“Bu fərmanla tikinti özbaşınalıqlarının qarşısı alınacaq”

bu-fermanla-tikinti-ozbasinaliqlarinin-qarsisi-alinacaq
Oxunma sayı: 2739

Mediada dəfələrlə Bakıda bəzi ərazilərdə müxtəlif işbazlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərdə, keçid meydançalarında qeyri-qanuni olaraq müxtəlif təyinatlı tikili və obyektlər inşa olunması ilə bağlı şikayətlər yayımlanıb. 

Ölkə vətəndaşlarının qanunsuz tikililərlə bağlı çoxsaylı şikayət və müraciətləri nəzərə alınaraq bir müddətdir ki,  paytaxtda qeyri-qanuni tikilmiş gediş-gəlişə mane olan bu kimi obyektlərin təmizlənməsi prosesinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin hasarları sökülərək əvəzində sakinlərin istirahəti üçün “Nümunəvi həyət”lər salınır.

Bundan başqa, dünən prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər. Bu da o deməkdir ki, artıq qeyri-qanuni, sakinlərin hərəkətinə mane olan və s. kimi obyektlərin tikintisinin qarşısı alınacaq.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov “Qafqazinfo”ya məsələylə bağlı şərh verərkən bildirib ki, fərmana əsasən artıq hər hansı bir tikinti zamanı komitənin rəy verməsi bu günə kimi yaşanmış qanunsuzluqların qarşısını alacaq:

“İcra orqanlarının son illərdə apardığı siyasət göz qarşısındadır və onun acı nəticələrini biz bu gün yaşayırıq. Bu kimi halların qarşısını almaq üçün ölkə prezidenti bu fərmanı imzalayıb. Yerli İcra orqanları tikintiyə icazə verməmişdən öncə normativ sənədlərin hamısı Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmalıdır. Təbii ki, komitə də rəy verməmişdən əvvəl bütün bu sənədlərin şəhərsalma baş planına və ya müfəssəl plana uyğunluğunu yoxlayacaq. Fikirləşirəm ki, bu da indiyə kimi gördüyümüz qanunsuzluqların qarşısının alınması üçün əhəmiyyətli dərəcədə kömək edəcək. 

Burada söhbət təkcə binalardan getmir. Yol da, körpü də, parklar da tikintiyə aiddir. İstənilən tikinti növünün rəyi alınmalıdır. Rəy verilən zaman baxılacaq ki, tikinti normalarına uyğundur, ya yox”. 

Günel Hacı