“Bu Forum multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır”

“Bu Forum multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır”
Oxunma sayı: 194

"Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin yerləşdiyi coğrafi məkan xalqlar, dövlətlər arasında birlik, həmrəylik körpüsünün formalaşmasında və möhkəmlənməsində stimulverici amil rolunu şərtləndirir. Bu günün reallıqlarına diqqət yetirdikdə bu mühüm məqam da özünü qabarıq şəkildə büruzə verir ki, bütün səylər təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib". 

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə VII Qlobal Bakı Forumu ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizin ənənəvi olaraq Qlobal Bakı Forumuna ev sahibliyi müxtəlif sivilizasiyaları, dinləri bir araya gətirməsindən qaynaqlanır. Forumlar üçün dövrün, zamanın tələbinə uyğun mövzuların seçilməsi, iştirakçıların say tərkibinin ildən-ilə artması və sair kimi mühüm məqamlar Azərbaycan təcrübəsinin önəmini, həmçinin ölkəmizə artan diqqət və marağı ortaya qoyur: «Belə ki, tədbirə 55 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin çoxşaxəliliyi Forum üçün seçilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda daha geniş müzakirələrin aparılmasına, bu günümüzün əsas tələbi olan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşılıb, bütün dövlətlərə eyni şəkildə tətbiq olunması tələbinə daha geniş aspektdən baxmağa geniş imkanlar açır. 

"VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır" deyən V.Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışına yönəldib: "Multikulturalizm Azərbaycanın dövlət siyasətidir" söyləyən cənab Prezidentimiz İlham Əliyev əsaslı şəkildə qeyd edib ki, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub." Dövlət başçısı Azərbaycanın nümunəsində bu mühüm məqamı da qeyd edib ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur".

V.Rəhimzadə onu da əlavə edib ki, VII Qlobal Bakı Forumunun mövzusu, həmçinin panel iclaslarda müzakirə olunacaq məsələlər bir daha bu ümumiləşdirməni aparmağa əsas verir ki, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylərin birləşdirilməsi əsas amildir: “Əsas olan budur ki, maraqlar ədalət prinsipini üstələməsin. Maraqlar öndə olanda ikili yanaşmalar daha çox nəzərə çarpır ki, bu da qarşıya qoyulan məqsədlərə çatmağa mənfi təsirini göstərir. Dövlətimizin siyasəti əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Atılan hər bir addımın mərkəzində təbii ki, insan amili dayanır. Gələcək nəsillərə əmin-amanlıq, yüksək rifah bəxş etmək üçün təhlükəsizliyin təminatı, sülhün, əmin-amanlığın qorunması əsas şərtdir. Bu isə öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını və vahid tətbiqi mexanizminin müəyyənləşdirilməsini günün əsas tələbinə çevirir. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bu əminliyi ifadə etmişdir ki, məhsuldar müzakirələr və tövsiyələr tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi