçün cib axtarırlar. Övladı qabaq sırada otursun deyə yalançı eynək taxdıranlar belə var. 

Bu beyin yiyələrinin uşaqları üçün hansı qəbildən nümunə olacaqlarını təxmin etmək çətin deyil.  Hətta bu analar məktəb direktorunu pulla da ala biləcəkləri iddialarına sahibdirlər. “Şirinlik” bəlasına düşmüş anaların maliyyə qaynaqlarına gəlincə, yazının əvəlində dediyim məsələdir. Ailə başçısı pul qazanır, xəbəri yoxdur arvadı pulu haralara xərcləyir. Belə qadınları dindirəndə adamı az qala haqsız çıxara. İstədikləri (yaxşı təhsil) və təbliğ etdikləri (rüşvət!) arasında uçurum olduğunun belə fərqində deyillər. İdeal müəllim axtarışında ola-ola uşaqları dərsdən yayındırmağa, “şirinlik” haqqında maariflənməyə cəlb edirlər. Hətta uşaqlar da artıq dillənib, “anam pul verib məni başqa sinifə keçirəcək” hədələri və qürurları ilə sinif yoldaşlarına bəyənatlar verirlər. 

Valideyn Komitələri adlı qondarma olan, bir şəxsin və ya şəxslərin fəaliyyətləri isə hələ heç kəsə tam məlum deyil. Bilənən odur ki, bu birlik pul yeyintisi ilə məşğul olan və pul yığmaq üçün zəngin ideyalara sahib biriləridir. Belələri ucbatından bəlkə də təhsil bu qədər pullu başa gəlməzdi. “Aktiv” və “şirinlik” sevdalı valideynləri və anaları ifşa edək! Onlar onsuzda zərər çəkdiyimiz, ürəyimizcə olmayan təhsili bir az da aşağılara çəkirlər. Cəhalət, nadanlıq hər şeyi pulla alan cəmiyyətdə gül açır!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi