Bu gün son gündür…

bu-gun-son-gundur
Oxunma sayı: 671

Təhsil nazirinin imzaladığı əmrə əsasən "son zəng" tədbirləri sabah saat 10.00-dan 13.00-dək üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Artıq bir neçə gündür ki, məktəblərdə buraxılış gününə hazırlıq işləri gedir. Təhsil naziri "son zəng"lə bağlı imzaladığı əmrdə məktəb rəhbərlərinə göstəriş verib ki, tədbir məktəbdən kənara çıxmamalı, şagirdlərin küçə və parklarda kütləvi şəkildə toplanılmasına yol verilməməlidir.

Ölkəmizin ümumtəhsil məktəblərinin buraxılış siniflərini 2010-2011-ci tədris ilində 101 min 521 şagird bitirəcək. Onu da deyək ki, məktəbdə keçirilən tədbirdən sonra məzunların sevimli məkanı bulvar və parklar olur. Bulvarda müxtəlif oyunlar, yarış və əyləncələr keçirilir. Təhsil Nazirliyi isə şagirdlərin şəhərdə tədbir və ya kütləvi halda buraxılış günü qeyd etməsinin əleyhinədir. Bunun qarşısının alınması üçün valideyn komitələri, valideyn-müəllim assosiasiyaları bu işə cəlb olunub.

Artıq bir neçə ildir ki, bu işə nəzarət gücləndirilib. Bu gün də bulvar əməkdaşlarının işi az olmayacaq. Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov belə bir əmrdən xəbərdar olduqlarını, ictimaiyyətə açıq olan bulvara isə heç kimin girişini qadağan edə bilməyəcəklərini deyib. N. Məcidov həmçinin DBİ-nin həmin gün gücləndirilmiş iş rejimində çalışacağını deyib: “Bu məqsədlə Dənizkənarı Bulvar İdarəsinin 70 nəfərlik mühafizə xidməti eləcə də digər əməkdaşlar gün ərzində nəzarəti gücləndirəcəklər. O cümlədən şagirdlərin, məzunların kütləvi şəkildə hərəkət etməsinin, asayişin pozulmasının qarşısı alınacaq. Bundan başqa asayişin qorunması üçün bizim əməkdaşlar Səbail PPX ilə əməkdaşlıq edirlər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS-ə bildirdi ki, "son zəng"lə əlaqədar, gücləndirilmiş iş rejimi olmasa belə, DİN orqanları əməkdaşları ümumtəhsil məktəblərində, "son zəng" mərasimində iştirak edən vətəndaşların, o cümlədən şagird, müəllim və valideynlərin təhlükəsizliyinin təmin olunmasına cəlb ediləcək. Məktəb və digər təhsil müəsisələrinin ətrafında, bulvar ərazisində baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının alınması üçün polis əməkdaşları xidmətlərini daha nümunəvi və daha ayıq-sayıq şəkildə təmin edəcəklər.