Bu dəfəki votsap həyəcanı... - “Koksaki”, yoxsa qorxulu virus?

Bu dəfəki votsap həyəcanı...
Oxunma sayı: 3509

Nərmin Dadaşova

Günlərin bir günü bir aylıq qızımı götürüb getdim  OMD  kimi tanıdığımız Elmi- Tədqiqat Pediatriya İnstitutuna. Məqsədim qidalanması, yuxusu, əsəbləri qaydasında olan balacamı kinolardakı kimi, sadəcə aylıq müayinədən keçirmək idi. Ümumiyyətlə, mən ana olmağı  canlı təcrübələrdən yox, xüsusi kitablardan və filmlərdən öyrəndiyim üçün  belə başımdan böyk işlərə girişirdim həmişə. Hər ayın tamamında boyunu, çəkisini ölçür, internetdən götürdüyüm təqvimlə tutuşdurur, bir balaca uyğunsuzluq olan kimi panikaya düşür, fövqəladə hal elan edirdim. İndi, dörd ildən sonra həmin uşaq mənə deyir ki, “Nərmin, sən məni başa düşmürsən”... 

Nə isə, uşağı geyindirib-keçindirib apardım OMD-yə. Qəbulda oturan xanım problemin nə olduğunu soruşdu. Dedim, “problem yoxdur, konsultasiyaya gəlmişik”. Düşdüm xəstəxananın canına, otaq-otaq, uzi-uzi, nervpatoloq-nervpatoloq, cərrah-cərrah, lor-lor gəzdik hər yanı, son mənzilimiz də Respublikanın baş pediatrının kabineti oldu. İlahi, sortbasort diaqnozlar qoydular mənim məsum balama. “Başı böyükdür, su yığılıb” dedi həkimin biri, “Timusu var, vaaay, D vitamini əskikliyi var, nırç-nırç, yazıq körpə beyindaxili təzyiqdən əziyyət çəkir, nəfəs yolunda problem var, ürəyi də nəsə yaxşı vurmur” deyib uşağı verdilər qucağıma ki,  “bu çoçuk olmamış”.  4-5 dənə də, uzun-uzun resept yazdılar ki, Allaha pənah, apar elə müalicəni, bəlkə düzələr. Kor peşman ağlaya-ağlaya xəstəxanadan çıxıb taksiyə oturdum. Almaniyada yaşayan, yaxın ailə dostumuz olan uşaq həkiminə  olan-keçəni yazıb, reseptlərin şəkillərin  göndərdim. Bircə kəlmə yazdı mənə: “Uşağı  həkimə göstər!  Uzman pediatrlardan birinə apar”  Qızımı götürüb yollandım,  klinikalardan birində çalışan, gənc və olduqca savadlı uzman doktorun yanına. 

Qəbuldakı xanım əvvəlcədən yazılmadığım üçün doktorla görüşə bilməyəcəyimi dedi. Təlaşla, əlimdəki kağızları göstərib “uşağın vəziyyəti pisdir,” dedim. Söz ağzımdan bitməmiş həkim bizi qəbul etdi. Hövsələ ilə məni dinləyib əlimdəki kağız-kuğuza baxdı, uşağı müayinə edib, kağız-kuğuzumu  alıban, tikə-parça etdi. “Gedə bilərsiz, xanım. Uşağınızın heç bir problemi yoxdur” dedi. Bəs dedilər, timus... “Timus” adlı xəstəlik yoxdur” , Bəs “Kəllədaxili təzyiq”, “O da yoxdur” , “Bəs dedilər başı böyükdür” deyəndə  bir mənə, bir yoldaşıma baxıb, “Kimə oxşasın istəyirdiz ki?” deyib gülümsədi.  Beləliklə, bu gənc həkim  mənim qızımı xilas etdi.  Özü də heç bir şey etmədən. 

  Neçə gündür ki, analar təşviş içərisindədir.  Bağçada, qonum-qonşuda tanıdığım 10 uşaqdan yeddisi  eyni simptomlarla, eyni narahatçılığı yaşayırlar. Bağçamızın valideynlərdən ibarət “vatsap” qrupunda əvvəl bir, sonra iki, sonra daha bir valideyn uşağında qızdırmanın, daha sonra əllərinin içində kiçik səpkilərin olduğunu, həkimlərin bunun hansısa virus olduğunu və sürətlə yayıldığını yazdı. Elə həmin gün güvəndiyim uzman pediatrlardan bir neçəsi də bununla bağlı sosial şəbəkələrdə paylaşım etdilər. Məlum oldu ki, bu “koksaki” adlanan virusdur, yolxucudur , 7-10 gün müddətində davam edir, ağızda, əllərdə və dizlərlə olan xırda səpkilərlə özünü biruzə verir. Bu gün isə el-aləmi başına götürmüş bu xəbəri araşdıran “Qafqazinfo”ya mənim bəla bəhrim olan Elmi- Tədqiqat Pediatriya İnstitutundan deyiblər ki, “Yalan söhbətdir. Belə bir xəstəlik, belə bir simptom olsa xəbərimiz olar.” Əziz Nəsib Quliyev, sizin ona görə xəbəriniz yoxdur ki, biz sizə müraciət etmirik, uşaqlarımızı sizə əmanət edə bilmirik.

Şair nə gözəl deyir,

“Sen gelsende ben yanından kaçarım,

Sorarasan niye diye, senin yüzünden!”

Əziz, “google analar”. Panikaya düşmədən   uşaqlarımıza bu periodu keçməyə kömək edək. Yuxarıda yazdığım əlamətlərdən hər-hansını övladınızda müşahidə etsəniz,  həkimə müraciət edin. Virus infeksiyalarının köklü müalicəsi olmadığı üçün simptomatik müalicə ilə kifayətlənin. Və ən əsası da, simptomlar tamamilə çəkilənə kimi uşaqlarınızın başqa uşaqlarla təmasda olmamasına diqqət yetirin ki, bu  kimi halların yayılmamasına kömək etmiş olasınız.

Sağlam olun.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi