Bu gündən pensiyalar artır

bu-gunden-pensiyalar-artir-
Oxunma sayı: 814

Azərbaycanda pensiya artımlarının əhaliyə çatdırılmasında texniki işlərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) hələ “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklərin qüvvəyə minməsindən öncə bu işlərə start verib, Fondun mərkəzləşmiş qaydada arxivləşdirilən pensiya sənədləri ilə avtomatlaşdırılmış məlumat bazasındakı göstəricilərin hər bir iş üzrə bir daha dəqiqləşdirilməsi prosesini təşkil edib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, bu, Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malik olmaqla 01.01.2010-cu ilədək təyin edilmiş 1 milyon 50 min pensiya işinin hər birinə yenidən baxılmasını tələb edir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verməkdədir.

Artıq paytaxt Bakının rayonları, Abşeron rayonu, Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb və hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi sürətlə həyata keçirilməkdədir. Prosesin hər bir pensiyaçı üzrə hansı tarixdə yekunlaşmasından asılı olmayaraq həmin şəxsin pensiyası 01 iyul tarixindən yenidən hesablanaraq ödəniləcək.

Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təxminən 40 faiz) artacaq. Artımların tətbiqi üçün bütün hüquqi prosedurlar həyata keçirilib. “Əmək pensiyaları haqqında” Qanuna və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır. Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaq. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq bağlanacaq. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması tədbirinin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək.

Nigar Məmmədli