“Bu hakimiyyətin acizliyinin və tükənməsinin göstəricisidir” – Bəyanat

bu-hakimiyyetin-acizliyinin-ve-tukenmesinin-gostericisidir-beyanat
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, İlham Əliyevin son əfv sərəncamı onu göstərdi ki, hakimiyyət siyasi qüvvələr arasında dialoq mühitinin yaranmasında maraqlı olmadığı kimi, siyasi proseslərə də heç bir müsbət çalar qatmaq fikrində deyil: “İlham Əliyev növbəti dəfə yarımçıq əfv sərəncamı imzalamaqla özü haqqında müsbət rəy yaratmaq cəhdi göstərib və eyni zamanda sübut edib ki, o hələ də insanların siyasi baxışlarına görə onlarla düşmənçilik edir. Bu, nəinki müasir, demokratik prinsiplərə, hətta ən ibtidai insani münasibətlər sisteminə də uyğun gəlmir. AXCP bir daha hakimiyyəti İlham Əliyevin timsalında qanunlara və konstitusiyaya, habelə ölkənin qoşulduğu beynəlxalq konvensiyalara əməl etməyə - vicdan məhbuslarını heç bir ayrıseçkiliyə yol vermədən azad etməyə çağırır”.
Bəyanatda daha sonra bildirilib ki, Azərbaycan hakimiyyəti öz müxaliflərinə qarşı tətbiq etdiyi repressiyaları artıq nihilist səviyyəyə qaldırıb və normal məntiqin imkanları xaricində böhtanlara, saxtakarlıqlara əl atıb. “AXCP fəalı Zeynal Bağırzadəyə qarşı absurd ittihamda bildirilib ki, guya onun Çernobl əlili olması barədə sənədləri saxtadır. AXCP fəalı dövlətə ziyan vurmaqda ittiham olunub. AXCP bəyan edib ki, 22 il öncə SSRİ-nin vaxtında baş vermiş fəlakətin qarşısını almaq üçün fədakarlıq etmiş şəxsə qarşı siyasi mövqeyinə görə bu cür davranış heç bir əxlaqi normaya sığımır və bu, dövlət strukturlarına başıaşağılıq gətirən bir durumdur. Partiya Bağırsoy qardaşlarına qarşı bundan öncə də baş vermiş təzyiq, həbs və təqibləri yada salaraq bildirib ki, Naxçıvanda yaradılmış totalitarizm laboratoriyasının tam gücü ilə işləməsinə mane olduqları üçün Azərbaycan rəhbərliyi bütün ağıla gələn və gəlməyən vasitələrlə Bağırsoy qardaşlarını sıradan çıxarmaq istəyir. Bu yola əl atmaq isə siyasi hakimiyyətin acizliyinin və tükənməsinin göstəricisidir”.