Bu da bizim Polad Alemdar - Fotolar

Bu da bizim Polad Alemdar - <font color=red>Fotolar</font>
Oxunma sayı: 1163

Polad Ələmdar öləndən sonra ortaya çıxan “Maskalı adam” kimdir? Bir müddət əvvəl “Kurtlar Vadisi-Pusu” serialının 176-cı bölümü Türkiyə və Azərbaycanda serial tamaşaçılarını məhz bu sualla üz-üzə qoymuşdu. Türkiyə mətbuatında bu haqda yazılar dərc olundu, hətta internet forumlarda “Maskalı adam”ın kimliyi müzakirə obyektinə də çevrildi.

Serialın sonrakı gedişatı həmin adamın kino kimliyini - Polad Ələmdarı üzə çıxardı. Amma həyati kimliyini çox az adam bildi. “Gündəlik Teleqraf”ın suallarını cavablandıran Necati Şaşmazın dublyor-kaskadyoru, həmyerlimiz Babək Həsənzadə “Maskalı adam”ın kimliyindən danışdı.

Babək Həsənzadə 1990-cı ildə Lənkəranda anadan olub. 2007-ci ildə Lənkəran Özəl Türk liseyini bitirib. Hazırda Fatih Universitetinin “Siyasi -iqtisadi idarəetmə” fakültəsində təhsil alır. Uşaqlıqdan idmanın müxtəlif növləri, eləcə də kidboksla məşğul olub. Özünümüdafiə idman növləri üzrə professionallıq dərəcəsi var.
2008-ci ildən Türkiyədə, eləcə də xarici ölkələrdə bir çox film və seriallarda həm kaskadyor, həm də aktyor kimi çıxış edir.
Filmoqrafiyasında “Kurtlar Vadisi-Fələstin”, “Yahşi Batı”, “Şenliknamə”, “All İnclusive” (Rusiya) filmləri, “Kurtlar Vadisi-Pusu”, “Ezel”, “Adanalı”, “Kahramanlar”, “Komisser Memoli”, “Öyle bir geçer zamanki”, “Ustura Kemal”, “Türklerin Uzayla imtihanı”, “Krem” seriallarının adlarına rast gəlmək olar.

- “Kurtlar Vadisi-Pusu”nun neçənci seriyasından Necati Şaşmaza dublyorluq edirsiniz?

- 71-ci seriyadan başlayaraq, ümumilikdə 5 ildir Necati Şaşmaza Polad Ələmdar obrazında dublyorluq edirəm.

- İxtisasınız fərqlidir. Ona görə maraqlıdır, sizi necə kəşf ediblər?

- Türkiyədə idman salonlarının birində... Əvvəllər heç ağlıma gəlməzdi ki, nə vaxtsa kaskadyor olacam. Amma içində adrenalin olan sahələrlə məşğul olmağı həmişə sevmişəm. Bacarığımı görüb mənə kaskadyorluq təklif etdilər. Hazırda Türkiyədə ən öndə olan kaskadyor qrupunda çalışıram.

- “Kurtlar Vadisi-Pusu” sizin ilk serialınız idi?

- İlk dəfə “Adanalı” serialında həm kaskadyor, həm də aktyor kimi oynadım. Ssenariyə görə, mənim daxil olduğum dəstə mafiyanın bir qolu idi və baş qəhrəman Maraz Alinin uşağını qaçırmışdıq. Maraz Ali bizi tapır və bir səhnədə məni güllə ilə vurur. Səhnəyə uyğun olaraq mən də ikinci mərtəbədən aşağı yıxılmalıydım. O hərəkəti gecə ilə 1 dubla çəkdik. Bəyənildi və həmin gecə Necati Şaşmazın kaskadyorluğunu mənə təklif etdilər.

- “Kurtlar Vadisi-Pusu”dakı ilk çəkiliş gününü xatırlayırsınızmı? Həyəcanlı idiniz?

- Həyəcan yox idi. Çünki bu barədə özümə güvənirdim. Hətta serialdakı ilk çəkiliş günümdə Böyük İsgəndər rolunun dublyoru yoxlama zaman gözümün önündə ayağını sındırdı. Bununla belə, hadisə mənə mənfi təsir göstərmədi. Çünki bütün risk və çətinliklərini gözə alaraq bu işə başlamışdım.

- Sizdən əvvəl də Poladın dublyor-kaskadyoru var idi. Sizi hansı keyfiyyətinizə görə seçdilər?

- O, Necati Şaşmazdan boy və bədəncə bir az böyük idi. Hansı səbəbdən onunla yolları ayırdıqlarını bilmirəm, amma ondan sonra yeni bir dublyor lazım idi. Bədən ölçülərim Necati Şaşmaza daha çox uyğun gəldiyindən bu işi mənə təklif etdilər.

