Bu gənc necə kor oldu? – Reportaj

bu-genc-nece-kor-oldu-reportaj
Oxunma sayı: 697

“60 manata oğlumun hansı dərdini həll edim?”

Ölkədə təxminən 36 mindən çox gözdən əlil vətəndaşımız var. Onların da dərdi-səri o qədərdi ki.. Deyəcəksiz ki, normal, fiziki sağlamlığı yerində olan insanların probleminə yeri gələndə yetən yoxdur, qaldı ki.. Hər halda gözdən əlil olmaq insanın yaxşını, pisini görməyindən edir, belələri başqasının gözü ilə dünyaya baxmağa möhtac qalır. Bütün hallarda dünya işığından məhrum insanlar birinci qrup əlillik dərəcəsindən daha vacib mərtəbədə diqqətə, qayğıya layiqdirlər. Onların çoxu başqalarına möhtac qalmadan yaşamğa, həyatdan yapışmağa çalışırlar. Yenə də işsizlik, məşğuliyyət qıtlığı… Nəticədə isə ev dustağına çevrilmiş canlar, psixoloji durumu gərgin olan insanlar…Onlar arasında elm adamı, güclü iradə sahiblləri az deyil. Bəs zəifləri neyləsin? Sizə həm gözdən əlil, həm də ayaqları tutulmuş bir gəncin dörd divara sığmayan arzuları, xəyallarından söhbət açmaq istərdim. Samid başına gələn bir çox bəlaya baxmayaraq, hələ də ümidlə yaşamağa çalışır.


Körpə tibb bacısının əlindən düşməsəydi…



Nəbiyev Samid 24 yaşlı azərbaycanlı gəncidir. Elə bir gənc ki, 10 ildən çoxdur ki, qaranlıq dünyasında təkbaşına qalıb. Üstəlik beş ildir, ayaqları təmamilə tutulub, işləmir. Onun vəziyyəti doğrudan da, bəzi nankor gənclər üçün əsl dərs ola bilər. Anasına daim möhtac olan Samid bəlkə də onun sayəsində həyatdadır. Fədakar ana Sədayə xanım oğlunun dünyaya gəldiyində normal uşaq olduğunu deyir. “Oğlumun problemi elə doğum evindən başlayıbmış. Doğulandan iki gün sonra doğum evinin tibb bacısının məsuliyyətsizliyi üzündən əldən düşüb. Bunu sonralar öyrəndik. Həmin gecə oğlum sabahadək yatmadı. Xatırlayıram, həkimlər də uşağın problemsiz olduğunu dedilər. Birdən-birə onun vəziyyətinin dəyişdiyini heç kəs bilmədi. Tibb bacısı da qorxusundan gizlətmişdi. Samid bir yaşına gəldi. Bu vaxta qədər ara-sıra günlərlə yatmazdı, narahat olardı. Əvvəl də apardığımız nevropatoloq da onun travma aldığını demişdi. Müalicələr etdirirdik. Kurs müalicələr kömək edirdi. Amma gözlərində çəplik vardı. O vaxt Göz İnstutundakı oftalmoloq Samidin göz dibində ciddi dəyişiklik olduğunu demişdi, oğlum üç yaşından eynək taxırdı. Getdikcə gözlərində işıq, aydınlıq azalırdı. Amma özünü idarə edirdi.


Zəlzələ onu işığa həsrət qoydu



Samid eynəklə birtəhər də olsa həyatını sürdürürdü. Bu müddətdə ailəsi də onun şəfa tapması üçün çalışırdı. Artıq 13 yaşına gəlsə də, yaşıdları kimi nə məktəb çantası vardı, nə də məktəbli paltarı, nə də onu məktəbdə gözləyən müəlliməsi. Onun məktəbdə təhsili üçün həvəsi, arzusu olsa belə, buna fiziki gücü yox idi. Mərkəzi sinir sistemi, baş beyni ilə əlaqədar problemi olduğu üçün ayaqları da tam işləmirdi. Anasının qolundan yapışaraq harasa gedirdi.

2000-ci ilin noyabrı… Yəqin xatırlayırsız? Bakıda baş vermiş ən güclü zəlzələni. Bu zəlzələdən sonra psixi cəhətdən zədə alan çox insan olmuşdu. Elə Samid də zəlzələnin hardasa qurbanına çevrildi. Özü o günü belə xatırlayır. “Zəlzələ axşam olduğundan biz də yatmağa hazırlaşırdıq. Həyət evində yaşayırdıq. Birdən hər yer silkələndi, biz zəlzələ barədə ancaq eşitmişdik, onun dəhşətli olduğunu bilirdik. Anam həyətə çıxdı, atama “zəlzələdi deyəsən, çölə qaçaq” dedi. Hamımız gecə paltarında həyətə çıxdıq. Həmin gecə çöldə gecələdik. Atam, anam səhərə yaxın bizi soyuq olduğundan içəri gətirməyə məcbur oldular. Yuxudan duranda anama “işıqlar yanmır ki” dedim. Anam “yanır” dedi. Mənim qorxudan gözlərim tutulmuşdu. Həkimlər də bunu təsdiqlədilər.”


