“Bu dəfə təşəbbüs hakimiyyət tərəfindən gəlib”

bu-defe-tesebbus-hakimiyyet-terefinden-gelib
Oxunma sayı: 643

Bunu Teleqraf.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ATƏT-in müxalifət və iqtidar təmsilçiləri arasında dialoq yaratmaq təşəbbüsünə münasibət bildirərkən deyib. O qeyd edib ki, müxtəlif məsələlərin müzakirəsilə bağlı iqtidarla müxalifət nümayəndələrinin bir masa arxasında oturmasının zəruriliyi təklifi iqtidardan gəlməkdənsə, həmişə müxalif düşərgədən gəlib: «Şübhəsiz, belə təmasların təşəbbüskarı və təminatçısı hakimiyyət ola bilər. Mənə elə gəlir ki, bu dəfə təşəbbüs hakimiyyət tərəfindən gəlib. Əgər bu təşəbbüs ciddi iradəyə söykənirsə və prosesin gedişində həqiqətən hansısa kompramis nəticələrin əldə olunmasına cəhd olunacaqsa, bu, ümumilikdə Azərbaycanda siyasi münasibətləri lazım olan istiqamətə yönləndə bilər. Əgər ilk mövzu ətrafında müzakirələr razılaşdırılıbsa, Azərbaycanın sosial, iqtisadi həyatının bütün tərəfləri dialoqun müzakirə predmeti ola bilər».

Hələlik ilk təşəbbüsün nəticələrini gözləməyin zəruri olduğunu vurğulayan Ə.Əliyev əlavə edib ki, ölkədə bütün sferalarda iqtidar-müxalifət yanaşmasında fərqliliklər var: «Fikrimcə, digər məsələlər kimi milli məsələlərdə də müzakirələrin aparılmasına ehtiyac var. Hesab etmirəm ki, Dağlıq Qarabağ və digər milli problemlərimizlə bağlı məsələlərdə ciddi fikir ayrılıqları hiss olunur. Yetər ki, ilk təşəbbüs uğurlu olsun və nəticələri görsənsin».