Bu gənclər günlərdir ki, müzakirə olunur - Video

bu-gencler-gunlerdir-ki-muzakire-olunur
Oxunma sayı: 7772

Son günlərdə hamı bu gənclərin əl işlərindən danışır. Onların paytaxtın mərkəzi küçələrində çəkdiyi monumental sənət nümunələri sosial şəbəkələrdə böyük marağa səbəb olub.  

Xeyli müzakirə olunan bu işlərin müəllifləri gənc rəssam Vüsalə Ağarazıyeva və onun komanda yoldaşları Daşqın Bayramovla Ağayar Bayışovdur. Maraqlısı budur ki, gənc rəssamlar əl işlərindən ikisini bir il əvvəl təqdim etsələr də, onların yaradıcılığına maraq məhz son işdən sonra artıb. Vüsalə Ağarazıyeva buna səbəb kimi, son rəsmin paytaxtın mərkəzi küçələrindən biri olan Lev Tolstoy küçəsində çəkildiyini göstərir:

“Bir il bundan öncə komanda olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəsm təqdim etdik və tenderdə qalib gəldik. Mən və komanda yoldaşlarım iki divar üzərində öz əl işimizi çəkdik. Bu il isə bir tikinti şirkəti tərəfindən Lev Tolstoy küçəsində hazırda əl işimiz olan divarın layihəsi bizə təqdim olundu. Biz də öz ideyamızı təklif etdik və nəticədə belə bir rəsm ərsəyə gəldi. 

Hazırda iki layihəmiz var. Biri elə mərkəzi küçələrindən birində olacaq. Biri isə İçərişəhərdədir. O layihə artıq təsdiq olunub”.

Daşqın Bayramovun sözlərinə görə, istifadə olunan boya fasad üçün uyğun olmalıdır:

“Boyanın yağış, şaxta və istiyə davamlı olması vacibdir. Məsələn, bir il əvvəl İçərişəhərdə çəkdiyimiz əl işləri necə var, elə də qalıb. Hər hansı bir aşınma baş verməyib. İşi bitirmə müddətinin uzun və ya qısa olmasında hava öz sözünü deyir. Məsələn, ilk işimizi 5 gün müddətində tamamlamışıq. Ancaq “Lev Tolstoy”dakı işimiz gedən zaman hava yağışlı oldu. O da bizə istədiyimiz kimi rahat hərəkət etməyə imkan vermirdi. Əsasən yağışın dayanmağını gözləyirik, onda iş daha keyfiyyətli olur. Bu səbəbdən də bir aydan çox vaxt sərf etməli olduq”.

Əl işləri iki və daha yüksəkmərtəbəli binaların divarlarında çəkildiyi üçün təhlükəsizik tədbirləri tələb edir. V. Ağarazıyeva da deyir ki, bir-neçə dəfə yıxılmaq təhlükəsi olsa da, xoşbəxtlikdən hər hansı çətin vəziyyət yaranmayıb:

“Təhlükənin qarşısını almaq üçün kəndirlərdən istifadə edirik. Ancaq yenə də Daşqın işləyən zaman ondan narahat qalırıq. Həmişə çalışırıq onu qoruyaq. Çünki o rəsm çəkən zaman hər şeyi unudur, fikri tam işində olur. Bəzən elə olur ki, ayağının altına baxmır, rəng dağılır. Əsas da qorxuruq ki, yıxılar. Əslində maraqlı yanı da budur. Bir az təhlükə işimizə rəng qatır”. 

Daşqın Bayramov: “Layihə, eskiz Vüsalənin olur. Biz çalışırıq ona kömək edək. Məsələn, son işimizdə hündür yerləri onun boyamasına razı olmamışıq. İnsanların reaksiyaları birmənalı deyil. İşlədiyimiz zaman yoldan keçənlər onların adlarını yazmağımızı, ya da elə onların şəklini çəkməyimizi istəyirdilər. Məsləhətlər də verənlər olurdu ki, bunu belə etsək daha yaxşı olar. 

Hətta İçərişəhərdə işləyən zaman memarlığa uyğun olmadığını deyənlər olurdu. Çox bəyənənlər də az deyil. Maraqlısı budur ki, ilk işlərimiz bir il əvvəl olub və o zaman cəmi bir-iki səhifə bu barədə paylaşım etmişdi. Rəssam hər zaman öz işinə, əməyinə dəstək gözləyir. Bu dəfə reaksiya gözlənilməz və bir o qədər də xoş oldu”. 

Son olaraq layihə müəllifi bildirib ki, rəssam hər istədiyi divarda rəsm çəkməməlidir. Onun fikrincə, bütün divarların boyanması heç də yaxşı olmaz: “Ancaq lazımi yerlərdə rəsm əsərləri heç də pis qalmır. Layihələrimizi təqdim etmək üçün bizim kimi rəssamlara dəstək olunsa, gözəl işlər ərsəyə gətirə bilərik”. 

Günel Hacı

Fotolar+Video: Nuran Məmmədov