- Necati Şaşmazla münasibətiniz necədir?

- Ümumiyyətlə, dünyanın hər yerində aktyorların öz dublyor-kaskadyorları ilə münasibətləri çox yaxşı olur. Ona görə ki, onların təhlükəli və riskli səhnələrinin baxımlı alınmasında dublyorlarının bilavasitə əməyi və rolu böyükdü.

- Hamının marağına səbəb olan “Maskalı adam” siz idinizmi? Ümumiyyətlə, “Maskalı adam”ın peyda olmağının səbəbi nə idi?

- Bəli, “Maskalı adam” obrazını mən canlandırırdım. Necati bəy Maldiv adalarında bal ayında olduğuna görə filmdə iştirak edə bilməyəcəkdi. Ssenariyə əsasən, Polat Ələmdarı ölmüş kimi göstərdilər. Bal ayından dönəndən sonra maskanın altından o, çıxmalı idi. Maska taxılmasına səbəb üzün görünməməsi, həmin obrazı kimin oynadığının bilinməməsi idi. Beləliklə, həm Polad Ələmdarın ölümü müəmmalı qalırdı, həm də hamıda maraq oyadırdı. Elə də oldu. Hamı maskanın altından kimin çıxacağını maraqla gözlədi.

- Maskanın altından Polad çıxdı, amma bilmək istəyirəm sizin üçün “Maskalı adam”ı canlandırmaqla Polad Ələmdarın dublyoru olmaq arasında bir fərq varmıydı?

- Əgər əvvəllər mənə yalnız riskli, təhlükəli situasiyalarda və döyüş səhnələrində ehtiyac duyulurdusa, bu dəfə daha böyük işi icra eləməliydim. Seriyanı başdan sona mən oynamalı idim maskalı halda. Əvvəllər üzüm görünməsin deyə uzaqdan çəkilirdimsə, bu dəfə maskalı olduğum üçün, həm də əsas mövzu “Maskalı adam” olduğundan bütün kameraların önündə mən idim. Kameralar hər tərəfdən mənə tuşlanırdı. Yəni, hər şey mənim oyunu necə təqdim edəcəyimdən asılı idi. Axırda o maskanın altından Babək Həsənzadə və ya başqa bir insan yox, 10 ildir bu serialın əsas baş qəhrəmanı olan - Polad Ələmdar çıxacaqdı.

Mən səhnələri oynayıb bitirdikdən, montaj və dublyaj olunandan sonra materiallar Necati bəyə yollanırdı. Oynadığım səhnələri o özü də izləyib bəyənir, sonra seriya yayıma verilirdi.

- Serial çəkilişlərində ən çətin anlarınız hansı olub?

- Bizdə demək olar ki, həmişə yüksək təcrübə və professionallıq tələb edən səhnələr çəkilir. Nə də olmasa, bizim səhnədə 75 faiz təhlükə var. Bu da bizə “bütün səhnələrimiz çətindir” demək haqqını verir.

- Bəs ən təhlükəli tryukunuz?

- “Kurtlar Vadisi-Pusu”nun 73-cü seriyası çəkilirdi. Səhnə belədir: Taxtadan ev qurulub. Polad Memati ilə birgə evə daxil olub, eyni anda da ordan çıxmalıydılar. Bu an evə yerləşdirilən iki bomba partlayır və bütün evi göyə uçurur. Qış fəsliydi, hava soyuq, əynimizdə də qalın palto, əzələlər soyuqdan dartılır, ona görə əvvəlcədən yaxşıca açılış hərəkətləri edirdik ki, düşəndə özümüzü əzməyək. Üstəlik, paltoda tullanmaq da çox çətindir.
Mən akrobatik qaydada, Mematinin dublyoru isə qaçaraq tullanmalıydı. Ona nisbətdə mənim hərəkətim daha çətin idi. Bomba partladı, biz tapşırığı yerinə yetirib, səhnəni bir dubla çəkdik. Etiraf edim ki, o hərəkəti eləyəndə alovun içində idim. Ondan bir gün əvvəl yağış yağdığından yer sürüşkən idi, akrobatik hərəkəti edəndə əlim azca sürüşsəydi, özümə xəsarət yetirə bilərdim. Partlayış da gözlənildiyindən daha möhkəm oldu.

- Çəkilişlərdə zədə almısınızmı?