“Həkimlər üzümə qarşı gözün açılmayacaq, ayağın düzəlməyəcək deyirlər”



Samid bu vaxta qədər bir çox məşhur, mütəxəsis həkimin qəbulunda olub. Onun yenidən işıqlı dünyaya qayıtmasına söz verən yoxdur. Əməliyyyatın belə uğursuz olacağını qabaqcadan deyənlər var. Sonuncu dəfə ötən il Mərkəzi Gömrük Xəstəxanasında çıxarılmış MRT(maqnit rezanans tomaqrafiya) müayinəsi də normal çıxsa belə, həkimər onun problemini tam bilmirlər. Azərsutikinti Xəstəxanası, bir neçə özəl xəstəxanalarda olub, dəqiq dərdini bilən yoxdur. Onu sıxan əsas məsələ budur.”Həkimlər üzümə qarşı məni öldürəcək sözlər deyirlər. “Ayaqların, gözlərindən ümidini kəs.” Axı onların da övladı var. Mənim az-çox qalan ümidimi də baltalayırlar. Belə də vicdansızlıq olar?”


“Anam qəzaya düşdü və mən “yarımçıq” qaldım”



Samid 2002-ci ildən Gözdən Əlillər Cəmiyyətinin üzvidir. O, anasının köməyi(anasının qolundan yapışaraq gəlib) ilə bir neçə il cəmiyyətin məktəbində təhsil alıb, daha sonra musiqi alətlərində çalmağı öyrənib. Amma 2009-cu ildə anasının qəzaya düşməsi onu yenidən ev həyatına qaytarıb. Sədayə xanım küçədə avtomobilin onu vurması nəticəsində aylarla yataqda qalıb. Başından ağır travma alan ana oğluna verdiyi dəstəyi kəsmək məcburiyyətində olub. Son vaxtlar özünə gələn ana oğlunun yenidən aktiv olmasını istəyir. “Oğlum mənim başıma gələnlərdən sonra çox fıkir çəkirdi. Çarəsiz qalmışdı. Elə ayaqları da bundan sonra tam tutuldu. Ona əlil arabası almalı olduq. İndi oğlumu orada boynubükük görməyə dayana bilmirəm.”


“Məni cəmiyyətə buraxmırlar, bəs dərdimi kimə deyim?”



Sədayə xanım 2010-cu ildə sağlamlığını qismən bərpa edəndən sonra musiqi məktəbinə gedib, xahiş edib ki, oğlunu oradan xaric etməsinlər. “Vəziyyətimi başa düşdülər, amma yenə də oğlumun əlil arabasında olduğuna inanmadılar. Hətta Gözdən Əlillər Cəmiyyətinə bir neçə dəfə getmişəm. Cəmiyyət sədri Səmiyar müəllimlə görüşmək istədiyimi demişəm, yanına buraxmayıblar. Axı dərdimi kimə deməliyəm? Oğlum arada həyatdan küsmüşdü, onu özünə gəlməsi üçün çox əlləşdim. Ona vədlərim var. Heyif ki, onları yerinə yetirə bilmirəm. Heç olmazsa, bir məşğuliyyəti olsaydı, ya müalicəsi üçün kömək olsaydı ürəyim açılardı. Oğlum nə uşaqlığını yaşadı, nə də gəncliyini. İndi gəncliyinin ən gözəl çağlarıdı, amma çürüyür, onun üzünü güldürə bilmirəm.” Birinci qrup əlil kimi 60 manat verirlər, bu pulla nə edim axı? Şikayət etdim, dedilər oğlunun iş stajı olsaydı, pulunun artırılması mümkün olardı. Axı heç vaxt işləməyən, uşaqlıqdan mənə möhtac olan kəsin necə əmək qabilliyyəti ila bilər? Yaxud mən özüm də travma aldığım və öğluma baxdığım üçün mənə də müavinət verilməlidir. Hanı bəs? Müraciət edib maraqlanmışam. Hərəsi bir söz deyir, bir sənəd tələb edir. İnsanların vicdanla, insafla işləməsini arzulayardım. Heç olmazsa özünüzü başqalarının yerinə qoyun.”


“Anamın üzünü görmək istəyərdim”



Gənc yaşında ikiqat əlillik yaşayan Samid şeir də yazır. Daha doğrusu, bu işdə də anası ona kömək edir. Hər ilhama gələndə anasını çağırır, anası da oğlunun dediklərini yazır. Hardasa yüzə yaxın şeiri var. Samid bu mənada həvəskar olduğunu deyir, onun əsil arzusu isə rəssam olub. O plastilindən maraqlı fiqurlar düzəldir. Gözü görməsə belə, ölçülərdə heç vaxt səhvə yol vermir. Bir də Samid bir gün gözü açılsa, ən çox anasının üzünü görməyi xəyal edir. Allahdan ümidini kəsməyən gəncin şeirlərinin çoxu anasına həsr olunub. Şeirlərdən seçmələr.

Bazara gedirsən hər şey baha
Qiymətlər çıxıb kəllə çarxa
Elə qiymət qoyublar ki, ət ilə yağa
Adam qalır baxa –baxa.

***
Qarabağ həsrətiylə yaşayıram mən
Qarabağı yuxumda görürəm hərdən.
Görəsən, Qarabaga gedə biləcəm?
Yoxsa, dərdindən burda öləcəm?

***
Pulsuz insanın olmur hörməti,
Puldur insanın qədir –qiyməti,
Puldur insanı eyləyir adam,
Puldur insanı həm gözdən salan.

***
Özünü mənə qurban eylədin
Sənin canına qurbanam, ana.
Mənim yolumda saçın ağartdın.
Ağaran saçına qurbanam ana.

Nə üzün güldü, nə sevinmədin,
Kədərdən başqa bir şey görmədin,
Sənə borcumu qaytara bilmədim
Məni bağışla, bağışla ana.

Raminə Eyvazqızı