Saat 10.00-da IX sinif şagirdləri, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin
buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və
Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakıda 66,
Sumqayıtda 7, Abşeronda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində
32479, Sumqayıtda 4390, Abşeron rayonunda isə 2924 nəfər şagirdin imtahanda
iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri,
3353 nəzarətçi-müəllim ayrılıb.
Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin
buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və
Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakı şəhərində
66, Sumqayıtda 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı
şəhərində 23145, Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər
şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333
imtahan rəhbəri, 2488 nəzarətçi-müəllim ayrılıb.
Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir
rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən
şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta
ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727
nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verəcək.
Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan
dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və Riyaziyyat fənləri
üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı
təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi
yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə
yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt
ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar
kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv
cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək
müddətdə elan edilir.
İmtahanın nəticələri isə bütün respublikada buraxılış imtahanları bitdikdən
etibarən 10 günədək müddətdə elan edilir.
Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak
etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.