- Hə, “Kurtlar Vadisi-Fələstin” filminin çəkilişində. Filmin bəzi səhnələri Adananın köhnə məhəllərində çəkilirdi. Poladın yerinə İsrail əsgəri ilə döyüşüb qaçaraq hasardan maşının üzərinə tullanmalıydım. 5-6 dəfə bu hərəkəti edəndən sonra maşının tavanı çökdü. Maşını dəyişdirməli oldular. Kimsə “hazırdır” deyə qışqırdı. Sən demə, maşın yerində deyilmiş. Mən də sonuncu dubl olduğuna görə daha həvəslə tullandım, bu əsnada maşının orda olmadığını gördüm. Atlasın üzərinə düşdüm. Sol ayağımı biləyindən əzdim. Bir müddət məşq edə bilmədim. Kaskadyor mütəmadi olaraq idman hərəkətləri ilə məşğul olmalıdır. İki-üç çox vacib hərəkətlər var. Onları tez-tez etmək lazımdır ki, bədən öyrəşsin. Əks təqdirdə kaskadyor özünü zədələyə, əzələ yırtılmaları, sınmalar, çatlamalarla üzləşə bilər.

- Belə çətin işin müqabilində verilən məvacibdən şikayətiniz yoxdur ki?

- Bizdə hər səhnənin fərqli qiymətləri olur. Çünki hər səhnənin riski və əziyyəti eyni deyil. Risk, təhlükə çoxaldıqca qiymət də artır. Kaskadyorluqda belə bir qayda var: çox təhlükəli səhnələr maksimum 2 dubla başa çatdırılmalıdır. Əgər 2 dubl kaskadyorun səhvi olmadan alınmırsa, filmi çəkənlər növbəti dubllar üçün əlavə pul ödəməlidirlər. Əgər kaskadyorun səhvi varsa, növbəti dubl pulsuz çəkilməlidir. Adətən, kaskadyorlarda səhv olmur. Amma onu da deyim ki, Türkiyədə seriallarda işləmək çox çətindir. Balaca uşaqlar kimi gecəmizlə-gündüzümüz qarışır.

- Yeri gəlmişkən, “Kurtlar Vadisi -Pusu”nun finalı nə vaxt olacaq?

- Hər il serialın finalı barədə müxtəlif xəbər agentlikləri çeşidli şayiələr yayırlar. Bu il filmin başa çatacağı barədə də şayiələr var. Biz buna hələ ki, şayiə kimi baxırıq. Çünki bizə bu haqda dəqiq məlumat çatmayıb. Belə bir qərar verilsə, bizim də xəbərimiz olar.

- Türkiyədə hansı aktyor həm də özü serial və filmlərdə kaskadyorluq edir? Belələri varmı?

- Xeyr, mənim bildiyim qədər Türkiyədə belə bir aktyor yoxdur. Hamısı ehtiyac olanda kaskadyordan istifadə edir.

- Hamıya məlumdur ki, Türkiyədə azərbaycanlı aktyorlara nədənsə, biganə münasibət göstərilir. Siz bununla razısınızmı?

- Tam razı deyiləm. Biganəliyin səbəbi aktyorun yalnız “azərbaycanlı” olması deyil. Bu biganəliyi başqa dövlətlərin vətəndaşlarına, eləcə də yerli aktyorlara etdiklərinin də şahidi olmuşuq. Burada bir az işlər başqa cürdür. Tez irəli gedə bilməyin üçün ya tale quşu başına qonmalıdır ki, lotoreyadan milyonlar əldə edəsən, ya da yaxşı tanıdıqların olmalıdır ki, səni hamıdan qabağa çəksin. Amma bu hallar bizi həvəsdən salmır. Çünki bizim qarşıda hədəflərimiz var və bu yolda inamla addımlamağa davam etməyə çalışırıq.

- Bildiyimiz qədər Hollivud filmində də çəkilmisiniz. Hansı filmdir, kiminlə tərəf-müqabili olmusunuz?

- Bu “Taken-2” filmi olub. Filmin çəkilişləri ötən il baş tutdu, bu ilin oktyabr ayında isə təqdim olundu. Filmdə mafiya adamını canlandırırdım. Liam Nilson, Maqqi Qreys, Famke Censon kimi aktyor və aktrisalarla tərəf müqabili oldum. Hətta Liam Nilsonla əlbəyaxa döyüş səhnəmiz də var.

- Gələcək planlarınız necədi?

- Bu yaxınlarda yeni bir xarici filmdən təklif almışıq. Bir neçə gün sonra onun çəkilişlərinə başlayacağıq. Filmdə baş rol aktyorunun yerinə bütün təhlükəli səhnələri mən canlandıracam deyə öhdəmə çox iş düşəcək. Yenə çətin aylar bizi gözləyir.

teleqraf.com


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi