Bu gecə yanğın baş verib - “Azərenerji” xəbərdarlıq etdi

bu-gece-yangin-bas-verib
Oxunma sayı: 6949

Avqustun 4-də gecə saatlarında 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib.

“Azərenerji” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb. Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir.
Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub. Belə ki, avqust ayının 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerjisistemin normal iş fəaliyyətində ciddi problem yaradıb.

O cümlədən, iyul ayının 12-də 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda hava elektrik verilişi xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarıb. “Azərenerji” ASC-nin personalının operativ yanaşması ilə elektrik enerjisi təminatında problemin yaranmasına imkan verilməyib.

Əhalidən diqqətli davranmağı və bu məsələdə vətəndaş mövqeyi nümayiş etdirərək, ölkə üçün həyati vacib əhəmiyyət kəsb edən enerjisistemin infrastruktur obyektlərinin mühafizəsində yaxından iştirak etmələrini xahiş edirik.

Murad Əhməd